Məhkəmə qərarları › İş №3(5-152)-9/2026

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-9/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-9/2026 14.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-də mühəndis işləyən, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə 65.000 manat Zərərçəkmiş şəxs1 MMC-yə və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə 30993,58 manat pulu Zərərçəkmiş şəxs2 ASC-yə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək, borclu barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, öhdəsində olan borcu, yəni Zərərçəkmiş şəxs1 MMCyə olan 65000 manat və Zərərçəkmiş şəxs2 ASC-yə olan 30993,58 manat pulu ödəməkdən imtina etmir. Lakin maddi imkanı olmadığı üçün borclarını ödəyə bilməmişdir. Borcunu yalnız hissə-hissə ödəyə biləcəyini qeyd edərək, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2ci maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəxs ibtidai həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 aprel 2013-cü il tarixdən hesablanmış, Şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə verilmiş mülki iddia qismən təmin edilmiş, Şəxs cinayət nəticəsində vurulmuş 65000 (altmış beş min) manat məbləğində ziyanın alınaraq zərərçəkmiş "Almaniya-İnvest” Almaniya-Azərbaycan Birgə MMC-yə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Şəxs Salyan rayon İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, bu gün Salyan rayon İcra və Probasiya şöbəsində öhdəsində olan 65000 manat ziyan pulunu təşkilata ödənilməsi ondan tələb olundu. Əks halda barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub məhkəməyə veriləcəkdir. Öhdəsində olan 65000 manatı ödəməkdən imtina etmir. Hazırda aliment və 2 bank krediti və yaşayış şəraiti ağır olduğu üçün ödəyə bilmir. Hissə-hissə ödəməyə söz vermişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-379/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər X2, Şəxs və X3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 27328,4 manat məbləğində əsas borc, 3482,75 manat məbləğində faiz borcu və 182,43 manat ödənilmiş dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 30993,58 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-379/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-379/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-189/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadın görünür ki, xx xxx 1986-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Şəxs Salyan rayon İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, bu gün Salyan rayon İcra və Probasiya şöbəsində borcun ödənilməsi ondan tələb olundu. Əks halda barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub məhkəməyə veriləcəkdir. Onun həm Accessbank "Almaniya- İnvest” MMC-yə, həm də Kapital Banka kredit borcları var. Öhdəsində olan borcları ödəməkdən imtina etmir. Lakin hissə-hissə ödəniş etmək istəyir və hissə-hissə ödəniş etməyinə köməklik göstərilərsə ödəyəcəyinə söz vermişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Əhədov X6 Kommersiya Məhkəməsinin e-2-2(121)-379/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Şəxs Salyan rayon İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2026-cı il tarixli izahatından görünür ki, bu gün Salyan rayon İcra və Probasiya şöbəsində barəsində olan məhkəmə qərarlarının icrasını təmin etmək ondan tələb olundu. Əks halda barəsində İXMnin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub məhkəməyə veriləcəkdir. Barəsində olan məhkəmə qərarlarını icra etməkdən imtina etmir. Lakin həmin tələbləri birdəfəlik icra edə bilmir. Buna səbəb maddi vəziyyətiylə bağlıdır. Amma özü Salyan Elektrik şəbəkəsində işləyir. Aldığı əmək haqqına görə hər ay 200 manat aliment ödəyir. Accessbanka borcu vardır. Göstərilən borclara görə o sözü gedən məhkəmə qərarlarını tam qaydada icra edə bilmir. Lakin hissə-hissə ödəməyə söz vermişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş daha yüngül, yəni inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar