Məhkəmə qərarları › İş №3(5-152)-49/2026

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-49/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-49/2026 29.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayon məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, C.Cabbarlı küçəsi 46-da yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən Şəxs haqqında Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Salyan rayon məhkəməsinin 2(057)-1260/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cəmi 1490 manat aliment borcunu tam qaydada (Zərərçəkmiş şəxs) ödəməkdən imtina etmişdir. Həmin faktla bağlı Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 18 dekabr 2018ci il tarixli 2(057)-2060/2018 saylı icra vərəqəsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Salyan rayon məhkəməsinin 2(057)-1260/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Salyan Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(057)- 2060/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, cavabdeh Şəxs qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Aliment cavabdehin əmək haqqına yönəldilmişdir. 2024-cü ilin dekabr ayında cavabdeh işdən çıxmışdır. Hazırki protokol tələbkarın istəyinə əsasən borclu işləmədiyi üçün Salyan Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(057)-2060/2018 saylı icra vərəqəsi üzrə təyin olunmuş aliment üzrə tərtib olunmuşdur. Protokol tərtib olunmazdan əvvəl borclunun 1690 manat borcu olmuş, həmin puldan 200 manat ödəniş etmiş, qalan 1490 manat ödənilməmiş qalmışdır. Borclu söz vermişdir ki, bu gün tələbkara 500 manat pul ödəyəcək. Odur ki, hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 1490 manat aliment borcunu tələb edir. Borclu hazırda aliment borcundan 500 manat ödəsə , ondan şikayətçi deyildir. Borclunun həbs olunmasını və ya cərimə edilməsini istəmir. Vaxtlı-vaxtında alimentin ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2026-cı ildə borclu hazırda aliment borcundan ona 500 manat ödəmişdir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2024-cü ilin dekabr ayınadək SOCAR-da işləmiş, sonradan işdən çıxmış, hazırda işləmir, maddi imkanı çox aşağıdır, bu səbəbdən də, aliment borcunu ödəyə bilməmişdir. Söz verir ki, hazırda tələbkara 500 manat pul ödəyəcək. Alimentin qalan hissəsini aybaay ödəməyə söz verir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 2(057)-1260/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Salyan Rayon Məhkəməsinin 18 dekabr 2018ci il tarixli, 2(057)-2060/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi; qətnamə qanuni qüvvəsini aldıqdan sonra Salyan Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(057)-2060/2018 saylı qətnaməsi ilə alimentin tutulmasına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarından və Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iş üzrə icraata başlanılmış; borcluya icranı könüllü təmin etməsi təklif olunmuş, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “tələbin borclunun əmək haqqısından məcburi tutulması barədə” təklifdən görünür ki, borclu Şəxs əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsinin tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs barəsində olan xx.xx.2026-cı il tarixli elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur, pensiya və ya sosial ödəniş almır, aylıq əmək haqqı yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100.1, 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olur, lakin, hazırkı halda, icra məmuru inzibati xəta haqqında protokolu artıq qüvvədən düşmüş (yəni alimentin miqdarı digər icra sənədi ilə dəyişdirilmişdir) Salyan Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(057)-2060/2018 saylı icra sənədinə əsasən tərtib etmişdir. Bundan başqa borclu protokol tərtib edilənə qədər 200 manat, protokol tərtib edildikdən sonra 500 manat məbləğində tələbkara ödəniş etmiş, həmçinin məhkəmə iclasında, eləcə də Salyan rayon İcra və Probasiya şöbəsində verdiyi izahatında alimenti hissə-hissə ödəməyə söz vermişdir. Zərərçəkmiş şəxs isə məhkəməyə verdiyi ərizəsində borclunun məhkəmə iclas günündə ona 500 manat ödədiyini təsdiq etmiş, borclunun alimenti ödədiyi halda ondan heç bir şikayətinin olmadığını göstərmişdir. İcra məmuru protokolu zərərçəkmiş şəxsin şikayəti və qüvvədən düşmüş icra vərəqəsi əsasında tərtib etmiş, protokola mötəbər sübutlar əlavə etməmiş, icra məmuru özü də məhkəmə iclasında verdiyi izahatında bu halları təsdiq etmişdir. Halbuki tərtib olunmuş protokol konkret olmaqla sübutlara söykənməli və qüvvədə olan icra vərəqəsinə əsasən tərtib edilməlidir. Bununla da, borclu Şəxs həmin icra sənədinin icrasından qəsdən yayınmamış, qərəzli olaraq boyun qaçırmamış, onun alimenti ödəməməsi icra məmuru tərəfindən tam araşdırılaraq sübuta yetirilməmiş, məhz protokol tərtib olunan günə onun mövcud icra vərəqəsinə əsasən nə qədər aliment borcunun olması müəyyənləşdirilməmişdir, qüvvədən düşmüş icra vərəqəsinə əsasən borc hesablanmışdır. Tələbkar şikayətçi deyil. Hazırda da borclu söz vermişdir ki, alimenti vaxtlı-vaxtında ödəyəcəkdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə öz təsdiqini tapmamış, əksinə təqdim olunmuş sənədlərlə və izahat vermiş şəxslərin izahatları ilə təkzib olunmuşdur. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar