Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-57/2026 06.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə “giriş qadagandır” yol nişanının tələblərinin pozulması ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. X3 şikayətlə məhkəməyə müraciət edərək, 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xətam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək göstərdi ki, 26 yanvar 2026-cı il tarixdə **-ED-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobili idarə edərkən Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində “giriş qadagandır” yol nişanının tələbini pozmuşdur. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyətə cəlb olunmuşdur. O, ilk dəfə həmin ərazidə olduğunu bildirərək hərəkət zolağının sağ istiqamətində yerləşdirilmiş yol hərəkət nişanını orada park halında olan nisbətən iri qabaritli avtomobilin görüş dairəsini məhdudlaşdırdığı üçün görməmişdir, yolun sol tərəfində də hər hansı qadağanedici nişan olmadığından hərəkətə davam etmişdir. Bundan sonra “E-Polis” elektron xidmətlər portalı vasitəsi ilə bilmişdir ki, barəsində 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında elektron qərar vardır və həmin qərarla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Hesab edir ki, barəsində olan 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati xəta haqqında elektron qərar əsassızdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN-nin DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması, eləcə dəşikayətə dair öz mülahizə və vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “E-Polis” electron xidmətlər portalından çıxarışdan və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 26 yanvar 2026-cı il tarixdə, saat 10:22-də Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində **-ED-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobili idarə edərkən “giriş qadağandır” yol nişanının tələblərini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə saat 18:12-də 100 manat cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyərək, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda “giriş qadağandır” yol nişanının tələblərinin pozulması göstərilməklə X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında elektron qərarla X2 **-ED-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobili 26 yanvar 2026-cı il tarixdə, saat 10:22də Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 100 manat cərimə edilmişdir. Həmin qərardan şikayət edən X3 isə “giriş qadagandır” yol nişanının tələbini pozması barədə inzibati xətaya onun təqsiri olmadan yol verdiyini, hərəkət zamanı onun görüşünü məhdudlaşdıran halların olduğunu bildirmiş və təqsirli bilindiyi inzibati xətanın baş verməsini yaradan səbəbləri təsdiq edən elektron qurğu tərəfindən çəkilmiş fotoşəkilləri təqdim etmişdir. Həmin fotoşəkillərdən görünür ki, həqiqətən də, “giriş qadağandır” yol nişanının tam qarşısında nisbətən iri qabaritli avtomobil dayanmış və yol nişanını sürücünün görməsini tam məhdudlaşdırmışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məsuliyyətə cəlb olunmuş şəxsin məhkəməyə təqdim etdiyi dəlillər və sübutlar, inzibati xətanın onun təqsiri olmadan törədilməsini göstərir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin onun tərəfindən icra olunması və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, X3 tərəfindən inzibati xəta törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat cərimə olunması barədə 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2026-cı il tarixli, EQ 33493551 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xətam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-57/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-57/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver