Məhkəmə qərarları › İş №3(5-151)-201/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-201/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-201/2026 27.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sabirabad rayonunun Suqovuşan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunun Suqovuşan kəndində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs izahatında göstərdi ki, o, Sabirabad Rayonunun Suqovuşan kəndində yaşayır. xx.xx.2026-cı il tarixdə anasına dərman almaq üçün aptekə getmiş, aptekdə dərman baha olduğu üçün əsəbləşərək söyüş söymüşdür. Bu zaman onu ictimai qaydaya dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda o, özünü təqsirli bilir və əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini və ailə vəziyyətini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Çünki şəxsin törətmiş olduğu inzibati xətalar ictimai qaydanın mühafizə qaydalarının qorunmasına xidmət edən xətalardır ki, həmin xətaların törədilməsi birbaşa cəmiyyətin mənafeyi ilə bağlıdır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tutma haqqında protokola görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2026-cı il tarixdə, saat 23:00 radələrində tutulmuş, xx.xx.2026-cı il tarixdə, saat 23:00-da azad edilmişdir. Lakin göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il məhkəməyə gətirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutulduğu iki gün ona təyin edilmiş cəzadan çıxılmalı və inzibati qaydada həbs etmə müddətinin əvvəli bu gün yəni xx.xx.2026-cı il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. 22 yanvar 2026-ci il tarixdən 24 yanvar 2026-ci il tarixədək inzibati qaydada tutulduğu 2 (iki) gün ona təyin olunmuş inzibati həbsdən çıxılaraq üzərində qəti olaraq 6 (altı) gün inzibati həbs saxlanılsın. İnzibati həbsetmə müddətinin əvvəli 27 yanvar 2026-cı il tarixdən saat 15:00-dan hesablansın. Qərann icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar