Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-89/2026 12.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “X12” MMC-də mal təchizatçısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə Siyəzən rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: “X12” MMC-nin sətəm üzrə inspektoru Şəxs xx.xx.2025-ci il tarixdə Siyəzən rayonun ərazisində yerləşən həmin MMC-nin nəzdində olan HTP polimer zavodunda olan boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanılması kimi texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riyayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın təhlüklə mənbəyi olan hərəkətli hissələrinin (bunkerlərinin) üzərini qoruyucu vasitələrlə təchiz olunmasını təmin etməyərək, “İstehsalat avadanlıqları.Ümumi təhlükəsizlik tələbləri.12.2.003-91 DÜST”-ün 1.2, 2.1.5 bəndlərinin tələblərini pozması ehtitarsızlıqdan adı çəkilən zavoda operator köməkçisi işləyən X1 az ağır zərər vurmuş, bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Siyəzən rayon prokuroru İsmayıl Abiyev tərəfindən 06 fevral 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraz ərizəsi ilə məhkəməyə müracitə edərək, ərizəsində göstərmişdir ki, Siyəzən rayon prokuroru İsmayıl Abıyevin "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" xx.xx.2026-cı il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qərar onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs "X12" MMC-nin sətəm üzrə inspektoru Şəxs xx.xx.2025-ci il tarixdə Siyəzən rayonu ərazisində yerləşən həmin MMC-nin nəzdində olan HTP polimer zavodunda olan boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanılması kimi texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın təhlükə məhbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərini qoruyucu vasitələrlə təchiz olunmasını təmin etməyərək "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"-ün 1.2, 2.1.5 bəndlərinin tələblərini pozması ehtiyatsızlıqdan adı çəkilən zavodda operator köməkçisi işləyən X1 az ağır zərər vurmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs avadanlığın təhlükə məhbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərini qoruyucu vasitələrlə təchiz etməmiş, buna görə də kəsici alət X3 əlindən sürüşərək həmin avadanlığın içərisinə düşmüş, Əli Ziyaddinov əlini həmin kəsici aləti götürmək üçün avadanlığın içərisinə saldıqda əli avadanlığın içərisində qalaraq əzilmişdir. Qeyd olunanlar X6, X7, Dadaşov Seyf ulla Seyfəddin oğlu, X5, Şəxs izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 191 nömrəli rəyi, məhkəmə texniki-təhlükəsizlik ekspertizasının xx.xx.2026-cı il tarixli, 10/8205 saylı rəyi ilə sübut olunur." Aşağıdakılara əsasən barəsində qəbul edilən qərarla razı deyil və hesab edirik ki, hazırki inzibati iş üzrə icraata xitam verilməlidir. Əvvəla, qeyd edilməlidr ki, göstərilən qurğu texniki cəhətdən saz vəziyyətdə olan avadanlıq qismində istismar edilir və bu günədək həmin avadanlıqla bağlı hər hansı çatışmayan hal müəyyən edilməmişdir. Əgər həmin avadanlıqda hər hansı çatışmayan bir hal olsaydı, şübhəsiz ki, bu günə qədər səlahiyyətli qurumlar tərəfindən aparılan planlı yoxlama nəticəsində müəyyən edilmiş olardı. Avadanlığın qoruyucu mexanizmi (yəni dəmir tor, setka) öz yerində olmuş (bu günədək də yerindədir), sadəcə işçi, avadanlığın içərisinə düşmüş kəsici aləti götürmək üçün əlini həmin qoruyucu mexanizmin arasından içəri salmış, bundan əvvəl isə avadanlığı söndürməli olduğu halda söndürmədiyindən xəsarət almış və göründüyü kimi, hadisə onun özünün kobud səhvi ucbatından baş vermişdir. Bu mövqeyinə rəğmən bildirir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələbi əsasında ildə 1 dəfə olmaqla "X12" MMC- nin müqavilə bağladığı "xxxx" MMC-nin ixtisaslaşmış nümayəndə(si)ləri tərəfindən zavodun avadanlıqlarına baxış keçirilməklə avadanlıqların texniki təhlükəsizliyinə dair rəy verilir. Həmin qurum tərəfindən keçirilən sonuncu yoxlama zamanı da sözügedən avadanlıqda hər hansı bir çatışmamazlıq müəyyən edilməmişdir. Bütün bu hallar və xüsusatlarla bağlı rayon prokurorluğunda dindirilmə zamanı ətraflı izahatlar verilmiş, lakin hal-hazırda göründüyü kimi, həmin izahatlar nəzərə alınmamışdır. Belə bir yanaşma isə qanuni hesab edilə bilməz. Digər tərəfdən, qərarda istinad edilən xx.xx.2026-cı il tarixli, 10/8205 saylı ekspert rəyi işin şübhəli hallarından biridir. Belə ki, zavoda hər hansı bir ekspert gəlməmiş, avadanlığa hər hansı bir baxış keçirilməmişdir. Belə olan halda həmin rəyin hansı sübutlar əsasında və hansı qaydada tərtib edilərək verildiyi onlara qətiyyən məlum deyildir. Bir sözlə, bu halla bağlı hər hansı bir sübut onlara təqdim edilməmiş və ya göndərilməmişdir. Göründüyü kimi, mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada əldə edilməmiş sübutdan istifadə edilərək barəsində hazırki icraat başlanmışdır. Qərarın hüquqi tövsif məsələsi ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1.əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə; 198.1.6.işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7.işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin,təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8.kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə- beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 198.2.Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3.Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilən qərarda əməlində İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətlərinin olduğuna istinad edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması və baxılması üçün məhkəməyə göndərilməsi qeyd edilmişdir. Lakin bildirir ki, onun əməlində yuxarıda sadalanan halların, yəni əməyin mühafizəsi qaydalarının pozulduğuna dəlalət edən hər hansı bir əsas mövcud deyildir. Belə ki, yuxarıda sadalanan hallardan konkret olaraq hansının tərəfindən pozulması qərardan məlum deyil, yəni hansı maddəyə əsasən məsuliyyət daşımalı olduğu naməlumdur. Hesab edir ki, bu mənada prokurorluğun qərarı tutarlı sübutlara və faktlara əsaslanmır, yalnız ümumi normalara istinad etməklə barəsində qəbul edilmişdir. Bu səbəblərdən göstərilən qərar əsaslı yox, formal hesab edilməlidir. Habelə qeyd edir ki, İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin iş materiallarından görünür ki, həmin qərar məhkəməyə göstərilən müddət ərzində göndərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Siyəzən rayon prokuroru İsmayıl Abıyevin "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" xx.xx.2026-cı il tarixli qərarı ilə başlanmış inzibati xəta üzrə icraata tərəfindən inzibati xəta hadisəsinə yol verilmədiyinə görə xitam verilməlidir. Odur ki, bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Siyəzən rayon prokuroruna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin rayon prokuroru məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasına dəvət edilmiş şəxsin, habelə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərdi ki, göstərilən qurğu zavoda istifadəyə yararlı vəziyyətdədir. Bundan başqa, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd olunanlar həqiqəti əks etdirmir. Həmçinin, FHN-nin təşkil etdiyi hüquqi şəxs tərəfindən avadanlıqlar hər il yoxlanılmaqla bərabər 2025-ci il tarixdə də yoxlanılmışdır. Xəsarətlə bağlı qeyd edilməlidir ki, avadanlığın təhlükə məhbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərini qoruyucu vasitələrlə təchiz olunmasına baxmayaraq, işçi əlindən sürüşərək avadanlığın içərisinə düşmüş kəsici aləti götürmək üçün əlini avadanlığın içərisinə saldıqda əli avadanlığın içərisində qalaraq əzilmişdir. Bundan əlavə, zavoda heç bir ekspert gəlməmiş, lakin ekspert rəyi verilmişdir. Habelə, rayon prokurorluğunda cinayət işinin başlanması rədd edilmiş və hesab edilmişdir ki, şəxsin əməlində inzibati xəta hadisəsi vardır. Eyni zamanda bununla bağlı qəbul edilmiş qərar 48 saat ərzində baxılması üçün məhkəməyə təqdim edilməli olsa da, bu hala riyayət edilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında müdafiəçisinin izahatında göstərdiklərini təsdiq etdiyini bildirib, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarına məhkəmə iclasında tədqiq olunmuş sübutlarla məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinin tələblərinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Yəni İXM-nin 198.3cü maddəsi ilə inzibati xətanın tərkibinin yaranması üçün texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydaları pozulmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ilə baş vermiş nəticə — sağlamlığa az ağır zərər vurulması arasında səbəbli əlaqə olmalı, habelə bu üç şərt məcmu halında mövcud olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə inzibati məsuliyyətini istisna edir. Məhkəmə qeyd edir ki, texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir (“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli Qanununun 1-ci maddəsi). Adı çəkilən Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitar-epidemioloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin,bu maddədə sözün geniş mənasında deyil, əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli Qanununda, digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. Əməyin mühafizəsi qaydalarının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqənin olmaması bu inzibati xətanın tərkibini istisna edir. Yəni, təqsirkarın əməyin mühafizəsi sahəsində məhz hansı vəzifəni (Azərbaycan Respublikası ƏM-in 215-ci maddəsində və başqa normativ aktlarda müəyyən edilən vəzifələr) yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə inzibati məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək mühafizəsi qaydalarına riayət etmək vəzifəsinin təqsirkarın səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi və ya bu vəzifənin ona həvalə olunduğu barədə təqsirkara lazımi qaydada məlumat verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən əmək mühafizəsi qaydalarının pozulmasında və inzibati xətanın nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası ƏM-in 216-cı maddəsində və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Əgər İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan nəticələr zərərçəkmiş şəxsin və ya üçüncü şəxsin öz ehtiyatsızlığı üzündən baş vermişdirsə, bu halda təhlil olunan maddə ilə inzibati məsuliyyət mövcud olmur. İşdə olan Siyəzən rayon prokuroronun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlı tərəfindən qəbul edilmiş 24 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 117c-25 nömrəli material üzrə X4 iş zamanı xəsarət alması faktı ilə əlaqədar HTP polimer zavodunun sətəm üzrə inspektoru Şəxs olunun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair prokurora müraciət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 19 noyabr 2025-ci il tarixli, 191 saylı rəyinin surətindən görünür ki, X3 bədəni üzərində sağ əlin 4-5-ci barmaqlarının əzilmiş-didilmiş yaraları və sağ 5-ci əldarağı sümüyünün çəp xətti sınığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 14 noyabr 2025-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2026-cı il tarixli, 10/8205 saylı rəyinin surətindən görünür ki, Siyəzən rayonu ərazisində yerləşən HTP polimer zavodunda boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın tühlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərinin qoruyucu vasitələrlə təchiz olunmaması hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DÜST”-ün 1.2, 2.1.5 bəndlərinin tələbləri pozulmuşdur. Siyəzən rayonu ərazisində yerləşən HTP polimer zavodunda boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərinin qoruyucu vasitələrlə təchiz olunması təmin edilmədiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 1.2, 2.1.5 bəndlərinin tələbləri həmin avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan mötəbər sübutlarla, o cümlədən izahatlarla tamamilə təsdiq olunmuşdur ki, Əli Ziyaddinov işlək vəziyyətdə olan aparatın içinə əlinin salınmaması barədə dəfələrlə, hər gün, həmçinin həmin gün təlimatlandırılmasına, aparatın üzərində “əl salmaq qadağandır” sözlərinin yazılmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə boruların hazırlanması üçün nəzərdə tutulmuş xammalı boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın içərisinə doldurmaqla avadanlığı işə salmış, növbəti xammalı doldurmaq məqsədilə paketin ağzını kəsmək üçün istifadə olunan kəsici alət əlindən sürüşüb həmin avadanlığın içərisinə düşdüyündən o, avadanlıq işlək vəziyyətdə olduğu halda əlini həmin kəsici aləti götürmək üçün avadanlığın içərisinə saldığından əli avadanlığın içərisində qalaraq əzilmiş, bununla da “sağ əlin 4 və 5-ci barmaq falanqalarının əl daraq sümüyünün əzilmiş-didilmiş yarası” ilə nəticələnən səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2026-cı il tarixli, 10/8205 saylı rəyi ilə hadisənin baş verməsinə səbəb kimi Siyəzən rayonu ərazisində yerləşən HTP polimer zavodunda boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın tühlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərinin qoruyucu vasitələrlə təchiz olunmaması göstərilsə də, rəy araşdırılan zaman müəyyən edilir ki, tədqiqat aparan ekspert müəssisəyə gedərək həmin avadanlığa baxış keçirməmiş, yalnız hadisə yerinə baxış protokoluna əsasən rəy vermişdir. Belə olan halda ekspert tərəfindən tam və düzgün tədqiqat aparılması halı məhkəmədə şübhə yaratmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, X3 iş vaxtı və iş şəraitində az ağır zərər alması Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində deyil, özünün ehtiyatsızlıqdan əlini işlək vəziyyətdə olan aparatın içərisinə salması nəticəsində baş vermişdir. Bundan başqa iş materialları ilə Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi halı da öz təsdiqini tapmamışdır. Lakin ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş verməsi ilə Şəxs hərəkətləri arasında səbəbli əlaqə tədqiq edilməmiş, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı cinayət prosesində iştirak edən şəxslərə suallar verilməmiş, eləcə də bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Beləliklə, hadisənin göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin inzibati xəta materialında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında aparılmış ibtidai araşdırma, eləcə də inzibati araşdırma üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. Göründüyü kimi, hazırda Şəxs əməlinə münasibətdə İXM-nin 198.3-cü maddəsinin tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(5-154)-89/2026
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-89/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver