Məhkəmə qərarları › İş №3(5-152)-78/2026

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-78/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-78/2026 05.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 02 azyaşlı uşağı olan, mühasib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 05 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 18 avqust 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 18 avqust 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsində göstərilən tələbləri icra etməmiş və icra məmurunun icra hərəkətlərinə dair tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi icraatına daxil olmuşdur. Və həmin icra sənədi ilə Şəxs 26320 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. Həmin qərardan apellyasiya qaydasında şikayət etmiş və xx.xx.2025-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Borclu Şəxs ümumi borc məbləğində 01 dəfə olmaqla, cəmi 100 manat miqdarında ödəniş etmişdir. Bu səbəbdən də, barəsində 528.1-1-ci maddəsi ilə tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh vermə qərarından sonrakı tarixdə 100 manat olmaqla, 01 dəfə ödəniş edə bilmişdir. Ödəniş edə bilməməsinə səbəb maddi vəziyyətində olan sıxıntılardır. Həmçinin bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin e-2(053)- 1686/2025 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə X8 ilə aralarında olan nikah pozulmuşdur. Onların birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X7 onun himayəsində qalması barədə X5 ilə aralarında Mediasiya prosesində Barışıq Sazişi bağlanmışdır və hazırda da həmin saziş qüvvədədir. Ödənişləri yerinə yetirməməsi onu qərəzi ucbatından deyil, sadəcə maddi vəziyyəti ilə bağlıdır. Qeyd etdiyi halları məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vəkili X9 bildirmişdir ki, şəxsin barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından verilmiş apllyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın qəbul edilməsindən qısa müddət keçməsinə baxmayaraq, icra məmuru tərəfindən şəxsin yenidən inzibati məsuliyyət cəlb olunması mütənasiblik təşkil etmir. Şəxs ödənişləri etməkdən qərəzli olaraq yayınmır sadəcə himayəsində olan uşaqlardan birinin sağlamlıq imkanlarının yaxşı olmaması və özünündə şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və himayəsində azyaşlı uşaqların olması səbəbindən işləyə bilməməsi kimi səbəblərdən işləmədiyi üçün maddi vəziyyətində çətinliklər mövcuddur. Bu səbəbdən şəxsin barəsəində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması səbəbindən xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla X3 inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş materiallar: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 26320 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. "İcraata başlamaq haqqında" xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin etməyi üçün ödəniş etməklə icra şöbəsinə gəlməyi tələb olunmuş, əks halda barəsində 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cl maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməyi üçün məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-992/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-586/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin 3(057)- 992/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-1686/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Şəxs arasında xx.xx.2011-ci il tarixdə Salyan rayonu, Kürqaraqaşlı Ərazi Nümayəndəliyində 37 nömrəli aktı qeydi ilə bağlanmış nikahın pozulması qərara alınmışdır. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, X8 ilə Şəxs Fəxrəddn qızı arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən tərəflər onların birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X7 Şəxs himayəsində saxlanılması barədə razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs icra sənədinin tam olaraq icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarının icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Həmçinin məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vəkili X2 Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından uzun olmayan müddət keçməmiş, icra məmuru tərəfindən şəxsin barəsində yenidən inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı qeyd etdiklərinə münasibət bildirməyi zəruri hesab edərək, qeyd edir ki, barəsində icraat aparılan şəxs Şəxs xx.xx.2025ci il tarixdən Salyan Rayon Məhkəməsinin müvafiq qərarından şikayəti apellyasiya qaydasında baxılan müddətdə və ondan sonrakı 03 ay ərzində mvüafiq icra sənədi üzrə yalnız bir dəfə 100 manat olmaqla, ödəniş etmişdir. Bu hal isə Salyan Rayon Məhkəməsinin müvafiq qərarına apaellyasiya qaydasında baxılarkən icra sənədi üzrə müəyyən hərəkətin edilməsinə yönəlik və inzibati məsuliyyətdən yayınma kimi qiymətləndirilir. Belə ki, barəsində icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarının qəbul edilməsindən sonra keçən müddət ərzində icra sənədi üzrə hərəkətsizlik nümayiş etdirmişdir. Həmçinin şəxsin icra etməli olduğu icra sənədi üzrə qanunvericiliklə nəzərəd tutulan hərəkətləri etməməsi, onun yenidən inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnəcəkdir. Qeyd olunan həmin normalarda isə şəxsin yenidən inzibati məsuliyyətə cəlb olunması hər hansı müddətlərin nəzərə alınması ilə məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İcra haqqında Qanununun: 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İcra məmurları haqqında Qanununun: 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 34-1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan, yəni xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X7olması onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməməsi ilə bağlı İXM-in 30.2-ci maddəsinin təsir dairəsinə düşür. İXM-nin 34-1-ci maddəsinə əsasən bu məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-in 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə-yetirməmiş və icra sənədini qərəzli olaraq heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə icra sənədlərinin tam olaraq icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar