Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-141/2026 21.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Laçın rayonu, Bozlu kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Laçın rayonu, Bozlu kəndində ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, sürücülük məktəbinin arxasındakı yataqxanada yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Təhməzov X4 rayon Məhkəməsinin 2(038)- 328/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X6 izahatında bildirdi ki, Yardımlı rayon Məhkəməsinin 2(038)-328/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi 17 yanvar 2025-ci ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olub. Borclu aliment borcundan daimi olmasa da, müəyyən qədər ödəniş edib. Belə ki, 08 iyul 2025-ci il tarixində 170 manat, 02 oktyabr 2025-ci il tarixində 170 manat, 16 noyabr 2025-ci il tarixində 170 manat olmaqla borclu tərəfindən ödənişlər edilib. Borclu ilə əlaqə saxlamaq mümkün olmadığından 24 dekabr 2025-ci il tariixndə barəsində axtarış qərarı qəbul edilərək icrası qeydiyyatda olduğu yer üzrə Polis İdarəsinə həvalə edilib. Borclunun hazırda 1500 manat aliment borcu var. O, bu günkü tarixdə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış və izahatında bildirmişdir ki, hazırda borcundan heç bir ödəniş edə bilmir, səbəbi isə işsiz olmağıdır, lakin bundan sonra hər ay 200 manat ödəniş edəcək. Tələbkarla telefon vasitəsilə əlaqə saxlanılmış və o, borcunu tam şəkildə tələb etdiyini bildirmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu sonuncu çağırışlara gəlməyib. Borclunun tələbi yönəldilə biləcək hər hansı əmlakı aşkar edilməmişdir. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü təqsirli bilmir. Hazırda 1500 manat borcu var və borcundan heç bir ödəniş edə bilmir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borcunu ödəyə bilməməsinin səbəbi işsiz olmağıdır. 1-ci həyat yoldaşından 13 və 14 yaşlı, 2-ci həyat yoldaşından isə 4 yaşlı övladı var. Borcunu hazırda ödəyə bilməsə də, hər ay 200 manat ödəniş edəcək. 2-ci həyat yoldaşı Yardımlı rayonunda qardaşı ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, borclunun ödəniş edə bilməməi və digər ailəsində 2 övladının olmasını nəzərə alaraq yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin 2(038)-328/2024 saylı, xx.xx.2024-cü saylı icra vərəqəsindən görünür ki, Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli MŞL-01044 №-li barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən, başlayaraq xx.xx.2021-ci il i təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği 44 manat cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsilə qət etdi: Cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(038)-328/2024 saylı qətnaməsi dəyişdirilsin və cavabdeh Şəxs xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulmalı olan məbləğ 170 (bir yüz yetmiş) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Yardımlı rayon Məhkəməsinin 2(038)-328/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi xahiş olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, məhkəmə qərarı verilən vaxtdan bəri hər ay 100 manat ödəniş edir.xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə də 100 manat ödəniş edib. Maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilmir. Hər ay 100 manat ödəməyə imkanı çatır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, işsiz olduğuna görə aliment borcunu ödəyə bilmir. Ayağı sındığı üçün icra məmurunun çağırışlarına gələ bilməyib. Hazırda aliment borcundan heç bir ödəniş edə bilmir. Hər ay aylıq alimentlə birlikdə cəmi 200 manat ödəyəcək. İş materiallarına əlavə edilmiş EMİS çıxarışından görünür ki, 2011-ci il təvəllüdlü Fidan Təhməzzadə, 2013-cü il təvəllüdlü Barat Təhməzzadə, 2021-ci il təvəllüdlü X8 Təhməzzadənin uşaqlarıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, borclu icra sənədi üzrə qismən ödənişlər etmiş, beləliklə, 1500 manat aliment borcu yaranmışdır. İcra sənədinin vaxtında və tam icra edilməməsi üçün hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Bununla da, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs barəsində tənbeh tətbiq edərkən onun himayəsində 1(bir) azyaşlı, 1(bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, az miqdarda da olsa alimentləri ödəməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun himayəsində 1 (bir) azyaşlı, 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-141/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-141/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver