Məhkəmə qərarları › İş №3(5-150)-70/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-70/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-70/2026 02.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Cəbrayıl rayonu Şahvəlli kəndində qeydiyyatda olan və Saatlı rayonu Əlisoltanlı kəndində Fin qəsəbəsi ev 29-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 31 yanvar 2026-cı il tarixdə saat 11:50 radələrində Saatlı rayonu Əlisoltanlı kəndində nəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 31 yanvar 2026-cı il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 31 yanvar 2026-cı il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndində ünvansız nəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı RPŞ-nin əməkdaşları Saatlı rayon Polis Şöbəsinə raportla müraciət etmiş və onun tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 31 yanvar 2026-cı il tarixdə saat 11 radələrində Saatlı RPŞ-nin əməkdaşları onun yaşadığı Saatlı rayonu Saatlı rayonu Əlisoltanlı kəndindəki evinə gəlmişlər. X10 şikayəti əsasən izahatı alınması üçün Saatlı RPŞ-ə getmək təklif olunmuşdur. O, ilkin olaraq ucadan söyüşlər söyüb getmək istmədəyini bildirmişdir. Polis əməkdaşları onu sakitliyə dəvət etmişlər. O, isə onlara tabe olmamışdır. Buna görədə onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, 31 yanvar 2026-cı il tarixdə saat 11 radələrində Şəxs barəsində edilmiş şikayətlə əlaqədar Saatlı RPŞ-nin İTB-nin polis sahə nəfəri Ruslan Yolçiyevlə bilirkdə Sadiq Fətullayevin yaşadığı Saatlı rayonu Əlisoltanlı kəndindəki evinə getmişlər. Şəxs həmin vaxt küçədə qapılarının önündə dayanmışdır. Ona barəsində olan şikayətin məzmununu izah etmişlər. Həmin vaxt Oqtay ünvansız nəlayiq söyüşlər söydüyünü görmüşdür. Onlar da, onu nizam intizama dəvət etmişlər. Lakin Sadiq onlara məhəl qoymaraq hərəktlərini davam etdirmişdir. Ona görə də həmin şəxsi polis şöbəsinə gətirmişlər. Hadisə barədə raportla rəhbərliyə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin İTB-nin polis sahə nəfəri X3 digər şahid X1 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat təxminin 18 radələrində məşğələn çıxıb evə getmək istəyərkən atasının işi olduğundan taksi ilə getmək məcburiyyətində qalmışdır. Sonradan dının Orxan olduğunu bildiyi şəxsin taksi avtomobilinə əyləşmişdir. Yolda, Orxan ona tanış olmaq istədiyini, məndən telefon nömrəmi istədi. Mən buna etiraz etsəm də, o, hərəkətlərini davam etdi. Yol boyu Orxan onun narahat etmişdir. Evə çatdıqdan sonra olanları atasına bildirmişdir. Bundan sonra Saatlı RPŞ-nə gələrək Orxandan şikayət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 31 yanvar 2026-cı il tarixdə saat 11:50 radələrində Saatlı rayonu Əlisoltanlı kəndində ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 təyin ediləcək inzibati həbs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. İş materiallarında olan inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs 31 yanvar 2025-ci il tarixdə saat 13:00-da inzibati qayadada tutulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs təyin edilən inzibati qaydada həbs etmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən saat 13:00 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən saat 13:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar