Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-188/2026 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Özbəkistan Respublikasının Cəlal-Kuduq rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Əhmədabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında 22 yanvar 2026-cı il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(056)-434/2023 saylı icra sənədinin tələbinə əsasən Şəxs və X2 mənəvi zərərin əvəzi olaraq hər birindən ayrı-ayrılıqda 1000 (min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu Şəxs icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(056)-434/2023 saylı icra sənədinin tələbinə əsasən Şəxs və X2 mənəvi zərərin əvəzi olaraq hər birindən ayrı-ayrılıqda 1000 (min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Borcluya icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildiriş çatdırılmasını müəyyən etmək mümkün olmadığı üçün onun barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, lakin həmin qərar icra edilməmiş, bundan sonra o, borclunun axtarılması barədə qərar qəbul etmiş, xx.xx.2026cı il tarixində borclu İcra şöbəsinə yaxınlaşmış, həmin gün hava soyuq olduğundan və qeyri-iş günü olduğundan o, icraata başlamaq haqqında qərarın surətini və tələbin könüllü icrası barədə bildirişi təqidm etdikdən sonra borclunun səhəri gün şöbəyə yaxınlaşmasını, gələrkən borc məbləğində ən azı 200-300 manat ödəniş gətirməsini bildirmiş, borclu bu gün şöbəyə yaxınlaşmış, lakin heç bir məbləğdə ödəniş etməmişdir. Tələbkar icra sənədinin icra edilməməsindən narazı qaldığı üçün o, borclunun barəsində müvafiq protokol tərtib etmişdir. Verilmiş suallara cavab olaraq Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, icraata başlamaq haqqında qərarın bu günə kimi borcluya çatdırılması barədə onda xəbərnamə yoxdur. Borclu ilk dəfədir ki, İcra şöbəsində olur. Tələbkar narazı olduğundan və borc məbləğindən ödəniş edilmədiyindən o, müvafiq protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, qətnamə barədə məlumatlı olmuş, ilk əvvəllərdə qətnamədən apellyasiya şikayəti vermiş, şikayətvermə müddəti ötürüldüyü üçün şikayəti geri qaytarılmış, bundan sonra həmin qətnaməyə görə onu kimsə narahat etmədiyi üçün öz şəxsi problemləri ilə məşğul olmağa başlamışdır. Axtarılması barədə sahə rəisi ona məlumat verən kimi o, dərhal İcra şöbəsinə yaxınlaşmışdır. Hazırda o, icra sənədini icra etməkdən imtina etmir. Özü yüksək dərəcədə şəkərli diabet xəstəliyindən, yoldaşı böyrək xəstəliyindən əziyyət çəkir. Oğlu həqiqi hərbi xidmətdədir. Himayəsində bir azyaşlı qızı vardır. Bu günə kimi axtarılmadığından hesab edir ki, heç bir inzibati xəta törətmədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(056)-434/2023 saylı icra sənədinin tələbinə əsasən Şəxs və X2 mənəvi zərərin əvəzi olaraq hər birindən ayrı-ayrılıqda 1000 (min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-251/2024 saylı qərarına əsasən, Sabirabad rayonunun Əhmədabad kəndində yaşayan borclu Şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2026-cı il tarixdə borclunun axtarılması barədə qərardan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(056)-434/2023 saylı icra sənədi üzrə borclu Şəxs yaşadığı yer müəyyən edilmədiyindən onun barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, borclu Şəxs icra şöbəsində olmamış, icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş ona rəsmi qaydada təqdim edilməmişdır. İcra məmuru da bu halı təsdiq etmiş, lakin ona tələbin könüllü icrası üçün qanunla müəyyən edilmiş müddət vermək əvəzinə, onun ödəniş etməməsini və tələbkarın narazılığını əsas götürərək əməlini icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirib onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra işindən o hal da aydın olur ki, icraata başlamaq haqqında qərar qəbul edilib tələbin könüllü surətdə 10 gün ərzində icra edilməsi barədə bildiriş borcluya ünvanlanmış olsa da, həmin sənədlərin borcluya təqdim edilməsi barədə hər hansı sübut mövcud deyildir. Bu halın özü də borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsinin əks göstəricisi kimi nəzərə alınmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-188/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-188/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver