Məhkəmə qərarları › İş №3(5-150)-63/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-63/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-63/2026 29.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokolu tərtib edən Saatlı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Bəylər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 29 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(055)-58/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etmədiyi üçün barəsində Saatlı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(055)-301/2024 saylı qərarı ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs tətbiq edilmiş, lakin tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(055)-58/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs avadanlıqların dəyəri olan 6380 manat pul, ödənilməmiş icarə haqqı məbləği olan 1150 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 111 manat 50 qəpik dövlət rüsumu və ekspertiza xidmətinin dəyəri olan 50 manat xidmət haqqı, cəmi 7530 manat pul və 111,05 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. Dəfələrlə həmin icra sənədinin icrası Şəxs tələb olunsa da, borclu Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından müxtəlif bəhanələrlə yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 2024-cü il tarixli 2(055)- 58/2024 icra sənədindən xəbəri vardır, icrasından qərəzli olaraq yayınmır. Belə ki halhazırda işləmir, buna görə də borcu tam şəkildə ödəmək qabiliyyətində deyil. Saatlı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(055)-301/2024 saylı qərarı ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Lakin maddi vəziyyətiylə əlaqədar hər ay təxminən 20 manat civarinda ödəniş etməyə imkanı çatır. Ödəniş edə bilməməsinin digər səbəbi də həmin icra sənədində qeyd edilən avadanlıqların təzəsini alıb tələbkara təhvil vermək istəməsi olmuşdur. Hazırda başqa şəxsə olan borcunu ödəyir, o bitəndən sonra bu işinin ödənişini artıracaq. Rəsmi iş yeri yoxdur, ailəlidir, kirayədə qalır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(055)-58/2024 saylı icra sənədi 21 iyun 2024-cü il tarixdə Saatlı rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanmışdır.Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs 03 iyul 2024-cü il tarixli izahatından görünür ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)-58/2024 saylı qətnaməsindən məlumatının olmamasını, həmin qətnaməni əldə edib şikayət verəcəyini qeyd etmiş, əks təqdirdə məsuliyyət daşıyacağı ona izah olunmuşdur. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli 8i-1948 nömrəli icra qeydinin icrası ilə bağlı borclu Şəxs əmlakına baxış keçirilmiş və heç bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan Saatlı RPŞ-nin 10 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində Saatlı RPŞ tərəfindən 8 oktyabr 2024-cü il tarixdə 700532 nömrəli axtarış işi açılmışdır. Saatlı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(055)-301/2024 saylı qərarından görünür ki, borclu Şəxs Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra sənədi üzrə 2000 manat borcunun, həmçinin Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(055)-58/2024 saylı icra sənədi üzrə 8141,5 manat borcunu və üzərinə düşən öhdəlikləri icra etmədiyindən AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 8 gün müddətinə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(055)-58/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Şəxs icra zamanı dəfələrlə borcunu ödəyəcəyini bildirmiş, inzibati xəta haqqında protokol tərtib edildiyi tarixədək icra sənədi üzrə cüzi miqdarda ödənişlər etmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(055)-301/2024 saylı qərarı ilə inzibati tənbeh olunduğu tarixdən 01 il müddət keçmədən yenidən barəsində inzibati protokol tərtib edildiyindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,48,114 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli bu gündən yəni 29 yanvar 2026-cı il tarixdən 16:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar