Məhkəmə qərarları › İş №3(5-151)-477/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-477/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-477/2026 03.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Sabirabad rayonu Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, İİ Qarabağ müharibəsi iştirakçısı olan, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələri ilə 02 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 02 mart 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 01 mart 2026-cı il tarixdə Sabirabad rayonu Əhmədabad kəndində RPŞ-nin DYPB-nin YPX inspektoru ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdr. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdi ki, 01 mart 2026-cı il tarixdə Sabirabad rayonu Əhmədabad kəndində “Ford” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini əmisi oğlu Mikayıl İsmayılov idarə edərkən RPŞ-nin DYPB-nin YPX inspektorları avtomobili saxlatdırmışlar. O, qeyd olunan avtomobildə sərnişin kimi əyləşmişdir. “Ford” markalı avtomobili YPX inspektorları saxlatdırdıqdan sonra o avtomobildən yerə düşmüş və görmüşdür ki, yük daşımağa aid sənədləri olmadığı üçün əmisi oğluna protokol tərtib etmək istəyirlər. Bu səbəbdən də, o və əmisi oğlu YPX inspektorları ilə mübahisə etmişlər. Daha sonra əraziyə PPXB polis nəfərləri gəlmiş, onları RPŞ-yə aparmaq istəmişlər. Həmin vaxt PPXB-nin avtomobilinə minmək istəməmişdir. Etdiyi əməldən peşmandır. Torpaqlarımızın azadlığı uğrunda İİ Qarabağ müharibəsində iştirak etdiyini və müharibədə sağ qolundan yaralandığını nəzərə alıb ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Oruc Əsgərov göstərdi ki, 01 mart 2026-cı il tarixdə saat 00-15 radələrində Sabirabad rayonu Əhmədabad kəndində Sabirabad RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Sahil Kazımovla birlikdə xidmətdə olan zaman “Ford” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa işıq cihazı nasas olduğu üçün tərəflərindən ona saxla işarəsi vermişlər. Onlar avtomobili saxlatdırmışlar və məlum olmuşdur ki, sürücü Sabirabad rayonu Əhmədabad kənd sakini Mikayıl İsmayılovdur. Onlar sürücüdən yük daşımaq üçün sənədlərin olub-olmamasını soruşmuşlar. Sürücü qeyd olunan sənədlərin olmadığını bildirmişdir. Sürücünün barəsində protokol tərtib edən zaman sürücü və sərnişin Şəxs onlarla mübahisə etmiş və ünvansız nalayiq söyüşlər söymüşlər. Onları nizam-intizama dəvət etsələr də, Şəxs və Mikayıl İsmayılov onlara tabe olmamışlar. Daha sonra isə onlar PPXB-nin polis nəfərlərini köməyə çağırmışlar. PPXB-nin polis nəfərlərinin köməyi ilə Şəxs və Mikayıl İsmayılovu RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 02 mart 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 01 mart 2026-cı il tarixdə Sabirabad rayonu Əhmədabad kəndində RPŞ-nin DYPB-nin YPX inspektoru ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdr. “İnzibati qaydada tutma haqqında” 01 mart 2026-cı il tarixli, 592 ******* nömrəli protokoldan görünür ki, Şəxs 01 mart 2026-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuş və 02 mart 2026-cı il tarixdə saat 17:00-da azad edilmişdir. Şəxs Sabirabad Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün və şahidin izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanuni olmamasına cəlb edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 01 mart 2026-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuş, tutma protokolunda formal olaraq onun 02 mart 2026-cı il tarixdə saat 17:00-da azad olunması göstərilsə də, o, polis nəzarəti altında 03 mart 2026-cı il tarixdə, saat 11:00-dan sonrakı saatlarda məhkəmə qarşısına çıxarılmışdır ki, bu şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılaraq azadlıq hüququnun məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar