Məhkəmə qərarları › İş №3(5-155)-158/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-158/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-158/2026 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 və X5 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev, ev Texno-park sahəsi-də olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 yanvar 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən ********.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 30 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində ********.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 01 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mərkəzi Bankın nümayəndəsi X8 bildirmişdir ki, "xxxx"dan daxil olmuş məlumatlar əsasında tərəflərindən protokol tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən ********.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 30 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, bir hissəsi bəyan olunmuş və ********.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bəzi lazımi sənədləri və məxfi sənədləri əldə etmişlər və Mərkəzi Bankın məxfi işlər şöbəsində baxılmışdır. Lakin məbləğ yüksək olduğundan və araşdırmaq səlahiyyəti olmadıqlarından protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişlər. Eyni zamanda protokol tərtib edilən vaxt məbləğ 35 milyon həcmində olsa da hazırda 29 milyon həcmində təşkil edir, bu da o deməkdir ki, malların idxalı hələ də davam edir. Müddətin uzadılması məsələsinə isə səlahiyyət çərçivəsində qiymət verə bilməmişlər. Mərkəzi Bankın əsas məqsədi tədiyyə balansını qorumaqdır. Bu məqsədlə protokol tərtib olunaraq məhkəməyə müraciət edilmişdir. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X9 və X10 etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Etiraz ərizəsindən görünür ki, "xxxx" MMC (bundan sonra "STP") barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında 3(5-155)-158/2026 saylı iş vardır. Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra "Mərkəzi Bank") tərəfindən STP barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair 19 yanvar 2026-cı il tarixli EP №0358151 saylı inzibati xəta haqqında protokol (bundan sonra "Protokol") tərtib edilmişdir. Mərkəzi Bank tərəfindən inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi STP tərəfindən xx.xx.2023-cü il tarixində 40.500.000,00 (qırx milyon beş yüz min) ABŞ dolları məbləğində vəsaitin bank vasitəsi ilə avans olaraq ölkə xaricinə ödənilməsi və ödəniş edildiyi tarixdən 2 (iki) il müddətində bu pul vəsaitindən 35.189.915,56 (otuz beş milyon bir yüz səksən doqquz min doqquz yüz on beş dollar əlli altı sent) ABŞ dolları məbləğində alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi və ya həmin məbləğdə valyuta vəsaitinin geri qaytarılmaması olduğu göstərilmişdir. 1.Əvvəlcə onu qeyd edirlər ki, Protokolu tərtib edən şəxsin səlahiyyətli olması barədə təsdiqedici sənəd məhkəməyə təqdim olunan sənədlər arasında mövcud deyil. Nəticədə şəxsin səlahiyyətli olmaması Protokolun qanuniliyini şübhə altına alır və müvafiq olaraq cərimənin tətbiqini istisna edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 2. Daha sonra onu qeyd edirlər ki, STP ilə X15 Ltd. Şirkəti (bundan sonra "Elbit") arasında 26 Oktyabr 2023-cü il tarixli STP-ESL-202310 Müqavilə (bundan sonra "Müqavilə") imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, Elbit tərəfindən təchiz edilməsi nəzərdə tutulan malların və xidmətlərin müqabilində STP tərəfindən Elbit-ə 30 noyabr 2023-cü il tarixində 40.500.000,00 (qırx milyon beş yüz min) ABŞ dolları məbləğində avans ödənişi edilmişdir. Elbit tərəfindən təchiz olunan mallar və xidmətlərə dair həmin məbləğin bir hissəsi əvəzləşdirimiş, lakin 35.189.915,56 (otuz beş milyon bir yüz səksən doqquz min doqquz yüz on beş dollar əlli altı sent) ABŞ dolları hissəsi açıq qalmışdır. Həmçinin, Müqavilənin icrasının avans ödənişin həyata keçirildiyi tarixdən 60 (altmış) ay ərzində icra edilməsi və bu Müqavilənin Tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədə olması nəzərdə tutulmuşdur. O cümlədən xüsusi ilə onu qeyd edək ki, Müqavilə üzrə hüquq və öhdəliklərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx") ötürülməsinə dair 05 oktyabr 2025-ci /7 tarixində üçtərəfli (STP, Elbit və SAMT arasında) Saziş imzalanmışdır. Həmin Sazişin 5-ci bəndinə əsasən yarana biləcək öhdəliklərə görə Alıcı qismində çıxış edən SAMT məsuliyyət daşıyır. Belə ki, müqavilə üzrə mallar və xidmətlərdən faydalanan və maraqlarına toxunan tərəf SAMT-dır ki, nəticədə bu müqavilə STP mənafeyinə xidmət etmir. Əksinə alınan mallar SAMT-ın mülkiyyətinə keçir və idxal olunacaq mallar və göstərilən xidmətlər onun tərəfindən istifadə ediləcək. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının (bundan sonra "Qaydalar") 4.3.1.3-cü yarımbəndinin tələbi baxımından artıq STP sözügedən Müqavilənin tərəfi kimi çıxış etmir və ona görə də Qaydaların hazırkı bəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin korrespondent banka təqdim olunması və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs, yəni Elbit tərəfindən müqavilə üzrə ödənilmiş məbləğ SAMT-a geri qaytarılmalıdır. Həmçinin, Protokolda xətanın törədildiyi tarix xx.xx.2025-ci il göstərilmişdir ki, həmin tarixdə STP artıq inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilməzdi. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Mərkəzi Bank bu məqama ümumiyyətlə diqqət etməmiş, STP ilə ELBİT arasında olan müqavilə münasibətləri SAMT-a ötürüldüyündən əsassız olaraq STP barəsində Protokol tərtib edilmişdir. 3. Bu arada onu bildirirlər ki, hazırkı Müqavilə münasibətləri üzrə öhdəliklərin icra edilməsinə İsrail-İran müharibəsidə təsir etmişdir. Belə ki, hamıya bəlli olduğu kimi əməkdaşlıq etdiyimiz şirkətin olduğu ərazidə müharibə ilə əlaqədar insanların həyat və sağlamlığını qorumaq məqsədi ilə müvafiq məhdudiyyətlərin tətbiq olunması, müharibə sonrası infrastrukturun bərpası və digər əlaqəli tədbirlərin görülməsi şirkətlərin kontragentlər qarşısında olan öhdəliklərinin icrasının ləngiməsinə təsirsiz ötüşməmişdir. 4. Həmçinin onu əlavə edək ki, açıq mənbədə paylaşılmış məlumatlara əsasən STP ilə İsrail şirkəti X15 LTD1 ilə strateji tərəfdaşlıq memorandumları imzalanmış və müdafiə sənayesi sektorunda texnoloji inkişafa, həmçinin innovativ həllərə dair xüsusi layihələrin həyata keçirilməsi barədə öhdəlik götürülmüşdür. Bu layihələr üzrə aparılan əməkdaşlıqlar kooperasiya üzrə əlaqələri haqqında məlumatları ehtiva etdiyindən "Dövlət sirri haqqında" qanuna əsasən dövlət sirrini təşkil edən məlumatların Mərkəzi Bank tərəfindən əldə olunması zamanı sözügedən qanunla müəyyən olunmuş tələblər nəzərə alınmamış və nəticədə qanunla müəyyən olunmuş qaydalara riayət edilməmiş və hazırkı işdə İXM-in 53.2-ci maddəsinə əsasən istifadə edilən sübutlar qanuna uyğun əldə edilmədiyinə görə STP-yə münasibətdə inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Bundan başqa nəzərə almaq lazımdır ki, tərəflər arasında aparılan əməkdaşlıq Azərbaycan Respublikası ordusunun və Müdafiə Sənayesi Nazirliyi sahəsinin hərbi gücünün artırılmasına töhfə verməsinə xidmət edir. Azərbaycan Respublikasının "Dövlət sirri haqqında" qanunun 5.2.4-cü maddəsinə əsasən dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının, ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə hesabatları, kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirrini təşkil edir. Həmçinin onu da məlumat üçün qeyd edirlər ki, əsasən "Dövlət sirri haqqında" qanunun tələbinin pozulması və müharibə əsası ilə icraata xitam verilməsi barədə analoji işlər üzrə müxtəlif məhkəmələr tərəfindən 3(0606)-2530/2025 saylı xx.xx.2025-ci il tarixli, 3(105)- 63/2024 saylı xx.xx.2024-cü il, 3(012)-189/2020 saylı xx.xx.2020-ci il, 3(012)-6/2020 saylı xx.xx.2020-ci il tarixli qərarlar qəbul edilmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən müddətin uzadılması ilə bağlı Mərkəzi Banka müraciət edilmişdir. Bu layihə çərçivəsində hazırlanan məhsul Azərbaycan ordusu üçün ən strateji məhsullardan biridir. Bu müqaviləni çox qısa müddətdə bağlamışlar və hal-hazırda malların idxalı davam edir. Bunu təqdim etdikləri yük gömrük bəyannamələri təsdiq edir. Burada hər hansı bir qəsd yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 nümayəndə X1 dediklərini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Şahid qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 19 yanvar 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolu geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Texnologiyalar Parkı MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 01-56-H nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti f'STP") ilə İsrail Respublikasının X15 Ltd. Şirkəti ("Elbit") arasında 26 Oktyabr 2023-cü il tarixli STP-ESL- 202310 Müqavilə ("Müqavilə") imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, Elbit tərəfindən təchiz edilməsi nəzərdə tutulan malların və xidmətlərin müqabilində STP tərəfindən Elbit-ə 30 noyabr 2023-cü il tarixində 40.500.000,00 (qırx milyon beş yüz min) ABŞ dolları məbləğində avans ödənişi olunmuşdur. Elbit tərəfindən təchiz olunan mallar və xidmətlər ilə həmin məbləğin bir hissəsi əvəzləşdirimiş, lakin 35.189.915,56 (otuz beş milyon bir yüz səksən doqquz min doqquz yüz on beş dollar əlli altı sent) ABŞ dolları açıq qalmışdır. Həmçinin, Müqavilənin icrasının avans ödənişin həyata keçirildiyi tarixindən 60 (altmış) ay ərzində icra edilməsi və bu Müqavilənin Tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədə olması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan"nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlər korrespondent banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs ("Elbit") tərəfindən ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində korrespondent bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Belə ki, Müqavilə əsasında təchiz edilən avadanlığın istehsal olunmasının mürrəkəbliyini, sözügedən avadanlığın təchiz edilməsi üçün Elbit tərəfindən İsrail hökümətindən müvafiq ixrac lisenziyalarının alınmasında texniki və inzibati yubanmaların yaranması, həmçinin Yaxın Şərq regionunda baş verən hərbi əməliyyatlar nəticəsində təchizat zəncirinin pozulması səbəbindən Müqavilə üzrə malların idxalında gecikmələr baş vermişdir. Elbit tərəfindən bildirilmişdir ki, sözügedən malların təchizatı onlare tərəfindən təmin ediləcəkdir. Əlavə olaraq bildiririk ki, STP yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində "X7" Məhdud Məsuliyyətli Cəmiyyəti ("MTC") təsis olunmuş və STP-nin nizamnamə kapitalındakı pay və həmin paya uyğun əmlak, hüquq və vəzifələr 16 iyul 2025-ci il tarixli Təhvil-təslim aktı əsasında MTC-ə ötürmüşdür. STP tərəfindən Elbit-ə ödənilən avans ödənişi müqabilində təchiz ediləcək avadanlığın və digər əsas vəsaitlərin, həmçinin Müqavilə əsasında bütün hüquq və öhdəliklərinin MTC-nin törəmə müəssisəsi və eyni zamanda Müqavilə əsasında yaradılacaq zavodun əməliyyat şirkəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ("xxxx") ötürülməsi, hüquq və öhdəliklərinin ötürülməsinə dair müvafiq sazişin 05 oktyabr 2025-ci il tarixində imzalanması ilə yekunlaşmışdır. Nəticə olaraq, 05 oktyabr 2025ci il tarixindən sonra Müqavilə çərçivəsində təchiz edilən avadanlığın SAMT tərəfindən təhvili və zəruri sənədləşmənin aparılması üçün lazımi tədbirlər görüləcək. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 05 oktyabr 2025-ci il tarixindən başlayaraq Müqavilə çərçivəsində Sifarişçi (Customer) qismində SAMT-ı tanımağı və ödənilmiş avansın müqabilində "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndində qeyd olunan müddətin SAMT-a münasibətdə Müqavilə qüvvədə olduğu müddət, yəni avans ödənişinin həyata keçirilməsi tarixindən 60 (altmış) ay müddətinədək uzadılması məsələsini nəzərdən keçirmək xahiş olunmuşdur. Göründüyü kimi Sumqayıt Texnologiyalar Parkı MMC-nin nizamnamə kapitalındakı pay və həmin paya uyğun əmlak, hüquq və vəzifələr 16 iyul 2025-ci il tarixli Təhvil-təslim aktı əsasında "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. 05 oktyabr 2025-ci il tarixində isə STP tərəfindən Elbit-ə ödənilən avans ödənişi müqabilində təchiz ediləcək avadanlığın və digər əsas vəsaitlərin, həmçinin Müqavilə əsasında bütün hüquq və öhdəliklərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülməsi, hüquq və öhdəliklərinin ötürülməsinə dair müqavilə bağlanmışdır. Eyni zamanda təqdim edilmiş gömrük bəyannamələrindən də görünür ki, xx.xx.2026-cı il tarixdən malların idxalını həyata keçirən müəssisə "xxxx" MMC-dir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş material geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın.. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar