Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-29/2026 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Sabirabad RPŞ-nin DYPB-nin polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində tətbiq edilmiş cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində Sabirabad şəhəri, H.Həmidov küçəsində istifadəsində olan “Toyota Prius (Hibrid)” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən rayon yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat inzibati cərimə tətbiq edilmişdir. Yol patrul xidməti əməkdaşlarından onu hansı səbəbdən saxladıqlarını və cərimənin hansı əsaslarla tətbiq edildiyini soruşduqda, ona stop nişanının tələblərinə riayət etmədiyi bildirilmişdir. O, isə işıqforun yanında quraşdırılmış stop nişanının yol hərəkətinin təşkilinə görə öz hüquqi qüvvəsini (təsirini) itirdiyini bildirməsinə baxmayaraq, buna əhəmiyyət verməmiş və barəsində inzibati cərimə protokolu tərtib etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 4-cü hissəsinə əsasən, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət verən şəxs X3 bildirdi ki, o, göstərilən zaman işıqforun icazəverici işığını rəhbər tutub sağ istiqamətdə dönmə hərəkətini həyata keçirdikdən sonra YPX əməkdaşları onu saxlatdırmış, o, protokol tərtib etmiş polis əməkdaşından pozuntunun səbəbini soruşduqdan sonra ona qanunvericliyin tələbini xatırlatmış, lakin polis əməkdaşı onunla razılaşmayaraq, stop nişanının tələbini əsas götürməli olduğunu, stop işarəsindən 5 metr əvvəldən avtomobilinin hərəkətini dayandırmalı olduğunu bildirdi. Qanunvericiliyin tələbini xatırlatsa da, polis əməkdaşının onunla razılaşmadığını görüb protokol tərtib edilməsinə qarşılıq olaraq şikayət verəcəyini bildirmişdir. Hadisədən bir neçə gün sonra, yəni xx.xx.2025-ci il tarixində isə barəsində hazırda mübahisələndirdiyi qərar qəbul edilmişdir. Hazırda o, şikayətinin təmin edilməsini, əməlində xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati qərarından şikayət verilmiş Sabirabad RPŞ-nin DYPB məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlinməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə qərarında şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə – qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 4-cü hissəsinə əsasən, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayətçi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun şəkildə hərəkətini davam etdirdiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib edilməsi və həmin protokol əsasında isə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassız və qanunsuz olmuşdur. Belə ki, şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun şəkildə hərəkətini davam etdirdiyi üçün onun əməlində inzibati xəta tərkibinin olmasında söhbət gedə bilməz. Ona görə də şikayət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Sabirabad RPŞ-nin DYPB-nin polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-29/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-29/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver