Məhkəmə qərarları › İş №3(5-151)-564/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-564/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-564/2026 18.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, X6 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nın 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ34162361 saylı inzibati tənbeh vermə haqqında Elektron Qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ34162361 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-97)-1108/2026 saylı qərardadı ilə X1 şikayəti baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 07:47:35 radələrində "xxxx" MMC-yə məxsus, idarə etrdiyi “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkət edərkən limit həddinin 32 000 kq olması nəzərdə tutulduğu halda guya çəkisinin 34140 kq olması göstərilməklə İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmiş və bu barədə Daxili İşlər Nazirliyinin Baş X9i İdarəsi tərəfindən xx.xx.2026cı il tarixli, EQ34162361 saylı elektron qərar qəbul edilmişdir. Hesab edir ki, göstərilən elektron qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, onun idarə etdiyi avtomobil "xxxx" MMC-yə məxsus olmaqla reysə çıxarkən avtomobilə yüklənən yanacağın növü, markası və çəkisinin müəyyən edilməsi sürücünün səlahiyyətlərinə aid deyildir. O, həmin avtomobili yalnız idarə edir və hər dəfə reysə çıxarkən Şirkətin “Avtobaza sürücüsünün vəzifə təlimatı”na uyğun olaraq dispetçerdən yol vərəqəsi alaraq Neftbazaya yollanır, Neftbazada yanacaq yükləndikdən sonra Avtobazaya qayıdıb yol vərəqəsini və qaiməni dispetçerə təqdim edir, müvafiq qeydlər aparıldıqdan sonra müəyyən edilmiş marşrut üzrə reysə çıxır və Şirkətin “Reysin yerinə yetirilməsi haqqında” Təlimatına uyğun olaraq yüklənmiş yanacağın təyinat məntəqəsinə çatdırılmasına və avtomobilin yük çənlərinin qapaqlarına vurulmuş plombların salamatlığına və toxunulmazlığına görə məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixində də o, yanacaqla yüklü vəziyyətdə avtomobilin tərəzidə çəkilməsini təsdiq edən qəbzdən görünür ki, avtomobilin ümumi çəkisi 31 480 kq olmuşdur. Həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şirkətə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-27-103/2-18793/2025 və 3-27-103/2-18792/2025 saylı məktublardan məlum olur ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, M-2 avtomobil yolunun 47.9 km hissəsində yerləşən elektron tərəzidə xx.xx.2025-ci və xx.xx.2025-ci tarixlərində texniki nasazlıq olmuşdur. Bu fakt elektron tərəzidə avqust və sentyabr aylarında texniki xəta mövcud olduğunu göstərir və inzibati xətanın baş verməsi ehtimalını istisna edir. Bundan əlavə, cərimə barədə məlumat daxil olduqdan dərhal sonra avtomobil digər elektron tərəzidə çəkilmiş və 31 480 kq nəticəsi qeydə alınmış, daha sonra avtomobil geri qaytarılaraq eyni tərəzidən yenidən keçirilmiş və hər hansı pozuntu qeydə alınmamışdır. Beləliklə, xx.xx.2025-ci il tarixlərində avtomobilin çəkisinin guya 34 140 kq olması barədə qeydlər faktiki vəziyyətə uyğun deyildir və aparılmış təkrar ölçmələr bu məlumatları təkzib edir. X6 və Azərbaycan Respublikası DİN-in BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə X1 və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ34162361 saylı qərarından görünür ki, X6 tərəfindən xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli Elektron qəbzin surətindən görünür ki, avtomobilin çəkisi 31480 kq təşkil edir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X4 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı, “MAN" markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtoneqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti yerinə yetirilərkən 27 avqust 2025-ci il tarixində M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu km-də (Qazax istiqaməti, Qaradağ) yerləşən elektron tərəzinin texniki xətası səbəbindən ötürülən məlumatlar nəticəsində real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı məlum olmuşdur. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 34162361 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barəsində inzibati orqan tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 34162361 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qərarın qəbul edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcud olmamış, nəticədə barəsində icraat aparılan şəxsin hüquq və qanuni mənafeləri pozulmuşdur. Belə ki, iş materiallarında olan sübutlar, o cümlədən təqdim edilmiş elektron qəbzlərdən görünür ki, sözügedən nəqliyyat vasitəsi elektron tərəzidə çəkilmiş və çəkilmə nəticəsində avtomobilin ümumi çəkisinin 31 480 kq olduğu müəyyən edilmişdir. Halbuki, inzibati orqan tərəfindən qəbul edilmiş qərarlarda nəqliyyat vasitəsinin çəkisinin 34 000 kqdan artıq olduğu göstərilmişdir. Bu isə təqdim edilmiş sübutlarla ziddiyyət təşkil edir və inzibati orqanın gəldiyi nəticələrin düzgünlüyünə şübhə yaradır. Bundan başqa Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan da müəyyən edilir ki, aparılmış araşdırma zamanı “MAN” markalı, **- JZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti həyata keçirilərkən 27 avqust 2025-ci il tarixində M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu kilometrində (Qazax istiqaməti, Qaradağ rayonu ərazisi) yerləşən elektron tərəzidə texniki nasazlıq olmuşdur. Həmin texniki nasazlıq nəticəsində tərəzi tərəfindən ötürülən məlumatların düzgün olmaması səbəbindən real vaxt rejimində avtomatik qaydada inzibati tənbeh vermə haqqında elektron qərarların fqəbul edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, elektron tərəzidə mövcud olmuş texniki nasazlıq nəticəsində əldə edilmiş məlumatlar etibarlı sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, iş materiallarının məcmu halında qiymətləndirilməsi göstərir ki, nəqliyyat vasitəsinin faktiki çəkisi barədə təqdim edilmiş elektron qəbzlər, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi məktubu inzibati orqan tərəfindən qəbul edilmiş qərarların əsassız olduğunu təsdiq edir. Bundan əlavə məhkəmə hesab edir ki, yanacağın göndərilməsi haqqında 4345 nömrəli, xx.xx.2025-ci il tarixli qaiməyə əsasən “Man TGS 41400 8*4 BB WW Yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə doldurulmalı olan Aİ-95 markalı yanacağın sıxlığı 0.737 təşkil etməklə 25320 litr yanacağın kütləsi 18661 kq təşkil etmişdir. Bununla da nəqliyyat vasitəsinin yüksüz çəkisinin 12965 kq olması və doldurulan yanacağın 18661 kq olması nəzərə alındıqda avtomobilin ümumi çəkisi 31626 kq təşkil etmişdir ki, həmin kütlə qanunvericilikdə müəyyən edilmiş 32000 kq. maksimal çəkidən az olmuşdur. Daha sonra, məhkəmə iclasında müəyyən olundu ki, X3 istinad edilən inzibati xətanın törədilməsi vaxtı xx.xx.2025-ci il tarix göstərilsə də, onun barəsində elektron qərar xx.xx.2026-ci il tarixdə, yəni 05 ay 24 gün sonra qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimin və xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq bra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; Həmin Məcəllənin 124.4.-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL" informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nın tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 353.5ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də X1 barəsində Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 34162361 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nın 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ34162361 saylı inzibati tənbeh vermə haqqında Elektron Qərar ləğv edilsin və inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar