Məhkəmə qərarları › İş №3(5-151)-30/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-30/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-30/2026 09.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2026-cı il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində ucadan nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 inzibati xəta haqqında tərtib etdiyi protokolun səbəbləri və əsası haqqında bildirdi ki, vətəndaş Şəxs süni intellektlə ölkə rəhbərinin çıxışı formasında hazırlanmış həqiqəti əks etdirməyən videonu vatsapp sosial şəbəkəsinin “status” bölməsində paylaşması barədə daxil olmuş məlumat əsasında xx.xx.2026-cı il tarixində polis əməkdaşları onun fəhlə işlədiyi Həşimxanlı kəndi ərazisində ona yaxınlaşaraq paylaşdığı videonun dövlətin qüdrətini gözü götürməyən qüvvələr tərəfindən hazırlanmasını bildirib onunla profilaktik söhbət aparılması üçün onu şöbəyə dəvət etmiş, vətəndaş videodakı sözlərin mahiyyətinə varmadığını, savadsız olduğunu bildirib polis əməkdaşları ilə şöbəyə getməkdən imtina etmiş, daha sonra onun statusu barədə məlumat vermiş şəxsin ünvanına insanların əhatəsində nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu ictimai qaydanı pozmamağa dəvət etsələr də o, hərəkətlərini davam etdirdiyi üçün onu şöbəyə gətirmişlər. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, qeyd edilən xətalarla özünü təqsirli bilir. Hər zaman o, ölkə rəhbəri, ulu öndər barəsində videoları paylaşır. Bu videonu da “Tik-tok” sosial şəbəkəsində görmüş, savadsız olduğundan mahiyyətinə varmadan statusuna yerləşdirmişdir. Bu barədə polis əməkdaşlarına da bildirmişdir. Polis əməkdaşları onu təkidlə şöbəyə dəvət etdikdə o, gərginlik keçirmiş və statusu barədə polis əməkdaşlarına məlumat vermiş şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Polislər ondan sakitləşməsini tələb etsələr də, o, keçirdiyi gərginlik səbəbindən bir qədər hərəkətini davam etdirmiş, bundan sonra polislər onu şöbəyə gətirmişlər. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, o, inzibati xəta törədir. Himayəsində 3 azyaşlı övladı vardır. Övladlarından biri serebral iflic xəstəsidir. Fəhləlik etməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Ölkə rəhbəri insanlarımız üçün kifayət qədər geniş imkanlar yaratmışdır. O, heç bir zaman qəsdən belə hərəkətə yol verməz. Göstərdiklərinə əsasən mhkəmədən barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini səciyyə edən halları, etdiyi əməlin cəmiyyətdə mənfi emosiya doğurmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tutma haqqında protokola görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2026-cı il tarixdə, saat 12:30 radələrində tutulmuş, xx.xx.2026-cı il tarixdə, saat 16:00-da azad edilmişdir. Lakin göründüyü kimi, o, azad edildikdən sonra polislərin nəzarəti altında məhkəməyə təqdim edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs etmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələri ilə təqsirli bilinsin və o, 11 (on bir) gün inzibati qaydada həbs edilsin. Şəxs həbs etmə müddətini əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar