Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-112/2026 16.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 559/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qərəzli olaraq məhkəmə qərarını icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-559/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə cavabdeh Şəxs 184.705,89 (bir yüz səksən dörd min yeddi yüz beş dollar səksən doqquz sent) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır.Borclu tələbin könüllü icrası haqqında bildiriş və qərarla rəsmi olaraq xx.xx.2024-cü ildə tanış edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs edilmişdir. Daha sonra o, İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu indiyədək 1200 manatı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına köçürmüşdür. Tələbkar hazırda borcunu tələb edir. Borclu isə izahatı alınarkən borcunu ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Buna görə də, borclu barəsində İXMnin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlarda olan ödəniş qəbzlərinə əsasən borclu 2200 manat yox, 1200 manat ödəniş edib. Həmçinin, icra məmuru bildirmişdir ki, ibtidai istintaq orqanına cinayət hadisəsi barədə məlumat verməməsinin səbəbi hazırkı tələblərə əsasən müvafiq qurumlara çoxsaylı sorğular göndərilməsidir. Lakin, sorğulara cavablar əldə edilmədiyindən, sənədləşmə üçün əlavə vaxta ehtiyac olduğundan yenidən protokol tərtib etmişdir. Protokolun təmin olunmasını və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü qismən təqsirli bilir. Borcunu ödəməyə maddi imkanı çatmır. Aylıq gəliri 400-500 manatdır. Həmin borcu yalnız hissə-hissə ödəyə bilər. İndiyədək borcundan 2200 manatı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödəmişdir. Həmin ödəniş qəbzləri evindədir. Hazırda borcundan heç bir ödəniş edə bilmir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu indiyədək depozit olaraq 1200 manat ödəmişdir. Həmin ödənilən məbləğ ümumi borc məbləğinə münasibətdə onu qane etmir. Məhkəmədən borcunun ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, borcluya borcunun ödənilməsi üçün şərait yaradılmalıdır. Məhkəmədən borclu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-559/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 184.705,89 (bir yüz səksən dörd min yeddi yüz beş dollar səksən doqquz sent) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-559/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi icra etməyi xahiş olunmuşdur. Borclu xx.xx.2024-cü il tarixdə bildirişlə və qərarla tanış olmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra sənədini tam şəkildə icra etməməyinin səbəbi maddi imkanı olmamasıdır. Hissə-hissə ödəniş edə bilər. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədini tam şəkildə icra etməməyinin səbəbi maddi imkanı olmamasıdır. Tam şəkildə ödəmə qabiliyyəti yoxdur, hissə-hissə ödəniş edə bilər. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədini tam şəkildə icra etməməynin səbəbi maddi vəziyyəti və işsizlikdir. Həmçinin, həkim nəzarətində müalicə alır. İcra sənədi üzrə bu günədək 1100 manat ödəniş edib. Sabah 500 manat ödəniş edəcək. İş materiallarında olan “Kapital Bank” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:56-da 200 manat, xx.xx.2025-ci il tarixdə saat 10:36-da 200 manat olmaqla ödənişlər edib. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədini tam şəkildə icra etməməynin səbəbi maddi vəziyyəti ilə bağlıdır. İcra sənədi üzrə bu günədək 1500 manat ödəniş edib. Borcunu hissə-hissə ödəyə bilər. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş çıxarışa əsasən, Şəxs əmək haqqı, pensiya, təqaüd və s. gəlirləri tapılmamışdır. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, borclu tərəfindən icra sənədi tam icra edilməmiş, nəticədə kifayət qədər yüksək məbləğdə məbləğində borc yaranmışdır. Məhkəmə qeyd edir ki, borclu məhkəmə iclasında borcundan 2200 manat ödəniş etməsi məzmununda izahat verməsi, lakin icra məmurunun borclu tərəfindən 1200 manat ödəniş edilməsi ilə bağlı yaranmış ziddiyyətə münasibətdə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzlərinə və icra məmurunun, tələbkarın izahatlarına əsasən borclu Şəxs 1200 manat ödəniş etməsi mötəbər sübut kimi qiymətləndirilir. Belə ki, borclunun gəlirinin az olması və ya olmaması onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, o icra sənədi üzrə tələbi tam şəkildə yerinə yetirməmiş və nəticədə icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddəsinə əsasən Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il, saat 16.25-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2026-cı il, saat 16.25-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-112/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-112/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver