Məhkəmə qərarları › İş №3(5-151)-541/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-541/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-541/2026 10.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Sabirabad rayonunun Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Sabirabad şəhəri, Muğan prospekti, 16 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında 10 mart 2026-cı il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli 2(056)-3074/2025 saylı icra sənədinin tələbinə əsasən Şəxs 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 ödənilməlidir. Lakin borclu Şəxs icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli 2(056)-3074/2025 saylı icra sənədinin tələbinə əsasən Şəxs 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2026-cı il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin dərhal könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. xx.xx.2026-cı il tarixində tələbkar borclunun ödəniş etməkdən qsədən yayınması ilə bağlı İcra şöbəsinə müraciət etmiş, xx.xx.2026-cı il tarixində borclunun yaşadığı ünvanda olunmuş və məlum olmuşdur ki, boclu Salyan rayonunda stasionar olaraq psixoloji tibbi yardım alır. xx.xx.2025-ci il tarixində borcluya xəbərdarlıq məktubu ünvanlanmış, bu gün qardaşı tərəfindən İcra şöbəsinə gətirilmiş və o, izahatında pulu olmadığını, işləyəndə ödəniş edə biləcəyini göstərmiş, qardaşı isə ona pensiya düzəldilməsi ilə məşğul olduğunu, qardaşı Azərin ruhi xəstə olduğunu bildirib, bu barədə tibbi sənədləri ona təqdim etmişdir. Tələbkar şikayətçi olduğu üçün o, müvafiq protokolu tərtib etmişdir. Borcluya icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildiriş çatdırılmasını müəyyən etmək mümkün olmadığı üçün onun barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, lakin həmin qərar icra edilməmiş, bundan sonra o, borclunun axtarılması barədə qərar qəbul etmiş, xx.xx.2026-cı il tarixində borclu İcra şöbəsinə yaxınlaşmış, həmin gün hava soyuq olduğundan və qeyri-iş günü olduğundan o, icraata başlamaq haqqında qərarın surətini və tələbin könüllü icrası barədə bildirişi təqidm etdikdən sonra borclunun səhəri gün şöbəyə yaxınlaşmasını, gələrkən borc məbləğində ən azı 200-300 manat ödəniş gətirməsini bildirmiş, borclu bu gün şöbəyə yaxınlaşmış, lakin heç bir məbləğdə ödəniş etməmişdir. Tələbkar icra sənədinin icra edilməməsindən narazı qaldığı üçün o, borclunun barəsində müvafiq protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, özünü yaxşı hiss etmir. İşləmir deyə pulu olmur. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli 2(056)-3074/2025 saylı icra sənədinin tələbinə əsasən Şəxs 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 ödənilməlidir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, icra məmuru borclunun ünvanında olmuş, borclunun Salyan rayonunda stasionar olaraq psixoloji tibbi yardım almasını müəyyən etmişlər. Təqdimata həmçinin Şəxs sağlamlıq vəziyyəti barədə tibbi sənədlər əlavə edilmiş, həmçinni əlavə olaraq bəzi tibbi sənədlər də məhkəməyə təqdim edilmiş, məhkəmə həmin sənədləri tədqiq etmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, borclu Şəxs psixi cəhətdən sağlam vəziyyətdə deyildir və o, işləyib qazanc əldə etmək imkanında deyildir. Belə olan halda, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsindən və ya icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələbini yerinə yetirməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar