Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-98/2026 11.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilən 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə daxil olmuş şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X3 22 oktyabr 2025-ci il tarixdə, saat 12:11-də Siyəzən rayonunun inzibati ərazisindən keçən Bakı-Quba-Rusiya yolunun 83-cü kilometrliyində “X6 Plug-İn Hibrid” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib 400 manat inzibati cərimə edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən 22 oktyabr 2025-ci il tarixdə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair həmin tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 yuxarıda qeyd edilən qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, lakin, İlqar Məmmədov şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatət əlavə etmədiyi üçün sözügedən Məhkəmənin 13 fevral 2026-cı il tarixli, 3(5- 93)-1182/2026 saylı qərardadı ilə bu şikayət inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti qaydasında Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi X3 tərəfindən ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən 03 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmiş, həmçinin o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat 3 bal inzibati cərimə olunmuş, nəticədə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra, tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və sözügedən Məhkəmənin 26 noyabr 2025-ci il tarixli qərarı ilə şikayəti təmin edilərək, həmin qərar ləğv olunmaqla, icraata xitam verilmişir. Buna baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qərar qəbul edilərək, 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sözügedən qərarı ilə sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan qərar ləğv edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ona 23 yanvar 2026-cı il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, BDYPİ-nin sözügedən qərarının tərtib edilməsinə səbəb olan əsas inzibati xəta hadisəsi olmamışdır. Odur ki, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsini təsdiq və müdafiə edərək, əlavə olaraq izahatında göstərdi ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən 03 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmiş, həmçinin o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat 3 bal inzibati cərimə olunmuş, nəticədə tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Lakin, hadisə baş verən zaman nəqliyyat vasitəsi onun deyil, ayıq sürücü tərəfindən idarə olunduğu üçün həmin qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş və sözügedən Məhkəmənin qanuni qüvvəsini almış 26 noyabr 2025-ci il tarixli qərarı ilə şikayəti təmin edilərək, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, o, 22 oktyabr 2025-ci il tarixdə Quba rayonuna gedərkən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı üçün Zarat DYP postunun əməkdaşları tərəfindən saxlanılmış, sürücülük vəsiqəsi alınaraq, həmin tarixdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq, 400 manat inzibati cərimə edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsa da, həmin qərarın qəbul edilməsinə əsas olmuş cəriməni ödəyib, ərizə ilə müraciət etdiyindən, sözügedən Məhkəmənin 10 mart 2026-cı il tarixli qərarı ilə onun bu məhdudiyyətinə xitam verilmişdir. Buna baxmayaraq, barəsində hazırda şikayət etdiyi qərar qəbul edilərkən onun nəqliyyat vasitələrini idarə etmə hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarına əsasən deyil, bir il ərzində 20 və daha çox bal toplanmasına görə məhdudlaşdırılmışdır. Belə ki, 22 oktyabr 2025-ci il tarixə onun sürücülük vəsiqəsi üzrə ümumilikdə 16 bal qeydə alınsa da, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmiş 03 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat 3 bal, təxminən 1 həftə sonra isə 100 manat 2 bal inzibati cərimə edilmiş, nəticədə nəqliyyat vasitələrini idarə etmək hüququ 21 bal toplanmasına görə məhdudlaşdırılmışdır. Lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 03 oktyabr 2025-ci il tarixli qərarı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 noyabr 2025-ci il tarixli qərarı ilə ləğv edildiyindən, onun sürücülük vəsiqəsindən 3 bal silinmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilən 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar, həmin idarənin ləğv olunmuş 03 oktyabr 2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında çıxarıldığından, şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X3 22 oktyabr 2025-ci il tarixdə, saat 12:11-də Siyəzən rayonunun inzibati ərazisindən keçən Bakı-Quba-Rusiya yolunun 83-cü kilometrliyində “X6 Plug-İn Hibrid” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib 400 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 3(001)-3978/2025 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 3(001)-8018/2025 saylı qərarından görünür ki, X3 tərəfindən verilmiş şikayət təmin edilərək, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2026-cı il tarixli, 3(001)-8018/2025 saylı məktubundan görünür ki, sözügedən Məhkəmənin 26 noyabr 2025-ci il tarixli qərarı 15 dekabr 2025-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Siyəzən rayon Polis Şöbəsinin 10 mart 2026-cı il tarixli, 3-13-106/2-2714/2026 saylı məktubundan və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi informasiya sistemində yerləşdirilmiş mulamata əsasən X3 22 oktyabr 2024-cü il tarixdən 22 oktyabr 2025-ci il tarixədək ümumilikdə 16 bal ilə nəticələnən kobud yol hərəkəti haqqında qayda pozuntularına yol vermiş, habelə onun sürücülük hüququ, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 6 ay müddətinə məhdudlaşdırılmış və həmin müddət 25 oktyabr 2025-ci il tarixdən 23 aprel 2026-cı il tarixədək hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2026-cı il tarixli, 3(001)-3978/2025 saylı qərarından görünür ki, X3, sözügedən Məhkəmənin 12 iyun 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması inzibati tənbehindən azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 12-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Adı çəkilən Məcəllənin 27.4-cü maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin İ hissəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 35-ci maddəsinin Xİİ hissəsinin İİ bəndinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün qaytarılır. Beləliklə, şikayətçi X3 şikayət ərizəsində və məhkəmə iclasında onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilən 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsasın sözügedən idarənin 03 oktyabr 2025-ci il tarixli, EQ 31059693 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə ona təyin edilmiş 100 manat 3 bal inzibati tənbehin olduğunu, habelə qeyd edilən qərarın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 noyabr 2025-ci il tarixli qərarı ilə ləğv edildiyini qeyd etsə də, bu həqiqəti əks etdirmir. Belə ki, ilk öncə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmış, habelə sözügedən Məhkəmənin 10 mart 2026-cı il tarixli qərarına əsasən o, həmin Məhkəmənin 12 iyun 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması inzibati tənbehindən azad edilmişdir. Bundan başqa, işin araşdırılan hallarından da, İlqar Məmmədovun 22 oktyabr 2024-cü il tarixdən 22 oktyabr 2025-ci il tarixədək ümumilikdə 16 bal ilə nəticələnən kobud yol hərəkəti haqqında qayda pozuntularına yol verməsi, habelə onun sürücülük hüququnun yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 6 ay müddətinə məhdudlaşdırılması müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayət ərizəsində və məhkəmə iclasında vermiş olduğu izahatında göstərdiyi hallar işin faktiki halları ilə tam şəkildə təkzib edilir. Bununla da, X1 inzibati araşdırma, habelə onun nəticələri ilə bağlı istinad etdiyi hallar barədə fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdməklə, şikayətçinin şəxsi mülahizələridir, mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Xülasə, İlqar Məmmədovun şikayətində və məhkəmə iclasında vermiş olduğu izahatında irəli sürdüyü dəlillər onun subyektiv fikirləri kimi nəzərə alınmalıdır. Çünki, İlqar Məmmədov şikayətində və izahatında onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Göründüyü kimi, işin araşdırılan halları ilə müəyyən edilir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilən 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 3(001)-3978/2025 saylı qərarı ilə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığı üçün çıxarılmış və o, əsaslı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib 400 manat inzibati cərimə edilmişdir. Yəni, İlqar Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ sonuncu tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarına əsasən məhdudlaşdırılmış, həmçinin istər 03 oktyabr 2025-ci il tarixdə, istərsə də, 22 oktyabr 2025-ci il tarixdə onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, habelə sonuncu tarixdə şikayətçi Zarat DYP postunun əməkdaşları tərəfindən saxlanılarkən, onun sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sözügedən qərarının icrasının başlanması üçün alınmaqla, 25 oktyabr 2025-ci il tarixdən həmin qərarın icrasına başlanmışdır. Bundan başqa, X1 nəqliyyat vasitələrini idarə etmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 3(001)-3978/2025 saylı qərarı ilə həmin tarixdən 6 ay müddətinə məhdudlaşdırılsa da, şikayətçinin sürücülük vəsiqəsinin vaxtında DYPİ əməkdaşlarına təhvil verməməsi səbəbindən, sözügedən qərarın icrasına 25 oktyabr 2025-ci il tarixdən başlanmışdır. Bundan əlavə, İlqar Məmmədovun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən 22 oktyabr 2025-ci il tarixdə qərar qəbul edilərkən qüvvədə olmuş, həmin qərara Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2026-cı il tarixli qərarı ilə xitam verilmişdir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Deməli, İlqar Məmmədov, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə 22 oktyabr 2025-ci il tarixdə inzibati cərimə edilərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilən 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla, öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilən 22 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(5-154)-98/2026
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-98/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver