Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-51/2026 30.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, X7 küçəsi, dalan 4, ev-1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 29 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 30 yanvar 2026-cı il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 2196870/28 nömrəli, 29 yanvar 2026-cı il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 15 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. İnzibati xəta haqqında MN seriyalı 2196871/27 nömrəli, 29 yanvar 2026-cı il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 15 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsində bilərəkdən qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 29 yanvar 2026-cı il tarixli, MN № 2196871/27 və MN № 2196870/28 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərmişdir ki, 29 yanvar 2026-cı il tarixdə Eldar Qasımovun raportu onun icraatına daxil olmuşdur. Həmçinin izahatının davamında bildirmişdir ki, Şəxs 29 yanvar 2026-cı il tarixdə saat 15:00 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsində özünə məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Salyan RPŞ-nin polis nəfəri Eldar Qasımovun nəqliyyat vasitəsinin qarşısının kəsərək ona iradını bildirmiş və daha sonra nalayiq küçə söyüşləri söymüş, Salyan PŞ-nin əməkdaşı Eldar Qasımov və Nurlan Əzizov barəsində icraat aparılan şəxs Şəxs intizama dəvət etmələrinə və ona polisin qanuni tələblərinə tabe olmağı izah etmələrinə baxmayaraq, Şəxs yol verdiyi qanunsuz hərəkətləri davam etdirmiş və polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq, nəqliyat vasitəsinə əyləşərək, oradan uzaqlaşmışdır. Daha sonra Salyan RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində saat 17:45-də saxlanılaraq şöbəyə gətirilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs hüquq və vəzifələri ona izah olunmaqla müvafiq izahatı alınmışdır. Qeyd olunanların nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədən tərtib etdiyi protokolları müdafiə edərək, barəsində icraat aparılan şəxs Şəxs barəsində maddənin sanskiyasında nəzərdə tutulan inzibati tənbeh növündə inzibati həbsin verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən ona ünvanlanan suala cavabında bildirmişdir ki, barəsində icraat aparılan şəxs Şəxs tərəfindən güman olunan inzibati xətanın törədildiyi yer olan - Salyan şəhəri, T.Xəlilbəyli küçəsində təhlükəsiz şəhər kameralarını inzibati xəta hadisəsi baş verən zaman həmin ərazini müşahidə etmədiyindən bu barədə hər hansı sübut təqdim olunması mümkünsüz olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 29 yanvar 2026-cı il tarixdə saat 15:00 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsində özünə məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən adı sonradan ona məlum olan Eldar Qasımovla ilk öncə nəqliyyat vasitəsinin pəncərəsindən sözlü mübahisə etmiş və ona nəqliyyat vasitəsinə yol verməməsinin səbəbi barədə irad bildirmişdir. Daha sonra Eldar Qasımovun tələbi ilə nəqliyyat vasitəsini saxlamış və Eldar Qasımov sözlü mübahisələrini davam etdirmişlər. Mübahisənin sonunda isə öz nəqliyyat vasitəsinə minərək, oradan uzaqlaşmışdır, lakin həmin gün saat 17-18 radələrində Salyan PŞ-nin əməkdaşları tərəfində saxlanılmış və şöbəyə aparılaraq, ona inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən ona ünvanlanan suallara cavab olaraq, bilıdirmişdir ki, Eldar Qasımovla mübahisənin yaranmasına səbəb həmin şəxs tərəfindən onun nəqliyyat vasitəsinə yol verməməsi olmuşdur. Eldar Qasımovla mübahisə edərkən, emosional və əsəbi olması səbəbindən ucadan daşınmasına baxmayaraq, şəxsin ünvanına hər hansı nalayiq ifadələr işlətməmişdir. Mübahisə zəminində hər iki tərəf ümumiyyətlə ucadan sözlü mübahisə etmişlər. Digər polis əməkdaşı olan və Əzizov Nurlanın həmin əraziyə gəlməsindən xəbərsiz olmuşdur. Belə ki, mübahisə etdikdən sonra o, özünə məxsus nəqliyyat vasitəsinə əyləşərək, oradan evi istiqamətində hərəkət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 izahatında göstərmişdir ki, 29 yanvar 2026-cı il tarixdə saat 15:00 radələrində nahar fasiləsindən qayıdan zaman Salyan şəhəri, T.Xəlilbəyli küçəsində özünə məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ondan yol verməsi üçün müvafiq işarələr verildiyini görmüş, lakin şəhər daxili təmir işləri getdiyindən və yolların nahamar olması səbəbindən ona dərhal yol verə bilməmişdir. Daha sonra isə yol şəraiti imkan verən kimi Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə yolvermişdir. Lakin Şəxs onun nəqliyyat vasitəsinin yanına yaxınlaşaraq, pəncərədən ona iradını bildirmişdir. Daha sonra onun idarə etdiyi nəqliyyat vasitəsinin önündə saxlayaraq, onunla mübahisə etmişdir. Mübahisə zamanı onun üvnanına nalayiq küçə söyüşləri işlətmişdir. Bu zaman Şəxs qanunauyğun davranışları sərgiləməyə dəvət etsə də, barəsində icraat aparılan şəxs buna məhəl qoymadan və onun qanuni tələbinə əməl etmədən özünə məxsus nəqliyyat vasitəsinə əyləşərək, oradan uzaqlaşmışdır. Şəxs ilə mübahisə zamanı Salyan RPŞ-nin əməkdaşı Nurlan Əzizovda səs-küyə həmin əraziyə yaxınlaşmış və onların mübahisəsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 izahatında göstərmişdir ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsində xidmət apararkən, ərazidə səs-küy eşitmiş və dərhal həmin əraziyə yaxınlaşmışdır. Həmin əraziyə yaxınlaşan zaman barəsində hazrda icraat aparılan şəxs Şəxs ilə Salyan RPŞ-nin əməkdaşı X3 arasında sözlü mübahisənin olduğunu görmüşdür. Lakin tərəflər arasında bir-birilə ilə mübahisə zamanı işlədilən ifadələri tam dəqiqliklə eşitməsə də, mübahisənin olmasını tam görmüşdür. Həmin mübahisə yerinə yaxınlaşan zaman isə Şəxs özünə məxsus nəqliyyat vasitəsinə əyləşərək, oradan uzaqlaşmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlər: İş materiallarında olan İnzibati qaydada tutma haqqında AZA seriyalı 027905 nömrəli, 29 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 011127 nömrəli, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir əşya aşkar edilməmişdir. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair iş materiallarına protokoldan başqa heç bir sübut əlavə edilməmişdir. İş üzrə məhkəmə iclasında iştiak edən şahid şahidlər şəxsin inzibati məsuliyyətə cəlb olunmasına əsas olacaq mötəbər dəlillər barədə məlumat verməmiş, inzibati iş üzrə şahid qismində dəvət olunmuş X5 isə izahatında yalnız tərəflər arasında olan mübahisənin mövcudluğunu qeyd etmiş, lakin mübahisənin təfərrüatı barədə isə mübahisənin olduğu yerə sonradan gəlməsi səbəbindən məlumatsız olduğunu bildirmiş, işin faktiki halları tam olaraq araşdırılmamış, heç bir kamera görüntüsü, audio yazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında sübutların təqdim edilməsi ilə bağlı təklif edilsə də, sübutlar məhkəmə iclasına təqdim edilməmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs həmin hissədə özünü təqsirli bilməmişdir. İş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları sübuta yetmir. Lakin onun barəsində tərtib edilmiş İXM-nin 510-cu maddəsi ilə əməlini izahatında etiraf etməsi, səs-küy salması sübuta yetirilir. İş üzrə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları, həmçinin onun AZA N: 027905 saylı tutulma Protokolu əsasında xx.xx.2026cı il tarixdən saat 17:45-dən tutulmasını nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın faktiki hallarını araşdırıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(5-152)-51/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-51/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver