Məhkəmə qərarları › İş №3(5-154)-82/2026

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-82/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-82/2026 16.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, İnzibati xəta haqqında iş üzrə protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞnin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Siyəzən Rayon Kommunal Müəssisələr Kombinatında süpürgəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şəhərin İ.Qayıbov küçəsi, ev 1 ünvanında yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 13 fevral 2026-cı il tarixdə, saat 12:07-də Siyəzən rayonunun Avtovağzal dairəsində ucadan nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 16 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 16 fevral 2026-cı il tarixdə, saat 14:40 radələrində Siyəzən rayon Polis Şöbəsinin inzibati binasının həyətində və növbətçi hissəsində nalayiq söyüşlər söyməklə yanaşı, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin şöbənin iş rejimini pozmuş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 16 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, 3(5-154)-82/2026 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(5-154)-82/2026 və 3(5-154)- 83/2026 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(5-154)-82/2026 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs barəsində icraatına daxil olmuş raport və şikayət əsasında araşdırılma aparılmış, habelə sonuncunun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və ucadan nalayiq söyüşlər söyməsi müəyyən edilmişdir. Ona görə də, hazırki protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, rayon ərazisində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan, bu fəaliyyəti narkotik vasitələrin təsiri altında həyata keçirməklə, avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə edən şəxslər barəsində müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası DİN-nə şikayət ərizələr ilə müraciət etmişdir. Eyni zamanda, X1 Xalid adlı əməkdaşı taksi fəaliyyəti ilə məşğul olan şəxslərin buna dair lisenziyasının olmamasını ona bildirmişdir. Bununla yanaşı, qeyd etdiyi müraciəti əsasında yaşadığı evə rayon Polis Şöbəsinə dəvət edilməsinə dair rəsmi məktub göndərilsə də, bu məktubda hansı tarixdə və saatda dəvət edilməsi qeyd edilməmiş, həmçinin mobil telefonuna DİN-nin əməkdaşı zəng edərək, onu, müraciəti əsasında nazirliyə dəvət etmişdir. Habelə, bu danışıq zamanı nazirliyin əməkdaşına rayon Polis Şöbəsinə də, dəvət edildiyini bildirsə də, sonuncu əvvəl nazirliyə gəlməli olduğunu qeyd etmişdir. Məhz bu səbəblərdən müraciəti əsasında çağırıldığı şöbəyə getməmişdir. Bundan başqa, hazırda Rusiya Federasiyasının Moskva şəhərində ali hüquq təhsili alan oğlu 30 dekabr 2023-cü il tarixdə üç nəfər dostu ilə birlikdə pirotexniki vasitə almış, bunu təxminən 90 metr aralı məsafədən görən mülki geyimli polis əməkdaşları oğlunu mülki avtomobilə əyləşdirərək, həmin vasitəni Babək adlı şəxsə məxsus mağazadan aldığını bildirməsini istəmiş, lakin oğlu bundan imtina etmişdir. Bu barədə ona qaynı oğlu məlumat verdikdən sonra DİN-nin 102 xidmət mərkəzinə zəng etməklə bu barədə məlumat vermiş və nəticədə rayon Polis Şöbəsinə yoxlamalar aparılmışdır. Buna görə də, Səbuhi adlı polis əməkdaşı ona qarşı qərəzli mövqedə dayanmışdır. Bundan başqa, 16 fevral 2026-cı il tarixdə saat 11:00-a kimi yaşadığı evdə olmuş və qeyd olunan saatda buğda almaq üçün yaşadığı evdən çıxmışdır. Habelə, bu vaxt rayon mərkəzində Xalid adlı şəxsin taksi fəaliyyəti ilə məşğul olan şəxs ilə mübahisə etdiyini, birincinin sonuncuya qanunsuz taksi fəaliyyəti ilə məşğul olması ilə bağlı iradını bildirdiyini görmüş və bütün bunları mobil telefonu vasitəsi ilə videoçəkiliş etmişdir. Bu zaman o kənarda dayansa da, Səbuhi adlı polis əməkdaşı qolundan tutmaqla onu dartmağa başlamış və ondan tabesizlik göstərməməsini istəmişdir. Hansı səbəbdən rayon Polis Şöbəsinə aparıldığını soruşduqda isə, “gəl orada biləcəksən” deyə cavab verilmişdir. Beləliklə, onu avtomobilə əyləşdirib, rayon Polis Şöbəsinə aparmışlar. Habelə, orada darvazanın yanında olarkən də, Səbuhi adlı polis əməkdaşı onu dartışdırmağa başlamışdır. Lakin, o, nə rayon ərazisində olarkən, nə də ki, şöbədə olarkən tabesizlik göstəməməklə yanaşı, nalayiq söyüşlər söyməmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara müdafiəçisi Vəkil göstərişi ilə oxumadan imza etmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, X1 Quba Regional İdarəsinin kiçik inspektoru vəzifəsində işləyir. Bundan başqa, Şəxs rayon sakini kimi tanısa da, onunla aralarında qohumluq münasibəti, ona qarşı düşmənçilik və ədavəti yoxdur. 13 fevral 2026-cı il tarixdə, saat 12:07-də Siyəzən rayonunun Avtovağzal ərazisində xidməti avtomobildə əyləşdiyi zaman Şəxs əvvəl avtomobilin şüşəsini döymüş, sonra isə avtomobil əyləşərək, ona, niyə taksilərə “baxmaması” və sürücülər barəsində protokol tərtib etməməsi barədə kobud şəkildə irad bildirmişdir. O, Şəxs protokol tərtib etmək səlahiyyəti olmadığını bildirməklə yanaşı, vəzifəsinin idarənin əməkdaşları tərəfindən keçirilən reydlərdə iştirak etmək, sürücülərə maarifləndirici söhbətlər aparmaq, rəhbərliyin tapşırıqlarını icra etmək olduğunu bildirmişdir. Bu vaxt Şəxs onu hədələməklə bərabər “çıx get burdan” deyə bildirmişdir. Bundan əlavə, 16 fevral 2026-cı il tarixdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində taksi fəaliyyəti ilə məşğul olan sürücüyə yaxınlaşmış və sonuncudan taksi nişanının avtomobilin üzərindən götürməsini istəməklə bərabər ondan bu fəaliyyətini qanuna müvafiq şəkildə həyata keçirməsini xahiş etmişdir. Həmçinin, həmin vaxt orada keçən polis əməkdaşları gördükdə sonunculardan avtomobilini dayandırmasını və sürücü barəsində inzibati xəta haqqında protokol tərtib etmələrini xahiş etmişdir. Bu zaman, sürücü yolun əks tərəfində dayanmış Şəxs yaxınlaşaraq, sonuncunun şikayətləri nəticəsində barəsində protokol tərtib edildiyini bildirmiş və sürücü ilə Şəxs arasında mübahisə yaranmış və onlar biri-birilərini nalayiq ifadələr ilə təhqir etmişlər. Şəxs PPXB-nin avtomobilinə əyləşdiyini görmüş, lakin bu zaman müəyyən qədər aralı məsafədə olduğu üçün birincinin tabesizlik edib-etmədiyini müşahidə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin İTB-nin rəisi X4 izahatında göstərdi ki, o, Şəxs rayon sakini kimi tanısa da, ona qarşı düşmənçilik və ədavəti yoxdur. Şəxs rayon Polis Şöbəsinə ünvanlandığı bir neçə ərizəsi, həmçinin onun barəsində şikayətlər olsa da, sonuncu şöbəyə gəlməkdən imtina edir. Belə ki, X5 da, şikayət ərizəsi ilə şöbəyə müraciət edərək, Elşən İbrahimov tərəfindən nalayiq ifadələr ilə təhqir edildiyini qeyd etmişdir. Beləliklə, 16 fevral 2026-cı il tarixdə Şəxs rayon ərazisində görüb, ona yaxınlaşaraq barəsində şikayət olduğunu qeyd etmiş və şöbəyə dəvət etmişdir. Şəxs əvvəl dəvətdən imtina etsə də, sonra şöbəyə gəlmək üçün xidməti avtomobilə əyləşmişdir. Lakin, rayon Polis Şöbəsinin inzibati binasının həyətinə çatdıqda əl-qol hərəkətləri edərək, oradan uzaqlaşmağa çalışmış, habelə binanın növbətçi hissəsində isə səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, Şəxs rayon sakini kimi tanısa da, onunla aralarında qohumluq münasibəti, ona qarşı düşmənçilik və ədavəti yoxdur. Bundan başqa, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin qazancını təmin edir. Şəxs “facebok” sosial şəbəkəsində onun və avtomobilinin şəkilini paylaşaraq, qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasını qeyd etmişdir. Habelə, 16 fevral 2026-cı il tarixdə rayon mərkəzində olan zaman X1 əməkdaşı X5 ona yaxınlaşaraq, fəaliyyəti ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişdir. Bu zaman, həmin yerdə olan Şəxs yaxınlaşmış və sonuncunun müraciətlərinin nəticəsi olaraq, barəsində protokol tərtib edildiyinə dair iradını bildirmişdir. Həmçinin, sənədlərini rayon Polis Şöbəsinə təqdim etmək üçün şöbəyə getdiyi zaman Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərdiyinin, səs-küy saldığının, əl-qol hərəkətləri edərək, şöbədən qaçmağa cəhd etdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin İTB-nin YYÇ-la profilaktik işin təşkili qrupunun baş inspektoru X7 izahatında göstərdi ki, o, Şəxs rayon sakini kimi tanısa da, ona qarşı düşmənçilik və ədavəti yoxdur. Bundan başqa, 16 fevral 2026-cı il tarixdə rayon Polis Şöbəsinin növbətçi hissəsində məsul növbətçi kimi xidmətdə olan zaman İTB-nin rəisi X4 tərəfindən şöbəyə gətirilmiş Şəxs şöbənin inzibati binasının həyətində səs-küy saldığının, şöbənin iş rejiminin pozmasının, Səbuhi Zeynalova “görərsən sənin başına oyun açacam” deyə bildirməsinin şahidi olmuşdur. Hətta Şəxs “mənə yaxın durmayın, üstümə nə isə atarsız” deyə bildirməklə, polis əməkdaşlarının nüfuzuna xələl gətirən ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil yekun nitqində bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs onun anasının əziz bibisinin qonşusu olmaqla yanaşı, Şəxs uşaqlıq və gənclik illəri onun müşahidəsi altında keçmişdir. Həmçinin, Şəxs mərhəmətli və düzgün insan kimi tanımış və hesab edir ki, sonuncunun məhkəmə iclasında söylədikləri həqiqəti əks etdirir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 510 və 535.1-ci maddələri özünü təqsirli bilməyərək, nalayiq ifadələr işlətməməsi və tabesizlik göstərməməsi barədə izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əməllərə, yəni İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, həmin protokollar Şəxs tərəfindən imzalanmış, etiraz etməsinə dair protokollarda hər hansı qeydiyyat aparmamışdır. Məhkəmə qeyd olunan halı tərəflə müzakirə edərkən o, müdafiəçisinin göstərişi ilə protokolları imzaladığını bildirsə də, məhkəmə özünü ictimai münasibətləri qoruyan, rayon ərazisində qanunazidd halları aşkar edərək bu barədə müvafiq tədbirlər görülməsinə nail olan şəxs kimi təqdim edən Şəxs yalnız müdafiəçisinin göstərişi ilə protokola imza edərək onunla razılaşmamasına dair hər hansı qeyd etməməsini inandırıcı hesab etmir. Bundan başqa iş materiallarından görünür ki, Şəxs əvvəllər də eyni xarakterli inzibati xəta törətdiyi üçün Siyəzən Rayon Məhkəməsinin 3(059)-102/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 20 gün müddətində inzibati həbs olunmuşdur. Göründüyü kimi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməllərində, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda öz əməli ilə iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin ikidə biri həddinə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31, 34, , 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 16 fevral 2026-cı il tarixdən saat 18:15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar