Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-254/2026 16.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, X1, Səlahiyyətli orqan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X1 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmkəndlisi X6 ilə 29 dekabr 2025-ci il tarixdə bir az mübahisəsi olmuşdur. Eynulla ondan 3-4 km aralı olaraq hər dəfə gəlir ona şər böhtan atır ki, ora guya o peyin atır. Buna dair isə heç bir əsası yoxdur. Baxmayaraq ki, o ferma ərazisində yaşayır. Eynullanın isə orada oğlu yaşayır və orada bir çox şəxs heyvandarlıqla məşğuldur. Eynullanın oğlunun isə həmin ərazidə 20 baş inəyi və 100 baş qoyunu vardır. Bundan başqa 200 baş toyuq-cücəsi vardır. Bunların isə ekologiya dair heç bir ziyanı yoxdur. Kürəkənlərinin biri İİ Qarabağ müharibəsi qazisi və digəri isə 44 günlük müharibə iştirakçısıdır. Onlar isə heyvan-qara ilə bağlı məşğullluğa müraciət etdikdən sonra onlara heyvanlar vermişlər. Kürəkənlərinin həyətlərində imkan olmadığı üçün onun həyətinə heyvanlar gətirmişlər ki, çünki onun həyəti geniş olduğu üçün heyvanların həyətində qalması zərurəti yaranmışdır. Kürəkənləri də onunla birlikdə olur və o qazi ailəsinə baxır. Həmin heyvan qalıqlarını isə boş bələdiyyə torpağına tökür. Həmin sahədə isə ümumiyyətlə heç bir şey yoxdur. İndi yox, hardasa 1994-cü ildən həmin yerə heyvan qalıqlarını tökür. Bundan isə bələdiyyənin xəbəri var və ona bu günə kimi bununla bağlı hər hansı bir iradını bildirməmişdir. Eynulla İbayev isə dövlətli bir şəxs kimi onun malı sərvəti çoxdur. Belə ki, Eynulla İbayevin “Kamaz” markalı yük maşını var, rayon və Bakı şəhəri ərazisində evləri vardır. Kənddə belə evləri vardır. Həyətində cürbəcür minik maşınları vardır. Onun isə mal varlığı 1 milyon dəyərindədir. 30 hektarda torpağı var və həmin mülkləri və digər mal varlıqlarının haradan əldə etməsi müəyyən edilməmişdir. Həmin heyvan qalıqları tökdüyü yer isə tövləsinə yaxın yerdə yerləşir. Əvvəllər Eynulla da onun kimi ora heyvan qalıqları tökürdü və son vaxtlar isə həmin heyvan qalıqlarını həmin əraziyə tökmür. Belə ki, ekologiya əməkdaşları 29 dekabr 2025-ci il tarixdə onun iştirakı olmadan əraziyə baxış keçirmişlər və 12 yanvar 2026-cı il tarixdə isə ona Azərbaycan Rerspublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə 700 manat məbləğində cərimə etmişlər. Bundan narazı olduğu üçün Ekologiyanın qaynar xəttinə zəng vuraraq bu barədə məlumat almışdır. Lakin aldığı məlumat əsasında ekologiyanın əməkdaşı Əlağa Mehdiyevin ərazisi olmaya-olmaya gəlib burada müvafiq baxışlar keçirmiş və onu əsassız yerə cərimə etdirmişdir. Bu isə absud qərardır və necə ola bilər ki, vəzifə səlahiyyətlərindən istifadə edərək hüquqlarını tapdalasın. Həmin vaxtı isə oraya heyvan qalıqları atmamış və buna dair heç bir sübutu da yoxdur. Çünki, həmin vaxtı kənddə olmamışdır. Oraya atılan heyvan qalıqlarının isə kim tərəfindən tökülməsindən xəbəri yoxdur. Hətta üzləşdirmə zamanı gedib idarədə olan zaman ona məxsus olmamasını da bildirmişdir. Əlağa isə onu aldatdı ki, burada heç bir şey yoxdur və yüngül tənbehlə yol verəcəyik. Sonra isə onu beləcə aldadaraq sarı rəngli kağızlara imza etdirirək törətmədiyi inzibati xətaya görə əsassız yerə cərimə növündə məsuliyyətə cəlb edilmişdir. Hüquqi savadı olmadığından Əlağaya inanmışdır. Əvvəlcədən orada olmamış və Əlağa onun yaşadığı evə gedərək onun telefon nömrəsini alıb zəng edərək həmin yerə çağırdırmışdır. Onun dediyi yerə tez-tələsik gəlib çatmış və həmin vaxtı əlində evə aldığı azuqə var idi. Evə dəvət etmiş və Əlağa gəlib əyləşdi və onunla söhbətləşdi və söhbət zamanı o bildirdi ki, heyvanlar ona məxsus deyil və həmin heyvanların yiyəsi onun kürəkənləridir. Əlağaya təklif etdi ki, heyvanların sahiblərini çağıraq və onlarla danışıqlar aparsın. Əlağa isə bundan imtina etmiş və öz aralarında həll edəcəyinə söz vermişdir. Ona bəzi sənədlərə imza etdirdi və bəzi yazılı izahatlar aldı. Ona inanıb Əlağa dediyi kimi yazmışdır. Həmin heyvan qalığını qonşu şəxs oraya atmış və o isə oraya heyvan qalığı tökməmişdir. Əlağa isə yenə qanunsuzluğuna davam edərək xəbəri olmadan onun fotoşəklini çəkmişdir. Bundan isə ümumiyyətlə xəbəri olmamışdır. Fotoşəkil isə heyvan qalıqlarının ətrafında çəkilmişdir. Halbuki həmin qalıqlar ümumiyyətlə onun tərəfdən oraya atılmamışdır. Sonra isə gətirib onu evə qoyan zaman Əlağa ondan rüşvət istədi və o da bildirdi ki, qazi ailəsinə baxır və ümumiyyətlə imkanı yoxdur. Sonra isə Əlağa onunla sağollaşıb çıxıb getdi. Sonra isə onu idarəyə çağırdılar və o da 07 yanvar 2026-cı il tarixli çağırışa getmişdir. Orada ona saxta yolla hazırlanmış fotoşəkillər və bəzi əsassız dəlillər təqdim edərək inzibati xəta törətməyini bildirdilər və özlərinin 12 yanvar 2026-cı il tarixli qərarı ilə 700 manat cərimə etdilər. Buna baxmayaraq barəsində əsassız qərar qəbul edərək hüquqları açıq-aşkara pozulmuşdur. Ona görə də, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında X2 özünü AR İXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilməyərək tərəfindən verilmiş şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, mübahisələndirilən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdə olan görüntülər, akt və həmçinin şikayətçinin özünün izahatı ilə X4 AR İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayətin təmin edilməməsini, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş fotoşəkilləri tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X7 barəsində AR İXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sabirabad rayonu, Qaratəpə kənd sakini X7 həyətyanı təsərrüfatında formalaşan bərk tullantıları müəyyən olunmayan yerdə qalaqlayaraq antisanitar vəziyyət yaradaraq AR İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən və həmçinin X4 özü tərəfindən yazılmış izahatından da görünür ki, X7 həyətyanı təsərrüfatında formalaşan bərk tullantıları müəyyən olunmayan yerdə qalaqlayaraq antisanitar vəziyyət yaratmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Şikayətçinin Eynulla adlı şəxsin də həmin yerə heyvan qalıqları tökməsinə dair mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, hər bir şəxs öz törətdiyi inzibati xətaya görə məsuliyyət daşıyır və digər şəxslərin də pozuntu edib antisanitar vəziyyət yaratmaları X4 əməlinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X4 İXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(5-151)-254/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-254/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver