Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-80/2026 06.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin xidmət üzrə rəis müavini X1 iştirakları ilə, 04 avqust 1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 388- 1.1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 06 fevral 2026-cı il tarixdə “cefer1000” adlı profil hesabından istifadə etməklə “İnstagram” sosial şəbəkə üzərindən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində qadağan edilən informasiya yerləşdirmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X2 tərəfindən 06 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində yayılması qadağan edilən ifadələr işlədərək, “İnstagram” sosial şəbəkəsində paylaşılmış videonun şərh bölməsində polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmişdir. Həmçinin, icraatına daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, “İnstagram” sosial şəbəkəsinə daxil olarkən “Meydan Tv” adlı media səhifəsində paylaşılmış videoda xəstə insan zənn etdiyi şəxsin polis əməkdaşları tərəfindən döyüldüyünü görmüş, habelə düşünmədən özünə məxsus “cefer1000” adlı profil hesabından paylaşılmış videonun şərh bölməsində polis əməkdaşlarını təhqir edən nalayiq ifadələr yazmışdır. Qeyd edir ki, bu şərhini polis vəzifəsində işləyən bütün şəxslərə şamil etməməklə yanaşı, ətrafında, həmçinin qohumlarının arasında polis vəzifəsində işləyən şəxslər var, habelə polis əməkdaşlarına hörmətlə yanaşır. O cümlədən, əvvəllər məhkum olunmamış və hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Odur ki, xəstəliyi olmasa da, bağlı yerdə özünü narahat hiss etməsinin və yuxarıda qeyd etdiklərinin nəzərə alınmasını və barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.6-1-cü maddəsinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübut olunduğu üçün o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsi və əməlindən səməmi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, milli-mənəvi dəyərlərə hörmət qoymayaraq cəmiyyətdə mənfi emosiyalar doğurmasını, təqsirinin dərəcəsini, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 06 fevral 2026-cı il tarixdən, saat 18:15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(5-154)-80/2026
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-80/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver