Məhkəmə qərarları › İş №3(5-155)-135/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-135/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-135/2026 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs təsisçi-direktoru X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 5/81, mənzil 15 ünvanında olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 14 yanvar 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 20000.10 (iyirmi min dollar 10 sent) məbləğində vəsaiti 12 dekabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20000.10 (iyirmi min dollar 10 sent) məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 13 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, həmçinin protokolu tərtib orqanın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək **********4961 saylı bəyannamə ilə 20000 USD avans ödənişinin 11554.61 USD hissəsi 2 ildən sonra yəni gecikmə ilə xx.xx.2026-cı il tarixində idxal edildiyini bildirmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Şəxs təsisçi-direktoru X2 bildirmişdir ki, 2-3 gün gecikmə olub. Məhsulların pulunu ödəsə də, müəyyən səbəblərə görə mallar göndərilməmişdir. Mərkəzi Banka bununla bağlı müraciət etməyib. Çin və Türkiyə ilə malların alqı-satqısını edir. İndiki müqaviləni isə Çinlə bağlayıblar. Həmin gömrük bəyannaməsini növbəti məhkəmə iclasında təqdim edəcək. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Şəxs təsisçi-direktoru X2 bildirmişdir ki, 11 min dollar ödənişin gecikməsinin səbəbi məhsullar xarici ölkə tərəfindən gec istehsal olunmasıdır. Həmçinin yük daşıma şirkətinin gecikmə ilə bağlı məktubu daxil olmuşdur. Şəxs MMC elektrik məhsullarını Çindən müqavilə əsasında alıb. 2022-2023-cü illərdən bəri həmin ölkə ilə məhsul dövriyyələri olub, təxminən 2-3 dəfə isə müqavilə bağlanılıb, 5-6 dəfə xarici ölkəyə pul vəsaiti göndərilmişdir. Bu müddət ərzində xarici ölkə də öz öhdəliyini yerinə yetirib. Bundan başqa F.Şirinov bildirmişdir ki, protokolda qeyd edilən məhsul 3-4 günə gömrük orqanında olacaq. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Şəxs təsisçi-direktoru X2 məhkəmədən gecikmələr olmasının nəzərə alınaraq MMC barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 20000.10 (iyirmi min dollar 10 sent) məbləğində vəsaiti 12 dekabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20000.10 (iyirmi min dollar 10 sent) məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 13 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. - “X7” MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən X6 X5 Ltd şirkətinə verilmiş sifariş xx.xx.2025-ci il tarixdə daşıyıcı şirkət qismində fəaliyyət göstərən “X7” MMC-nin anbarına qəbul edilmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə əlavə etdiyi ərizəsində bildirmişdir ki, **********4961 saylı bəyannamə ilə 20000 USD avans ödənişinin 11554.61 USD hissəsi 2 ildən sonra yəni gecikmə ilə xx.xx.2026-cı il tarixində idxal edildiyini bildirmişdir. - "xxxx" ASC tərəfindən verilmiş idxal olunan mal və xidmətlərlə bağlı müştərilərin qabaqcadan ödənişləri barədə hesabatdan görünür ki, Şəxs MMC 20000.10 (iyirmi min dollar 10 sent) məbləğində vəsaiti 12 dekabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20000.10 (iyirmi min dollar 10 sent) məbləğində vəsait hesabına mal alınmışdır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 20000.10 (iyirmi min dollar 10 sent) məbləğində vəsaiti “Finanksbank”ın hesabına köçürülmüşdür. - “X7” MMC-nin Şəxs MMC-ə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, sifariş etmiş olduğunuz yükün xx.xx.2026-cı il tarixində Hefei stansiyasından reyslə çıxışı təmin edilmişdir. xx.xx.2026-cı il tarixində konteyner Aktau limanına daxil olmuşdur. Hava şəraitinin dəyişkənliyi səbəbindən Aktau limanında yaranmış sıxlıq, öz növbəsində, sərhəd-keçid məntəqələrində yubanmalara gətirib çıxarmışdır. Yükün prioritet əsaslarla yüklənməsi və sürətlə Bakı şəhərinə çatdırılması üçün bütün imkanlar səfərbər olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol üzrə formal olaraq inzibati xəta tərkibi mövcud olsa da, fakt üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmir. İşin hallarından göründüyü kimi 20000.10 ABŞ dolları məbləğındə vəsait ölkə xaricinə köçürülmüş, avans ödənişinin 11554.61 ABŞ dolları hissəsi 2 ildən sonra gecikmə ilə idxal edilmişdir. Mikron-Led MMC tərəfindən ölkə xaricinə köçürülmüş 20000.10 ABŞ dolları vəsaitin 11.554.61 ABŞ dolları hissəsinin gecikdirilməklə köçürülməsində hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmir. İş materiallarında olan daşıyıcı şirkət olan “X7” MMC-nin xx.xx.2026-cı il tarixli məktubuna əsasən sifariş xx.xx.2025-ci il tarixində sonuncunun anbarına təhvil verilmişdir. Bundan başqa “X7” MMC-nin Şəxs MMC-ə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubuna əsasən xx.xx.2026-cı il tarixində konteyner Aktau limanına daxil olmuş, hava şəraitinin dəyişkənliyi səbəbindən Aktau limanında yaranmış sıxlıq, öz növbəsində, sərhəd-keçid məntəqələrində yubanmalara gətirib çıxarmışdır. Yükün prioritet əsaslarla yüklənməsi və sürətlə Bakı şəhərinə çatdırılması üçün bütün imkanlar səfərbər olunmuşdur. Qeyd edilən məktublardan nəticəyə gəlmək mümkündür ki, müvafiq gecikmələr Şəxs MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bundan başqa 8445,39 ABŞ dollarına münasibətdə məhkəmə qeyd edir ki, həmin məbləğ 10000 ABŞ dollarından az olduğuna görə İXM-in 430.4-cü maddəsinin tərkibini yaratmır. Bununla da, Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının tələblərinə əsasən İXM-in 3-cü və 12-ci maddələrinin müddəalarına uyğun inzibati xəta hadisəsinə qiymət verilməli, İXM-in 53.2-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının təsviriəsaslandırıcı hissəsində aşağıdakılar qeyd edilmişdir. -Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. -İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. -Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. -X3 Heyəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında müəyyən edilmiş tövsiyələrinə uyğun olaraq, həmçinin son illər ölkənin tədiyə balansının göstəricilərində müşahidə edilən yaxşılaşmanı, gömrük nəzarətinin, bütövlüklə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələrini nəzərə alaraq 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik etmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmışdır. Bundan başqa idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından görünür ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədiyi, işlər görülmədiyi və ya xidmətlər göstərilmədiyi hallarda ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda inzibati xəta tərkibi yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar