Məhkəmə qərarları › İş №3(5-151)-123/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-123/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-123/2026 19.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2026-cı il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində YPX inspektorları ilə mübahisə edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 inzibati xəta haqqında tərtib etdiyi protokolun səbəbləri və əsası haqqında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixində idarə etdiyi “Mercedes Sprinter” markalı avtomobillə Qaragüney kəndində hərəkətdə olarkən həmin ərazidə xidmətdə olan YPX inspektorları avtomobilin dövlət qeydiyyat nişanının görünməz halda olmasını görüb ona “saxla” işarəsi vermiş, vətəndaş avtomobili saxladıqdan sonra ona etdiyi pozuntu izah edilmiş, sənədləri tələb edilmiş, o, polis əməkdaşları ilə kobud formada danışıqlara başlayaraq orada nalayiq ifadələr işlətmiş, ətrafa çox sayda maşınların və insanların yaxınlaşmasını görünə YPX inspektorları onların qanuni tələbinə tabesizlik edildiyi üçün əraziyə PPX əməkdaşlarını dəvət etmiş, oraya gəlmiş PPX əməkdaşları vətəndaşın şöbəyə gətirilməsini təmin etmişlər. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, bu gün idarə etdiyi avtomobillə hərəkətdə olarkən Qaragüney kəndi ərazisində 125 qeydiyyat nişanlı YPX avtomobili ilə üz-üzə gəlmiş, həmin xidməti avtomobil sayrışan işıqları yandırıb, geriyə onun arxasınca dönərək ona saxla işarəsi vermiş, o, avtomobilini sağa çəkib saxlamışdır. Həmin vaxt uzun müddət xəstə olduğu üçün ağız nahiyyəsi şarfla bağlı olmuş, üzü aydın görünsün deyə şarfı aşağı çəkmişdir. YPX əməkdaşının biri xidməti avtomobilindən düşün ona yaxılaşaraq sənədlərinin olubolmadığını soruşmuş, o, sənədlərinni olmasını bildirmişdir. Həmin əməkdaş ondan sənədlərini tələb etdikdə o, portala daxil olub yoxlamasını bildirmişdir. Həmin əməkdaş portalda yoxlama apardıqdan sonra ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o, qəbul etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı ona avtomobilnidən düşüb onda olan aparata üfüləməyini bildirmiş, o, etiraz etməyib aparatı üfüləmişdir. Aparata üfülədikdən sonra həmin polis əməkdaşı ondan 3-4 dəfə təkidlə “sonuncu dəfə nə vaxt spirtli içki qəbul edibsən?” deyə soruşmuş, o, hər dəfəsində heç vaxt spirtli içki qəbul etmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşı onun danışıq tonunu irad tutaraq niyə bu tonda danışmasını soruşmuş, o, onların soyunda ümumiyyətlə bu tonda danışıldığını, səs tonunu yüksəltmədiyini bildirmişdir. Bunun ardınca həmin polis əməkdaşı avtomobilin baqajını, oturacaqlarını yoxlamış, yoxladıqdan sonra isə xidməti avtomobillərinə əyləşməsini təklif etmiş, o, etiraz etmədən onların xidməti avtomobilinə əyləşmişdir. O, orada nalayiq ifadə işlətməmişdir. İstəyi odur ki, polisin sinəsində olan kamera görütüləri də açılıb baxılsın. Hazırda barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, iş materiallarında olan müvafiq raportla o, şöbə rəhbərliyinə müraciət etmişdir. Bu gün Qaragüney kəndi ərazisində xidmətdə olarkən “Mercedes Sprinter” markalı avtomobilin nömrəsinin palçıqlı olmasını görüb ona saxla işarəsi vermişlər. Sürücü avtomobili sağa çəkib saxladıqdan sonra o, xidməti avtomobildən düşüb sürücüyə yaxınlaşmış, özünü təqdim edib sənədlərini tələb etmişdir. Sürücü ağzında şərf olmaqla sərf şəkildə ona kompyuterlə sənədlərini yoxlamasını bildirmiş, o, sürücünün sənədləri barədə kompyuterlə yoxlama apardıqdan sonra ağzında şərf olmasına görə onda şübhə yaratdığı üçün sürücüdünə bir neçə dəfə spirtli içki qəbul edibetmədiyini soruşmuş, sürücü spirtli içki qəbul etmədiyini bildirdiyi üçün onu xidməti avtomobildə olan alkotester müayinəsinə dəvət etmiş, həmçinin ona nömrənin palçıqlı olmasının pozuntu olmasını bildirmişdir. Sürücü isə ona cavab olaraq uca tonla bezdirdiklərini, işləməyə qoymadıqlarını, gecədən yolda olduğunu, sərnişin daşıdığını bildirmiş, buna qarşılıq olaraq da o, sürücüyə gecədən yolda olmaqla yuxulu olduğunu, bu vəziyyətdə isə sərnişin daşımaqla sərnişinlərin də həyatını təhlükəyə atdığını bildirmiş, vətəndaş isə səs tonunu bir qədər də qaldıraraq əllərindən işləyə bilmədiyini bildirib avtomobilini göstərərək “bu maşının içini beləbelə edim, əl çəkin” deyə bildirmişdir. Bu zaman ətrafa insanlar yığılırdı, yoldan keçən avtomobillər isə səs-küyə görə saxlayıb nə baş verməsi ilə maraqlanırdılar. Onlar sürücünü intizama dəvət etsələr də, şəxs hərəkətlərini davam etdirdiyi üçün oraya PPX xidmətinin əməkdaşlarını dəvət etmişlər. Orada olan əməkdaşlardan onun sinəsində kamera olmuş, həmin zaman da kamera aktiv vəziyyətdə olmadığı üçün çəkiliş aparılmamışdır. Orada onlar tərəfindən ümumiyyətlə çəkiliş aparılmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsinə münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, şahidin dediklərinin hamısı həqiqətən deyildir. Belə ki, o, orada səs tonunu qaldırmamış, danışıq tərzi o, formada olmuşdur. Oraya da avtomobildə olan sərnişinlərdən biri yaxınlaşmaq istəmiş, o, uzaqlaşdırmış, yoldan keçən həmkəndlisi də maşını saxladıb onlara tərəf gələndə həmin şəxsə də uzaqlaşıb getməsini bildirmişdir. O, nalayiq ifadə də işlətməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, bu gün xidmət yoldaşları Hüseyn və Həmid ilə Qaragüney kəndi ərazisində “Mercedes Sprinter” markalı avtomobilin nömrəsinin palçıqlı olmasını görüb ona saxla işarəsi vermişlər. Xidmət yoldaşlarından Hüseyn avtomobildən düşüb sürücüyə yaxınlaşmış, sürücünün ağız nahiyyəsi şərflə balı olmuşdur. Hüseyn sənədlərini tələb etdikdə, sürücü kobud şəkildə kompyuterlərində yoxlamasını bildirmiş, sənədləri kompyuterlə yoxlanıldıqdan sonra tələblərinə əsasən şəxs şərfini bir qədər aşağı salmış, ondan spirtli içki qəbul edib etmədiyi soruşulmuş, sürücü isə səs tonunu qaldıraraq spirtli içki qəbul etmədiyini bildirmiş, ondan səs tonunu aşağı salması tələb edilsə də, o, eyni tonda danışığını davam etdirmiş, həmin zaman ətrafda olan insanlar da oraya doğru gəlməyə başlamış, yoldaşn keçən avtomobillər dayanmağa başlamış, onlar vətəndaşlardan kənara getmələrini tələb etmişlər. Bundan sonra avtomobilin yük və sərnişin yerin baxış keçirilmiş, vətəndaş isə həmin vaxt “bezdirmisiz, sizin əlinizdən işləyə bilmirik, bu maşının içini belə-belə edim, bəsdirin” deyə uca tonla nalayiq ifadələr işlətməyə başlamışdır. Sürücü sakitləşmədiyi üçün daha sonra yaxınlıqda olan post patrul naryadını çağırmışlar. Şahid qismində dindirilmiş Şahid1 ifadəsinə münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, şahidin dediklərinin əksəriyyəti uyğun gəlir, lakin o, orada bir kəlmə olsun nalayiq ifadə işlətməmişdir. Avtomobilində 13 sərnişin olmuşdur. Orada ciddi mübahisə baş verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs izahatının məzmununa münasibətdə isə məhkəmə hesab edir ki, şəxsin əməli məhkəmə iclasında dindirilmiş şahid ifadələri və özünün hadisələri qismən qəbul etməsi barədə bildirdikləri fonda təsdqini tapdığından onun izahatı özünü müdafiə xarakterli izahat kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və ailə vəziyyətini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini səciyyə edən halları, etdiyi əməlin cəmiyyətdə mənfi emosiya doğurmasını (hadisənin baş vermə yeri, hadisənin baş vermiş şəxslərin dairəsi, ətrafa insanların toplaşması və bu fonda hadisənin davam etmə mexanizmi) nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələri ilə təqsirli bilinsin və o, 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbs etmə müddətini əvvəli xx.xx.2026-cı il tarixdən, saat 12:50-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar