Məhkəmə qərarları › İş №3(5-154)-88/2026

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-88/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-88/2026 04.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Şabran rayonunun Qazbabalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, X2 küçəsi, ev 104 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 338.7-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDPİ-nə bilavasitə tabe olan YPX Alayının İ taqımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, Şəxs 29 dekabr 2025-ci il tarixdə, saat 18:45 radələrində Siyəzən rayonunun inzibati ərazisindən keçən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 100-cü kilometrliyində yol hərəkəti qaydalarını pozmaqla, iki baş iribuynuzlu mal-qaranı sözügedən yolda nəzarətsiz qoyması səbəbindən Zərərçəkmiş şəxs1 yol vərəqəsi əsasında idarə etdiyi ** JP *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı evakuator həmin mal-qara ilə toqquşmuş, nəticədə qeyd edilən evakuatora 1695 manat ziyan dəyməklə, Zərərçəkmiş şəxs1, eləcə də zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə bu məbləğdə zərər vurulmuşdur. Bu əməli ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Sözügedən hadisə ilə əlaqədar 06 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 3 baş iri buynuzlu mal-qara 17 sentyabr 2025-ci il tarixdə X1 Siyəzən rayon filialı tərəfindən onun sahibliyinə verilmiş, habelə o, bu heyvanların bəslənməsini əri Rauf Balayevə tapşırmışdır. Belə ki, 29 dekabr 2025-ci il tarixdə, səhər saatlarında sözügedən mal-qaranı əri Rauf Balayev otarmağa aparmış, həmin tarixdə, saat 16-17:00 radələrində isə onların yerini təmizləmək məqsədilə qeyd edilən heyvanları nəzarətsiz qoyaraq yaşadıqları Siyəzən şəhərinin X2 küçəsində yerləşən 104 saylı evə gəlmişdir. Lakin, sonradan Rauf Balayev mal-qaranı geri gətirmək üçün getsə də, heyvanların buraxdığı yerdə olmadığını görmüş, habelə onunla birlikdə 29 dekabr 2025-ci il tarixdə, gecə saatlarınadək ətraf ərazilərdə mal-qaranı axtarsalar da, tapa bilməmişlər. Növbəti gün, yəni 30 dekabr 2025-ci il tarixdə yenidən o, əri Rauf ilə birlikdə iri buynuzlu heyvanları axtarmağa başlamış, habelə Siyəzən rayonunun ərazilərdə çobanlıq edən, tanımadıqları şəxs onlara yaxınlaşaraq, heyvanlarının evakuator ilə vurulduğunu, ardından həmin evakuatoru idarə edən şəxsin mal-qaranı yükləyərək apardığını bildirmişdir. Bundan sonra, o, əri ilə birlikdə Siyəzən RPŞ-yə müraciət etmiş, habelə polis əməkdaşı ilə birlikdə hadisənin baş verdiyi əraziyə, yəni, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 100-cü kilometrliyinə getmişlər. Belə ki, hadisə baş verən ərazidə olarkən, Zərərçəkmiş şəxs1 də, orda olduqlarını görmüş, habelə sonuncu onlara yaxınlaşaraq sözügedən heyvanların sahibi olduqlarını öyrənmişdir. Həmin vaxt, Zərərçəkmiş şəxs1 heyvanların onun tərəfindən vuruluğunu etiraf etməsə də, sonradan mal-qaranı idarə etdiyi evakuator vasitəsi ilə vurduğunu, ardından heyvanları həmin evakuator vasitəsi ilə Siyəzən rayonunun Zarat kəndində yerləşən “Beşbarmaq” adlanan ziyarətgah ətrafında çalışan qəssablara pul müqabilində satdığını bildirmişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, 29 dekabr 2025-ci il tarixdə, saat 18:45 radələrində Siyəzən rayonunun inzibati ərazisindən keçən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 100-cü kilometrliyində yol vərəqəsi əsasında idarə etdiyi ** JP *** dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı evakuator ilə Quba istiqaməti üzrə 80 km/saat sürətlə yolun sağ zolağı ilə hərəkətdə olarkən, sağ hissədən, dərədən 2 ədəd iri buynuzlu heyvanın onun yoluna çıxmasını görmüşdür. Bundan sonra, idarə etdiyi sözügedən evakuatoru heyvanları vurmamaq üçün yolun sol tərəfinə istiqamətləndirsə də, bu nəqliyyat vasitəsinin sağ ön hissəsi digərindən nisbətən böyük olan ana heyvanın arxa ayaqlarının üst hissəsinə, avtomobilin yan hissəsində olan metallar isə kiçik heyvanın qarın nahiyəsinə dəymişdir. Daha sona, o, dərhal idarə etdiyi evakuatoru saxlayıb, öncə Zarat DYP postuna, sonra çalışdığı 156 evakuasiya xidmətinə məlumat vermiş, habelə tanımadığı, ona köməklik edən şəxs ilə birlikdə iki ədəd iribuynuzlu heyvanı yoldan kənara çəkmişdir. Beləliklə, hadisə yerinə YPX əməkdaşları gəlmiş, ora baxış keçirilmiş, müvafiq sənədləşdirmə işləri aparılmışdır. Lakin, təxminən 2 saat hadisə baş verən ərazidə heyvanların sahibini gözləsə də, ora yaxınlaşan olmamış, mal-qaranın öldüyünü gördüyündən, evakuatorda olan bıçaq ilə hər iki heyvanın başlarını kəsmiş, bir qədər də, gözləyib kimsənin gəlmədiyini görüb, mal-qaranı evakuatora yükləyərək, yaşadığı evin həyətyani sahəsinə aparmışdır. Bundan əlavə, hadisə zamanı idarə etdiyi evakuatora ziyan dəydiyindən, 30 dekabr 2025-ci tarixdə, səhər saatlarında ehtiyat hissələri almaq üçün Bakı şəhərinə gedərkən, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 100-cü kilometrliyində polis əməkdaşnın, eləcə də, sonradan adlarını bildiyi Təranə və Raufun orada olduqlarını görüb, hadisə olan yerə yaxınlaşmışdır. Orada, baş vermiş hadisəni, habelə bu hadisə nəticəsində idarə etdiyi evakuatora ziyan dəydiyini, heyvanların onda olduğunu bildirmişdir. Bundan başqa, hadisə ilə əlaqədar olaraq ilk öncə Siyəzən rayon Polis Şöbəsinə getsələr də, onların işinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDPİ-nə bilavasitə tabe olan YPX Alayının İ Taqımının Yol patrul xidməti inspektoru Əli Cavadovun icraatında olduğunu öyrənmişlər. Bundan sonra, izahat verməsi üçün Əli Cavadova yaxınlaşmış, habelə sonuncu ona sözügedən heyvanları sahibinə qaytarmağı tövsiyə etmişdir. Daha sonra, o, öz növbəsində Təranə və Rauf Balayevlərə heyvanların götürülməsini, eləcə də ona dəymiş zərərin ödənilməsini təklif etsə də, onlar, kəsilmiş deyil, sağlam heyvanlar tələb etmişlər. Beləliklə, heyvanlar satışa yararsız olduğu, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən götürülmədiyi üçün onları Siyəzən rayonunun Beşdam kəndi ərazisində yerləşən və müşahidə kameralarının nəzarəti altında olan ümumi zibilliyə atmışdır. Odur ki, Şəxs tərəfindən ona dəymiş zərər ödənilməsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar (nümayəndələri) məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən, eləcə də zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 29 dekabr 2025-ci il tarixdə, saat 18:45 radələrində Siyəzən rayonunun inzibati ərazisindən keçən Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun 100-cü kilometrliyində yol hərəkəti qaydalarını pozmaqla, iki baş iribuynuzlu mal-qaranı sözügedən yolda nəzarətsiz qoyması səbəbindən Zərərçəkmiş şəxs1 yol vərəqəsi əsasında idarə etdiyi ** JP *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı evakuator həmin mal-qara ilə toqquşmuş, nəticədə qeyd edilən evakuatora 1695 manat ziyan dəyməklə, Zərərçəkmiş şəxs1, eləcə də zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə bu məbləğdə zərər vurulmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, sürücülük vəsiqəsinin, eləcə də yol vərəqəsinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ** JP *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı evakuator 01 dekabr 2025-ci il tarixdən 01 yanvar 2026-cı il tarixədək Zərərçəkmiş şəxs1 etibarnaməli idarəçiliyində olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 27 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2031-ci il tarixədək “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan 30 dekabr 2025-ci il tarixli, ziyan aktının surətindən görünür ki, ** JP *** dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı evakuatora dəymiş zərər 1695 manat təşkil etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 338.7 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Sözügedən Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə törətdiyi inzibati xəta hadisəsindən səmimi peşmançılıq keçirməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Sözügedən Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməməsini, buna baxmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1, eləcə də zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 48-51, 55, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 110 (bir yüz on) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Zərərçəkmiş şəxs1, eləcə də zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar