Məhkəmə qərarları › İş №3(5-151)-4/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-4/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-4/2026 29.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Mil-Muğan şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Mil-Muğan şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin yerli bölməsi olan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Mil-Muğan şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. Belə ki, sabiq metodist vəzifəsində çalışan X6 Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən 2024-cü il dekabr ayının əvvəllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq iş yeri saxlanılmaqla əmək vəzifələrinin icrasında müvəqqəti olaraq azad edilmişdir. Qeyd edir ki, X6 ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə əsasən çalışmanın yaş həddinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Yuxarıda qeyd edildiyi kimi, əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitsə də, həmin şəxsin seçki prosesində iştirak etməsi ilə əlaqədar olaraq əmək münasibətlərinə xitam Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2025-ci il tarixində verilmişdir. Məlumat üçün bildirir ki, metodist vəzifəsi Nazirlik tərəfindən ləğv edilmiş və həmin vəzifədə çalışan digər şəxslər kimi X4 da müvafiq ay üzrə son haqq-hesabı ödənilmişdir. Bir daha qeyd edir ki, metodist vəzifəsinin ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 4.9.3-cü paraqrafı üzrə metodist vəzifələri üçün nəzərdə tutulmuş vəsaitin tükənməsi, eyni zamanda şəxsin 2025-ci ilin yanvar ayında seçki prosesində olması halları üst-üstə düşdüyündən, ləğv edilmiş vəzifə üzrə əmək haqqının həmin dövdə hesablanması mümkün olmamışdır. Bu səbəbdən əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabına dərhal ödənilməsi obyektiv olaraq mümkün olmamışdır. X1 xx.xx.2025-ci il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan Sabirabad rayon İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, həmin vəzifə üzrə bağalnmış müddətli əmək müqaviləsinə isə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi ilə) əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilməlidir. Həmin maddəyə dair qeyddə göstərilir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmə dedikdə əmək haqqının vaxtında hesablanmaması, maliyyə və mühasibat əməliyyatlarının işəgötürənin iradəsindən asılı olaraq gecikdirilməsi başa düşülür. Lakin işəgötürənin iradəsindən və imkanlarından asılı olmayan səbəblərdən əmək haqqının vaxtında ödənilməsinin mümkün olmadığı hallar bu anlayışa aid edilmir. Mövcud iş üzrə şəxsin seçki prosesində olması və eyni zamanda vəzifənin ləğv edilməsi hallarının üst-üstə düşməsi, habelə büdcə vəsaitinin olmaması işəgötürənin təqsirinin olmadığını sübut edir. Belə ki, əmək haqqı sonradan tam şəkildə ödənilmiş, əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun yekunlaşdırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin “d” bəndinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə daxildir. Beləliklə, həmin Məcəllənin 292.1-ci maddəsinin tələblərinə əsasən işçi bu Məəcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məlumat üçün bildirir ki, yuxarıda qeyd edilən proseslər sözügedən şəxsə izah edilmiş və hər hansı bir şikayətinin (yazılı və ya şifahi) olmadığı müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin şərhində Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, X10 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanın dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. İnzibati qərardan şikayət verən şəxs X5 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Mil-Muğan şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlinməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayətin dəlillərinə hüququi qiymət verilmədən öncə müvafiq qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət olunmaması əsası ilə müvafiq qərar ləğv edilməli, şikayətçinin dəlilləri əsasında yenidən araşdırılması və qərar qəbul olunmalı olacaqdırsa qanunveriliyin tələblərinə əməl edilməklkə qərar qəbul edilməsi üçün inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməli və bu xüsusda şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603- cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçünmüddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İş materiallarından və səlahiyyətli orqanın qərarından isə məlum olur ki, X3 barəsində müəyyən edilən inzibati cərimə şərti olaraq tətbiq edilməmiş, bununla da, inzibati xətalar haqqında qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulmuşdur. Beləliklə də, qeyd olunanları nəzərdən keçirən məhkəmə belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə düzgün yekun nəticəyə gəlinməli, bu zaman inizbati xətalar haqqında yuxarıda göstərilən qanunvericiliyin tələblərinə riayət edilməlidir. Odur ki, müvafiq qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticəsindən asılı olaraq qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Mil-Muğan şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Mil-Muğan şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar