Məhkəmə qərarları › İş №3(5-153)-201/2026

Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-201/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-201/2026 20.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2026-cı il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Samux rayonu İnstitut qəsəbəsində və Samux RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olmuş hərəkətlərə yol vermiş, həmçinin polisin qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Bununla da o, İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, protokolu Samux Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı polis leytenantı Səbuhi Həsənovun raportu əsasında tərtib etmişdir. Belə ki, X1 Samux rayon Polis şöbəsinə həyat yoldaşının onu döyməsi ilə bağlı daxil olmuş şikayətinə əsasən, polis əməkdaşları X1 yaşadığı ünvana getmişlər, Şəxs onun döyülməsi haqqında şikayətinin əsasız olduğunu bildirmiş və küçədə ona qarşı nalayiq ifadələr işlətmiş, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Həmin vaxt polis əməkdaşlarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs sərxoş olmasına əsaslı şübhələr yaranması səbəbiylə onu sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədiylə Gəncə şəhər Narkoloji dispanserində müayinə etdirilmiş, yoxlama nəticəsində şəxsin sərxoş olduğu müəyyən olunmuşdur. Şəxs spirtli içkinin təsirindən ayıldıqdan sonra izahatın alınması məqsədiylə Samux rayon Polis şöbəsinə gətirdikdən sonra Polis Şöbəsinin inzibati binasında yenidən həyat yoldaşının onun haqqında olan şikayətini əsassız olduğunu bildirərək yenidən uca səslə nalayiq ifadələr işlədərək inzibati binada iş rejimini pozmuşdur. Polis əməkdaşları Şəxs nizamintizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xətaların törədilməsində özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, o, həmin inzibati xətalara sərxoş və əsəbi olması səbəbiylə yol vermişdir. Hazırda əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcək. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun həyat yoldaşıdır. Belə ki, həyat yoldaşının onun döyməsi səbəbindən o Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişdir. Müraciəti əsasında evə gələn polis əməkdaşları Şəxs izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər, bu zaman o, küçədə onun ünvanına nalayiq ifadələr işlətmiş, səsküy salmışdır. Bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli “X4 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib olunmuş 857/2026 saylı, xx.xx.2026-cı il tarixli sərxoşluq halının müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcədə sərxoşluq müəyyən olunmuşdur. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir, onun sözügedən inzibati xətaları sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2026-cı il saat 02:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvvəqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar