Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-6/2026 05.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Yenikənd kəndində qeydiyyatda olan və deməsinə görə Xırdalan şəhəri, Zimistan Qurbanov küçəsi, 52 saylı evdə kirayənişin yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Mehdiyev X2 Rayon Məhkəməsinin 2(056)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibatixəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, borcludan ümumilikdə 2348,94 manat dəyərində qızıl-zinət əşyaları, əşyalar olmadıqda dəyərinin alınıb tələbkar X3 verilməlidir. Lakin bu günə kimi borclu nə qızıl-zinət əşyalarını, nə də onların dəyərini tələbkara vermişdir. Borclu hər dəfə işləmədiyini bəhanə edərək, bu icra sənədi üzrə ödəniş etməkdən yayınmışdır. Bundan başqa, onun icraatında hazırki borclu və tələbkar olmaqla aliment işi də vardır ki, həmin icra sənədi üzrə də borclu cəmi 340 manat ödəniş etmiş, 7000 manatdan çox aliment borcu yaranmışdır. Həmin icra sənədini də borclu bəhanələr gətirməklə icra etmədiyinə görə İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Hazırda tələbkar bu icra sənədinin də icra olunmamasından narazıdır. Dünən borclu ilə telefonla danışılarkən bu gün üçün 400 manat ödəniş edəcəyini bildirsə də, bu gün heç bir məbləğ ödəməmişdir. Borclu icra sənədini qərəzli icra etmədiyi üçün o, hazırki protokolu tərtib edib məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, uzun müddətdir ki, heç yerdə işləmirdi. Hazırda fərdi qaydada sürücü işi tapmışdır. İşləyib borcundan hissə-hissə ödəyəcəkdir. Tələb edilən qızıllardan nişan üzüyünü tələbkar özü aparmış, birini isə tələbkar itirmişdir. Hazırda yaranmış borcu ödəmək imkanında deyildir. Sabah iş yerindən pul alacaq və həmin pulu tələbkara ödəyəcəkdir. İş yerini itirməməsi üçün barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 bildirdi ki, borclunun bildirdikləri yalan və bəhanədir. O, məhkəmə qərarı qəbul edilərkən də nə aliment ödəməyəcəyini, nə də qızılları qaytarmayacağını bildirmişdir. Hazırda da o, icra sənədlərini icra etmir. Odur ki, o, borclunun həbs edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal və Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, yaranmış borc məbləğini nəzərə alaraq, həmçinin onun ailə və maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu borc məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Bu zaman məhkəmə onun izahatının məzmununu da nəzərə alır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini, həmin tənbehin həddinin qısa müddətə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, şəxsin uzun müddət inzibati qaydada həbs edilmiş olması onun uzun müddət öhdəliyini icra etmək imkanına da mane olacaqdır. Həmçinin o da qeyd edilməlidir ki, icra məmurunun izahatından görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 12:00-da tutulmuş, məhkəməyə təqdim edilənədək azad edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs həbs etmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixindən saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixindən, saat 12:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-6/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-6/2026
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver