Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-9/2026 08.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs haqqında təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7885 nömrəli rəyində sonuncuda opioidlərdən istifadə etmə halları aşkar edilməsi qeyd edilmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 08 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupundan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bundan başqa, Şəxs izahatında, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə həbs olunduğunu, habelə cəzasını çəkib qurtardıqdan sonra bu vasitələrdən istifadə etmədiyini bildirir. Həmçinin, Narkoloji Mərkəzdən verilmiş rəydə Şəxs hazırda narkotik istifadə etmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, sonuncu dəfə iki il bundan əvvəl narkotik vasitələrdən istifadə etmiş, habelə bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Bundan sonra, bu vasitələrdən istifadə etməməklə yanaşı, qardaşı tərəfindən hər ay yoxlanılmışdır. Bundan əlavə, polis əməkdaşı tərəfindən Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzə aparılmış, habelə orada onun sidiyindən analiz götürülməklə, baş həkimin qəbulunda olmuşdur. Beləliklə, mərkəzinə baş həkiminin sualına hazırki məzmunda cavab vermiş, həmçinin sonuncu, onun analiz nəticəsində narkotik vasitədən istifadə etmədiyinin qeyd olunduğunu bildirmişdir. Məhz buna görə də, hazırki protokola imza etməkdən imtina etmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, İXM-nin 206-cı maddənin dispozisiyasından göründüyü kimi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 dekabr 2025-ci il tarixdə verilmiş 7885 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi və Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı X3 26 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan da göründüyü kimi həmin protokol barəsində inzibati iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, o, həmin protokolla razılaşmamışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilməmiş, o, sonuncu dəfə iki il bundan əvvəl narkotik vasitələrdən istifadə etdiyini, habelə bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməklə, azadlıqdan məhrum etmə cəzası çəkdiyini bildirmiş, həmçinin sonuncu Siyəzən RPŞ-nin TQ-na verdiyi izahatında, narkotik vasitə və ya digər maddələrdən istifadə etmədiyini, habelə bunun üçün könüllü olaraq müayinədən keçməyə hazır olduğunu qeyd etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 dekabr 2025-ci il tarixdə verilmiş 7885 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (-), MET (-), TML (-), PGB (-), MTD (-) aşkar olunmadı. Deməsinə görə əvvəllər narkotik vasitə olan heroindən istifadə edib. Müayinə zamanı narkotik vasitələrdən sui-istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Narkotik qəbulundan psixi və fiziki asılılıq yoxdur. Obyektiv müayinə somatik status: Dəri və görünün selikli qişaların rəngi normalıdır. Auskultasiya zamanı ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. A/T-110/70 mm.cv.st., nəbzi 1 dəqiqədə 72 vurğudur, ritmikdir, kafi dolğunluqdur. Palpasiya zamanı qarnı yumuşaq, ağrısızdır. Stul və diurez norma daxilindədir. Yuxarı ətrafında görünən venalar boyunca təzə inyeksiya izləri aşkar olunmur. Nevroloji status: Kəllə-beyin innervasiya norma daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumuşaq damaq refleksləri normaldır. Dili orta xətt üzəridir. Kerer nöqtələri ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Romerq vəziyyətində dayanıqlıdır. Psixi vəziyyəti: Bələdliyi məkana, zamana və öz şəxsiyyətinə saxlanılıb. Ünsiyyətə həvəslə daxil olur, suallara düzgün, sual çərçivəsində cavablar verir. Təfəkküründə patologiya aşkar edilmir. Mühakimələri və mülahizələri məntiqlidir. Emosional iradi sferası sabitdir. Əhval-ruhiyyəsi normal səviyyədədir. Psixoproduktiv simptomatika olan qavrama pozuntuları, sayıqlama ideyaları və s. müəyyən edilmir. Öz vəziyyətinə qarşı tənqidi münasibəti saxlanılıb. Yuxarıda göstərilənlərə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. Şəxs opiodlərindən istifadə etmə halları olub. Lakin, hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmçinin, iş materiallarına əlavə edilmiş 26 dekabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 dekabr 2025-ci il tarixdə verilmiş 7885 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyi əsas götürülməklə, HK-1/1086 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sözügedən qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokoldan da göründüyü kimi, Şəxs üzərində hər hansı narkotik vasitə aşkar edilməmiş, narkotik vasitədən istifadə etməsi halına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olduğu halda onun narkotik vasitələrdən istifadə etməsi halını yalnız ekspert rəyi ilə müəyyən etmək mümkündür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Şəxs narkoloji ekspertizadan keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 dekabr 2025-ci il tarixdə verilmiş 7885 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində Şəxs sidik nümunəsində hər hansı narkotik vasitədən istifadə halının aşkar olunmadığı göstərilsə də, nəticə hissəsində opioidlərdən istifadə halının olduğu qeyd olunmuşdur. Göründüyü kimi, Şəxs narkotik vasitələrdən istifadə etməsini təsdiq edən yeganə sübut özü-özlüyündə ziddiyətlidir. Belə olan halda məhkəmə qeyd edir ki, həmin rəy sübut kimi qəbul edilə bilməz. Həmçinin iş materiallarında Şəxs İXM-nin 206-cı maddəsi ilə təqsirli olmasına dair hər hansı digər sübut aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəlləni 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(5-154)-9/2026
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-9/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver