Məhkəmə qərarları › İş №3(5-155)-11/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-11/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-11/2026 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrində işə protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hadisə vaxtı qaz pedalı və əyləc pedalını səhv salmış və avtomobili digər avtomobillə toqquşmuşdur. Bundan sonra hadisə yerinə yol polis əməkdaşları gəlmişdir. Onlar xəsarət alan şəxsin olub-olmamasını hər iki tərəfdən soruşmuş, qarşı tərəf də heç kimin xəsarət almadığını bildirmişdir. Bundan sonra həmin yerə təhqiqatçı Elsevər Quliyev gəlmişdir. Bu vaxt o, hadisə vaxtı içkili olub-olmadığını müəyən etmək üçün müayinədən keçmiş, 3 gün sonra ona xəsarət alanın olduğu bildirilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, yol polisi əməkdaşları onlardan 3 dəfə xəsarət alanın olub-olmasını soruşmuş və qarşı tərəf də xəsarət olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 isə hadisə vaxtı avtomobildə olmadığından xəsarət alması mümkün deyil. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Hadisə H.Z.Tağıyev istiqamətinə gedən yolda, Şəxs dediyi kimi baş verdi. Nəticədə, onun başının sol hissəsi avtomobilin sol tərəfindəki dəmirə dəymişdir. Həmin vaxt yanında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 isə ayaq üstə dayana bilmədiyi üçün yoldan keçən maşın vasitəsilə xəstəxanaya aparılmışdır. Hazırda hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin avtomobildə sərnişin qismində olmuş, qəza nəticəsində sol ayağı xəsarət almışdır. Əvvəllər ayağında problemlər olmuş, lakin hadisədən sonra ayağı şişmiş və əzilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bildirmişdir ki, Şəxs avtomobilində sərnişin olmuş, Zərərçəkmiş şəxs1, ümumiyyətlə, həmin vaxt hadisə yerində olmamış, hadisə nəticəsində xəsarət alan olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 yüngül dərəcədə bədən xəsarəti almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ”cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Opel vita markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil texniki şəhadətnamə əsasında ona məxsusdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 21:45 radələrində idarə etdiyi avtomaşınla Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə hərəkətdə olub qarşıda qırıq xəttdən geriyə dönmə əməliyyatı həyata keçirən zaman əks istiqamətli yolda avtomobil gəldiyini gördü. O həmin ərəfədə tormoz pedalına basmaq əvəzinə qaz pedalını basıb əks istiqamətə manevr etdiyindən Opel markalı avtomobilin qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törətdi. Hadisədən sonra ora polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Zərərçəkmiş şəxs2 onun tanışıdır. X3 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 21:45 radələrində o, Rahilin avtomobilində olan zaman onlar Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə saatda 50-60 km sürətlə düzünə üzü H.Zeynalabdin qəsəbəsinə hərəkətdə olduqları zaman əks istiqaməti yolda anidən sola dönmə əməliyyatı həyata keçirən Opel Vita markalı avtomobil qarşılarına çıxdığından toqquşma baş vermişdir. Hadisədən sonra ora polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Hadisə zamanı xəsarət aldığından İMTE-dən keçmək istəyir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Opel Vectra markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili etibarnamə əsasında idarə edirə. xx.xx.2025-ci il tarixdə saat təxminən 21:45 radələrində idarə etdiyi avtomaşınla Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə saatda 50-60 km sürətlə düzünə üzü H.Zeynalabdin qəsəbəsinə hərəkətdə olan zaman əks istiqamətli yolda anidən sola dönmə əməliyyatı həyata keçirən Opel Vita markalı avtomobil qarşısına çıxdığından toqquşma baş verdi. Hadisədən sonra ora polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. Hadisə zamanı avtomobilimdə tanışı Namiq də olmuşdur. Hər ikisi xəsarət alıb. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1693 №-li rəyindən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gicgah nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 30.10.25-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1933 №-li rəyindən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs1 Müseyib oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol baldırın yuxarı 1\3-nin ön səthinin 3 (üç) ədəd , sol diz oynağının ön səthinin yaraları, sol diz oynağının ön səthini bütünlüklə əhatə edən yumşaq toxumalarının əziyi və qançırı, sol diz oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkənin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 30.10.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə qeyd edir ki, barəsində icraat aparılan şəxs hadisə nəticəsində xəsarət alanın olmasını bildirsə də, iş materialları və zərərçəkmiş şəxslərin izahatları ilə həmin hal tamamilə təkzib olunur. Belə ki, ekspert rəylərinin nəticə hissəsində xəsarətlərin xx.xx.2025-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi, həmin xəsarətlərin yüngül zərərvurmaya aid olduğu qeyd edilmişdir. Bundan başqa barəsində icraat aparılan Şəxs izahatında hadisə yerinə ilkin olaraq yol polisi əməkdaşlarının, sonradan təhqiqatçının gəldiyini bildirmişdir. Təhqiqatçının həmin hadisə yerinə çağırılması onu göstərir ki, hadisə nəticəsində xəsarət alan şəxslər olmuş, bu səbəbdən YPX əməkdaşları DYP-nin Yol-nəqliyyat hadisələri üzrə inspektorunu deyil, məhz təhqiqatçını çağırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar