Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-52/2026 30.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işsiz, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 6A, dalan 19 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 30 yanvar 2026-cı il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-194/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 8355 manat borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, öhdəsində olan borcunu ödəməkdən imtina etmir. Lakin hal-hazırda heç bir yerdə işləmir. Azyaşlı oğlu İ tip insulindən asılı şəkər xəstəsi olduğu üçün 250 manat sosial müavinət alır. İcra sənədi üzrə bu günədək aylıq minimum 250 manat ödəməklə 1010 manat ödəmişdir. Himayəsində iki azyaşlı uşağının olmasını, icra sənədini icra etməkdən qəsdən boyun qaçırmadığını qeyd edərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, pulunu birdəfəlik məbləğdə tələb edir. Borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borcun hissə-hissə ödənilməsinə etiraz edir. Odur ki, Şəxs barəsində hər hansı tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-194/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs borc qismində 9295 (doqquz min iki yüz doxsan beş) manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlər rüsumunun bir hissəsinin əvəzi qismində 70 (yetmiş) manat məbləğində pul vəsaiti alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-194/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-194/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi hal-hazırda işləmir. Başqa gəliri və qazancı yoxdur. Yalnız uşağın pensiyası ilə dolanırlar. İcra sənədi üzrə bu günədək imkanı olmadığı üçün ödəməmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi üzrə heç bir məbləğdə pul ödəməmişdir. Ödəmənin səbəbi imkanı olmaması, işləməməsi, uşağının xəstə olması və adına heç bir satılası əmlakının olmamasıdır. O icra sənədində göstərilmiş pulu bir dəfəyə və ya bir müddət ərzində ödəyə bilməyəcəkdir. O hər ay uşağına verilən xəstəlik pulundan 50 manat olmaqla ödəyə bilər. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-194/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2025-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, öhdəsində olan borcunu ödəməkdən imtina etmir. Lakin hal-hazırda heç bir yerdə işləmir. Buna baxmayaraq azyaşlı oğlunun İ tip insulindən asılı şəkər xəstəsi olduğu üçün əlillik sosial müavimətindən 250 manat alır və o puldan 50 manat hər ay ödəyə bilər. Bu gün Salyan rayon icra və probasiya şöbəsində öhdəsində olan borcun tam qaydada ödəmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub məhkəməyə veriləcəkdir. Öhdəsində olan borcunu qərəzli olaraq ödəməkdən boyun qaçırdığı halda cinayət məsuliyyəti barədə xəbərdar olundu. Salyan Rayon Məhkəməsinin 3(057)-967/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-330/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Bu gün Salyan rayon icra və probasiya şöbəsində öhdəsində olan borcun tam qaydada tələbkara ödənilməsi tələb olundu. Əks halda barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub məhkəməyə veriləcəkdir. Öhdəsində olan borcunu ödəməkdən imtina etmir. Göstərilən borcundan bu günə kimi hissə-hissə Zərərçəkmiş şəxs 500 manat ödəmişdir. Qalan məbləğin ödənilməsi tam tələb olundu. İstifadəsində olmasına baxmayaraq maşın onun deyil. Himayəsində 02 azyaşlı uşaq əlillikdən məhdud uşağı olduğu üçün yalnız hissə-hissə ödəyə bilir. Özü də işləmir. Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, borcunu Şəxs 9365 manat tutularaq ona verilməsi qərara alınmışdır. Bütöv şəkildə borcun ödənilməsini tələb edir. Hissə-hissə ödəməsinə razı deyil. Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. Bu barədə icra məmurunun bildirişini almışdır. İzahatlar vermişdir. Barəsində məhkəmənin 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi işsiz olduğu üçün tam qaydada ödəyə bilməmişdir. İcra sənədi üzrə bu günədək aylıq minimum 250 manat ödəməklə 1010 manat ödəmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, o, borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, şəxsin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, himayəsində on dörd yaşınadək uşağı olmasını və əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ona görə məqsədəmüvafiq deyil ki, İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından da göründüyü kimi, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 adlı on dörd yaşınadək uşağı olduğundan qanunvericiliyin tələbinə görə ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(5-152)-52/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-52/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver