Məhkəmə qərarları › İş №3(5-153)-220/2026

Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-220/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-220/2026 16.03.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Şəxs Məhdud Məsuliyyəli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, 00900- 00031/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Samux rayonu, Qarayeri ŞTQ ünvanında qeydiyyatda olan "Ata Agro” MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixli **********6021 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına göndərilmiş “pomidor” yükünün müqabilində ödənilməli olan 9100 ABŞ dolları vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar Samux rayonu, Qarayeri ŞTQ ünvanında qeydiyyatda olan "Ata Agro” MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına xx.xx.2025-ci il tarixli 1600-012/202 qeydiyyat nömrəli bildiriş göndərilməsinə baxmayaraq, hazırki günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Gəncə Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə xx.xx.2026-cı il tarixdə, 00900-00031/26 nömrəli inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ilə əlaqədar Şəxs MMC-nin direktoru X2 izahatında ixrac edilmiş yüklərin müqabilində qayıtmalı olan valyuta vəsaitlərini vaxtında, yəni 180 gün ərzində qaytara bilməməklərinin səbəbini Rusiya Federasiyasında yerləşən "xxxx" MMC ödənişi vaxtında, yəni xx.xx.2025-ci il tarixdə etmiş, lakin ödənişi edərkən müqavilə nömrəsini ödəniş tapşırığında səhv qeyd etdiyindən müvəkkil bank hesablarına ödənişi təmin edə bilmədiyini, daha sonra yenidən həmin vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bank hesablarına göndərildiyini bildirmişdir. Beləliklə, Samux rayonu, Qarayeri ŞTQ ünvanında qeydiyyatda olan "xxxx" MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixli **********2698 nömrəli gömrük bəyannamələri üzrə ixrac olunan yüklərin müqabilində ödənilməli olan 9100 ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi təmin olunmamışdır. "Ata Agro” MMC-ti tərəfindən həmin tarixdə ixrac edilmiş yükə dair təsdiq olunmuş gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.7000 manatla ifadə edilmişdir və beləliklə, ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 15470 (on beş min dörd yüz yetmiş) manat hesablanmışdır. Nəticədə Şəxs MMC-ti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2026-cı il tarixli, 3-33-1600/012/000154 nömrəli raport, ixrac edilmiş yükə dair təsdiq olunmuş bəyannamələr ilə təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə ixrac olunmuş malın dəyəri 180 gün müddət ötmədən vaxtında ölkəyə gətirilmiş, lakin ödəmə sənədində texniki səhv olmuşdur. Ödəniş tapşırığında göstərilən kontrakt nömrəsi səhv yazıldığından həmin məbləğ ixrac əməliyyatında ödənilməmişdir. 2025-ci ilin fevral ayında bankda hesablarında olan ******* rubl texniki səhvə görə silinməyə yönəldilməmişdir. 2026-cı ilin fevral ayında digər banka daxil olmuş müvəkkil hesabına xarici şirkətin nöqsanı aradan qaldırıla bilinmədiyi üçün YGB üzrə ödəniş daxil olması bank tərəfindən bağlanılmışdır. Şəxs MMC-ti tərəfindən pulun dəyərinin ölkədəki hesaba qaytarılması üçün vaxtında tədbirlər görülsə də, ödəyən xarici şirkətin təqsirinə görə bank tərəfindən YGB üzrə ödənişin bağlanması prosesi bankda gecikmişdir. Hazırda Rusiya Federasiyasında sanksiyalarla bağlı pulu qaytarmaq çətindir və bu səbəbdən də onların təqsiri olmadan gecikdirmələr olmuşdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. (bank tərəfindən verilmiş məktubu məhkəməyə təqdim etmişdir) Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, 00900-00031/26 nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - **********6021 nömrəli gömrük bəyannaməsindən görünür ki, 33 altlıqda – 2500 karton qutu, cəmi 33 altlıq – 2500 yer, 9100 ABŞ dolları olan “Təzə pomidor” rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. Şəxs MMC-ti tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 9100 (doqquz min yüz) ABŞ dolları təşkil edir. - "xxxx" ASC-ti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, **********2698 və **********6021 nömrəli yük gömrük bəyannamələrinin xx.xx.2026-cı il tarixdə Gömrük Portalında qeydiyyatı aparılmaqla, tam bağlanılmışdır. - "xxxx" ASC-ti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, **********2698 nömrəli YGB xx.xx.2026-cı il tarixdə xx.xx.2025-ci il tarixli ******* rubl qarşılığı 12727,65 USD (MB kurs 0,021637/1,70) daxil olan vəsaitdən 6222,73 USD, xx.xx.2026-cı il tarixli ******* rubl qarşılığı 12973,53 USD (MB kurs 0,022055/1,70) daxil olan vəsaitdən 2617,27 USD və **********6021 nömrəli YGB xx.xx.2026-cı il tarixdə xx.xx.2026-cı il tarixli ******* rubl qarşılığı 12973,53 USD (MB kurs 0,022055/1,70) daxil olan vəsaitdən 9100 USD olmaqla, Gömrük Portalında qeydiyyatı aparılaraq, tam bağlanılmışdır. -"xxxx" ASC-ti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) AZ06AİİB******************** nömrəli hesablaşma hesabına “OOO TST-TRANS” şirkəti tərəfindən xx.xx.2025-ci il tarixdə “(VO11100)” AZ06AİİB******************** Şəxs “LLC/Azerbaijan Payment under the contract 16-10/24 dated xx.xx.2024 for vegetables” təyinatı ilə ******* RUB (bir milyon rus rublu) məbləğində (MB məzənnəsi ilə 11164.11 USD) daxil olmuşdur. Vəsaitin təyinatında qeyd olunan müqavilə məlumatları səhv olduğu üçün ixrac əməliyyatına istifadə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlıdır. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, **********6021 nömrəli gömrük bəyannaməsinə əsasən köçürülməli vəsait hüquqi şəxsin müvəkkil olunmuş bank hesabına köçürülmüşdür. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında protokolda göstərilən, yəni ona istinad olunan əmələ görə təqsirsiz sayılmalıdır. Bununla da, hüquqi şəxs Şəxs MMC-ti tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında sübuta yetirilməmiş və buna görə də hüquqi şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında bütün sübutları hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar