Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-131/2026 27.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin yolnəqliyyat hadisələri üzrə inspektoru X6, Zərərçəkmiş şəxs X5, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin 15 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin 15 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixdə təxminən saat 14:30 radələrində Bakı-Quba avtomobil yolunun 28-ci kilometrliyinin Sumqayıt şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin inspektoru X11 tərəfindən İXP7745579 nömrəli inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, sözügedən qərar və protokolla razı deyil və onları əsassız hesab edir. Hadisə zamanı onun idarə etdiyi 77QN857 dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ zolağında dayanmış vəziyyətdə olmuş və o, sağdan gələn nəqliyyat vasitələrinin keçməsini gözləmişdir. Bu zaman X9 tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi 99EX403 dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol arxa-yan hissəsindən sürtünmə ilə hərəkət etmiş və zərbə onun avtomobilininin ön sol bufer hissəsinə qədər davam etmişdir. Hadisə zamanı onun telefon ilə çəkdiyi foto və videolar hadisə haqqında geniş məlumat verir. Buna baxmayaraq, barəsində tərtib edilmiş inzibati xəta protokolu və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar faktlara, maddi sübutlara, texniki araşdırmaya və ekspertiza rəyinə əsaslanmadan, hadisə dolğun və obyektiv araşdırılmadan qəbul edilmişdir. Hadisə ilə bağlı ciddi prosedur pozuntularına yol verilmişdir. Belə ki, qarşı tərəfin hadisə yerinə çağırdığı polis əməkdaşları özlərini təqdim etməmiş, xidməti vəsiqələrini göstərməmiş, avtomobildən düşməmiş, hadisə yerində foto və video çəkiliş aparmamışlar. Polis əməkdaşı yalnız onun sürücülük vəsiqəsini və avtomobilin texniki pasportunu almış, qarşı tərəfin isə heç bir sənədini almamışdır. O, qarşı tərəfin içkinin təsirində olmasından şübhələndiyi üçün hər iki tərəfin müayinəyə aparılmasını tələb etsə də, bu tələb təmin edilməmişdir. Qarşı tərəfin sürücülük vəsiqəsi və etibarnaməsi olmadığı halda, bu fakt rəsmiləşdirilməmiş, barəsində inzibati tədbir görülməmiş və avtomobil cərimə meydançasına yerləşdirilməmişdir. Hadisə zamanı qarşı tərəfin avtomobilinin ön dövlət qeydiyyat nişanı yerindən düşmüş, sonrakı tarixlərdə isə həmin nəqliyyat vasitəsi dövlət qeydiyyat nişanı olmadan və sürücülük hüququ olmayan şəxs tərəfindən şəhər ərazisində idarə edilmişdir. Qeyd olunan faktlar ona məlum olan tarixlər üzrə şəhər təhlükəsizlik kameralarının görüntüləri ilə təsdiq oluna bilər. Hadisə üzrə icraat aparan mayor X11 qanunvericiliklə müəyyən edilmiş 10 günlük icraat müddətini aşaraq, yəni 16 gündən sonra araşdırma aparmışdır. İcraatın əsassız şəkildə uzadılması fonunda, qarşı tərəf - X5 icbari sığorta üzrə ödəniş əldə edə bilməsi məqsədilə nəqliyyat vasitəsi üzərində sonradan sahiblik hüququnun rəsmiləşdirilməsinə şərait yaradılması ehtimalı barədə onda əsaslı şübhə yaranmışdır. Bu səbəbdən də o, icraat müddətinin uzadılmasının məqsəd və motivlərinin araşdırılmasını zəruri hesab edir. Həmçinin hadisə üzrə ekspertiza təyin edilməmiş və onun tərəfindən təqdim edilmiş foto və video sübutlar nəzərə alınmamışdır. Hadisə üzrə inspektor X11 ilə söhbət zamanı etirazını bildirdiyi zaman sonuncu qarşı tərəfin kim olması sualını verməsi obyektiv və qərəzsiz araşdırmaya kölgə salmışdır. Eyni zamanda bildirmişdir ki, qarşı tərəfi idarə edən şəxsin sürücülük vəsiqəsi və etibarnaməsi olmadığı halda, icbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən belə hallarda sığorta şirkətinin ödəniş etməyəcəyi məlum olmasına baxmayaraq, hadisənin faktiki gedişinin təhrif edilməsi, icraat müddətinin qəsdən uzadılması və barəsində əsassız olaraq zərər vurmuş şəxs kimi qərar qəbul edilməsi cəhdləri hadisənin gedişinin qəsdən saxtalaşdırılması ehtimalı barədə əsaslı şübhə yaradır. Bu səbəbdən qeyd olunan hallarla bağlı hərəkətlərin məqsəd və motivlərinin araşdırılmasını xahiş etmişdir. Bütün göstərilən faktlardan bir daha aydın olur ki, bu məsələ ilə bağlı inzibati orqan tərəfindən qanunvericiliyin göstərilən tələblərinə riayət edilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində olmadığı halda o, öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin 15 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, yol-nəqliyyat hadisəsi üzrə materiallara yenidən, obyektiv və hərtərəfli baxılmasını, inzibati icraat zamanı qanunvericiliyin tələblərinə zidd olaraq prosedur pozuntularına yol vermiş vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini və həmin şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş cəza tədbirlərinin görülməsi üçün materialların aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. X7 daha sonra şikayinə əlavəni məhkəməyə təqdim etmişdir. Əlavə ərizədə qeyd etmişdir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda xətanın mahiyyəti konkret və aydın şəkildə göstərilməmiş, hadisənin faktiki gedişi təsvir olunmamışdır. Eyni zamanda, Məcəllənin 100.5.6-cı maddəsinin tələbinə baxmayaraq, hadisə zamanı şahidlər mövcud olduğu halda onların soyadı, adı, atasının adı və ünvanları, habelə izahatları protokolda qeyd edilməmiş və iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə, zərərçəkmiş şəxs kimi göstərilən şəxs barəsində hər hansı məlumat protokolda öz əksini tapmamışdır. Bu hal da 100.5.6-cı maddənin tələblərinin pozulmasını göstərir. Həmçinin, İXM-in 100.5.7-ci maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin izahatları protokolda göstərilməli olduğu halda, izahatları ya ümumiyyətlə alınmamış, ya da protokola əlavə edilməmişdir. Bundan başqa, İXM-in 101.1 və 101.2-ci maddələrinin tələbləri pozularaq yol-nəqliyyat hadisəsi xx.xx.2025-ci il tarixində baş versə də, inzibati xəta haqqında protokol və qərar faktiki olaraq xx.xx.2026cı il tarixində tərtib edilmişdir. Protokolun yazılması ilə bağlı bildiriş də portala və onun mobil telefonuna xx.xx.2026-cı il tarixində gəlmişdir. Əlavə olaraq protokolun tərtib olunma tarixi xx.xx.2026-cı il, inzibati qərarda isə həmin protokolun tərtib olunma tarixi xx.xx.2026cı il kimi göstərilmişdir. Bu tarixlər arasındakı ziddiyyət və protokolun hadisədən xeyli müddət sonra rəsmiləşdirilməsi İnzibati Xətalar Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin kobud şəkildə pozulduğunu və icraatın sonradan formal qaydada aparıldığını göstərir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 115.1.3-cü maddəsinin tələbləri pozulaarq barəsində qəbul edilmiş qərarda fərdi identifıkasiya nömrəsi qeyd edilməmişdir. Bundan başqa, Məcəllənin 115.1.4-cü maddəsinin tələbinə baxmayaraq, işə baxılarkən müəyyən edilmiş hallar inzibati qərarda konkretləşdirilməmiş, hadisənin hansı sübutlarla hansı nəticəyə gətirdiyi göstərilməmişdir. Həmçinin, 115.1.7-ci maddənin tələb etdiyi kimi, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan müvafiq maddələr qərarda ümumiyyətlə qeyd edilməmişdir. Yuxarıda göstərilən hallar inzibati icraat zamanı əsaslı və aradan qaldırılması mümkün olmayan prosessual pozuntulara yol verildiyini sübut edir. Bu pozuntular inzibati xəta haqqında protokolun və qərarın qanunsuz hesab edilməsinə və ləğv edilməsinə əsas yaradır. Bu səbəbdən də təqdim edilmiş əlavə izahat və hüquqi əsasların nəzərə alınmasını, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X11 bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, X9 xx.xx.2025-ci il tarixində “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Bakı-Quba yolunun 28-ci kilometrliyində Bakı istiqamətinə dönmək üçün yolun geriyə dönmək üçün müəyyən edilmiş hissəsində dayandığı zaman X7 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, 77QN857 dövlət qeydiyyat nişanlı avtomobillə arxadan gəlib digər avtomobilin sağ hissəsindən keçmiş, daha sonra sola Bakı istiqamətinə dönərkən “Chevrolet Cruze” minik markalı, 77QN857 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə dayanmış vəziyyətdə olan “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuş və nəticədə hər iki avtomobil zədələnmişdir. Hadisə ilə əlaqədar hər iki sürücünün izahatları alınmış və nəqliyyat vasitələrinin fotoşəkilləri çəkilmişdir. Hər iki sürücü izahatında toqquşma yerində daha öncədən dayanmış vəziyyətdə olduğunu, digər sürücünün gəlib onun avtomobilini vurmasını bildirmişdir. Hadisə Sumqayıt şəhərinin çıxışında olduğu üçün Sülh küçəsinin çıxışında quraşdırılmış şəhərə giriş-çıxış vaxtlarını müəyyən edən xüsusi texniki vasitədən çıxarışlar əldə edilmiş və müəyyən edilmişdir ki, “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobil digər avtomobildən 5 saniyə öncə şəhər çıxışında olmuşdur. Məhkəməyə təqdim edilmiş video görüntülərlə də həmin hal bir daha öz təsdiqini tapır. Bundan əlavə X7 özü də izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsindən sonra avtombilini 05-1 metr arxaya vermişdir. Bütün bu təhlil edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobili öncədən yol-nəqliyyat hadisəsi yerində olmuş, “Chevrolet Cruze” markalı, 77QN857 dövlət qeydiyyat nişanlı avtomobil daha sonra onun sağ tərəfindən keçərək sola dönərkən “Opel Astra” markalı avtomobilin sağ ön qanadı ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər və yuxarıda qeyd etdiyi hallar hadisənin məhz bu qaydada baş verməsini bir daha təsdiq edir. Bundan əlavə bildirmişdir ki, “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 hüququ və avtomobilə dair etibarnaməsi olmadığı üçün onun barəsində də İXM-in 332.1 və 332.2-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirmişdir ki, “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobil onun arvadının mülkiyyətindədir, sürücülük hüququ olmadan həmin avtombobili idarə etmişdir. xx.xx.2025-ci il tarixində avtomobili idarə edib Sumqayıt şəhərinin çıxışından Bakı istiqamətinə dönmək üçün Quba istiqamətdən gələn avtomobilləri gözləmiş və avtomobili hərəkətsiz vəziyyətdə olmuşdur. Həmin vaxt ondan arxadan sağ tərəfdən gələn “Chevrolet Cruze” markalı avtomobil Quba tərəfən gələn avtomobillərə bax-baxa sola dönmə edərkən həmin avtombilin sol yan hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ ön qanadını vurmuşdur. Daha sonra isə avtomobilini idarə edərək bir qədər geri vermişdir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin 15 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 xx.xx.2025-ci il tarixində “Chevrolet Cruze” minik markalı, 77QN857 dövlət nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manver etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan foto və video görüntülərə əsasən müəyyən edilmişdir ki, “Chevrolet Cruze” markalı, 77QN857 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsindən öncə həmin yerə yaxınlıqda olan Sumqayıt şəhəri, Sülh küçəsində şəhərə giriş-çıxış məlumatlarını qeydə alan xüsusi texniki vasitənin yanından şəhərin çıxış istiqamətində “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobildən 5 saniyə sonra keçmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlar, inzibati xəta materialları, tərəflərin izahatları, habelə təqdim edilmiş foto və video materiallar birlikdə qiymətləndirilərək müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində Bakı–Quba avtomobil yolunun 28-ci kilometrliyində “Chevrolet Cruze” markalı, 77QN857 dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra” markalı, 99EX403 dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermişdir. Sumqayıt ŞPİ-nin DYPŞ-də aparılmış araşdırmanın nəticələrindən görünür ki, “Opel Astra” markalı avtomobil hadisə zamanı Bakı istiqamətinə dönmək məqsədilə yolun geriyə dönmə üçün müəyyən edilmiş hissəsində dayanmış vəziyyətdə olmuşdur. Həmin vaxt “Chevrolet Cruze” markalı avtomobil arxadan hərəkət edərək sözügedən nəqliyyat vasitəsinin sağ tərəfindən keçmiş, daha sonra sola — Bakı istiqamətinə manevr edərkən özünün sol yan hissəsi ilə dayanmış vəziyyətdə olan “Opel Astra” markalı avtomobilin sağ ön (bamper) hissəsi ilə toqquşmuşdur. Aparılmış araşdırma zamanı bu hal “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü X4 əks hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması kimi qiymətləndirilmiş, nəticədə onun Azərbaycan Respublikası İXMin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. X3 şikayətlə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobilin artıq dayanmış vəziyyətdə olduğunu, digər nəqliyyat vasitəsinin sonradan gəlib qabaq sağ hissəsi ilə onun avtomobilinin sol yan hissəsinə çırpıldığını bildirmişdir. Lakin, məhkəmə şikayətçinin bu dəlillərini iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək onları əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş foto və video materiallarla “Opel Astra” markalı avtomobilin yol-nəqliyyat hadisəsinin baş verdiyi sahəyə yaxın yerdən digər avtomobildən təxminən 5 saniyə əvvəl keçdiyi müəyyən edilmişdir. Bu fakt “Opel Astra” markalı avtomobilin yol-nəqliyyat hadisəsi yerinə daha öncə çatmasını, “Chevrolet Cruze” markalı avtomobilin isə sonradan həmin yerə gəlməsini və bundan sonra yolnəqliyyat hadisəsinin baş verdiyini təsdiq edir. Eyni zamanda, yol-nəqliyyat hadisəsindən dərhal sonra hadisə yerində çəkilmiş fotoşəkillərdə avtomobillərdə yaranmış zədələrin xarakteri də məhkəmənin gəldiyi qənaəti təsdiq edir. Belə ki, “Opel Astra” markalı avtomobilin ön bamperinin sağ hissəsinin zədələnməsi, bamperin yerindən qoparaq avtomobilin ön hissəsindən xeyli irəli çıxması zərbənin arxadan və yan istiqamətdən gəldiyini göstərir. Əgər “Opel Astra” markalı avtomobil hərəkətdə olaraq özünün sağ ön hissəsi ilə digər avtomobilin sol yan hissəsinə çırpılmış olsaydı, zərbənin xarakterinə görə bamperin bu formada qopması və önə doğru çıxması mümkün olmazdı. Məhkəmə həmçinin qeyd edir ki, yol-nəqliyyat hadisəsi yolun geriyə dönmə üçün müəyyən edilmiş hissəsinin son nöqtəsində, yəni artıq nəqliyyat vasitələrinin bilavasitə sola manevr etməyə başladığı ərazidə baş vermişdir. Bu hal da “Chevrolet Cruze” markalı avtomobilin məhz sola manevr etdiyi zaman yol hərəkəti qaydalarını pozaraq toqquşmaya səbəb olmasını bir daha təsdiqləyir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutların qiymətləndirilməsi nəticəsində şikayətçinin dəlillərinin öz təsdiqini tapmaması, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş qərarın isə işin faktiki halları və qanunvericiliyin tələblərinə uyğun olduğu qənaətinə gəlinir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin 15 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin 15 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin 15 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-131/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-131/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver