Məhkəmə qərarları › İş №3(5-155)-167/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-167/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-167/2026 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33350619 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33350619 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 (bundan sonra şikayətçi adlandırılacaq) Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM adlandırılacaq) 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməkdə təqsirləndirilir. xx.xx.2026-cı il tarixli, EQ33350619 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, guya xx.xx.2026-cı ildə, saat 16:07:03-də Sumqayıt şəhəri Polad Həşimov küçəsində "Mercedes Benz" E200 CDİ minik markalı 99ER443 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edib. Nəticədə, Azərbaycan Respublikası İXM-nin 327.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib. Qərara əsasən şikayətçi 150 (yüz əlli) manat cərimə məbləği ödəməlidir. Hazırda şikayətçi hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar həm işin faktiki halları baxımından, həm də prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Şikayətçi bildirir ki, inzibati xətanın baş verdiyi iddia edilən yer, yəni, Sumqayıt şəhəri Polad Həşimov küçəsində hərəkəti istiqaməti birtərəfli deyil, ikitərəflidir. Yolun birtərəfli olmasına dair hər hansı nişan da yoxdur. Bunu inzibati xətara əlavə edilən fotogörüntü də təsdiq edir. Həmin görüntüdə şikayətçiyə məxsus avtomobillə birlikdə digər avtomobilin də yolda hərəkət etdiyi görünür. Digər tərəfdən fotogörüntüdən o da məlum olur ki, yol xətlənməyib, orda ötmə və s. də qadağan edilməyib. Bundan başqa, şikayətçi heç bir yerdə işləmir, yeganə qazanc yeri 370 manat aylıq pensiya məbləğidir. Bu məbləğdən borcları və aylıq kommunal və digər xəcləri çıxdıqdan sonra isə 220 manat qalır. Bu məbləğ isə şikayətçinin yaşamaq üçün ən minimum xərclərini belə ödəmir. Başqa sözlə desək, inzibati cərimə məbləği onun maddi imkanlarına heç cür uyğun deyil və onun üzərinə həddən artıq yük qoyur. Şikayətçinin yaşayışını təmin edə biləcək hər hansı digər əhəmiyyətli gəliri yox səviyyəsində olduğuna görə bu məbləği ödəmək onu neqativ təsirləndirir. Yuxarıda qeyd edilənləri əsas tutaraq və Azərbayacn Respublikası İXM-nin 53,105.1,114.1.4,114.2.1 və 135.1.5 maddələrini rəhbər tutaraq Məhkəmədən Xahiş edirəm: 17.01. 2026-cı il tarixli, EQ33350619 saylı inzibati tənbeh vermə haqqında cərimə qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmədə iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, 17 yanvar 2026-cı il tarixində nəvəsini məşğələyə aparmış, nəvəsini düşürtdükdün sonra P.Həşimov küçəsinə daxil olaraq hərəkət etmişdir. Orada qarşıda quraşdırılmış kamera vasitəsilə qanun pozduğu üçün ona İXM-nin 327.4-cü maddəsi ilə 150 manat cərimə gəlib. Lakin qeyd edir ki, həmin yoldan gündəlik olaraq istifadə edir. Orada hər hansı nişanlanma və ya ötməni qadağan edən, üfüqi nişanlanma, yol xətləri yoxdur. Həmin yol ikitərəflidir, həmin maddə isə birtərəfli yol ilə bağlıdır. O, protokolda göstərilən İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmamışdır. S.Vurğun küçəsi ilə P.Həşimov küçəsinin kəsişməsindən dənizkənarı əraziyə düşən yol ikitərəflidir. Məhkəmədən şikayətinin təmin olunmasını və yazılmış 150 manat cərimənin silinməsini xahiş etmişdir. İş materiallarında olan DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33350619 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 həmin tarixdə “MERCEDES BENZ E200 CDİ MİNİK” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili Polad Həşimov küçəsində idarə edərkən 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətdə hərəkət etmə xətasına görə Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan elektron qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “MERCEDES BENZ E200 CDİ MİNİK” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil digər nəqliyyat vasitəsini ötür. Məhkəmə iclası zamanı şikayətçi tərəfindən mobil telefonu vasitəsi ilə təqdim edilmiş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən məlum olmuşdur ki, inzibati xəta hadisəsi qeydə alınmış yolda iki istiqamət üzrə nəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.4-cü maddəsinin dispozisiyası alternativ tərkiblidir. Belə ki, maddənin dispozisiyası “birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə”, həmçinin “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə” görə inzibati məsuliyyət müəyyən etmişdir. Həmin inzibati xətalardan hər hansısa birinin törədilməsi şəxsin İXM-in 327.4-cü maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Hazırkı mübahisələndirilən qərarın məzmunundan görünür ki, elektron qərar sürücünün “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə əsası ilə tərtib edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 6-cı hissəsinə əsasən üfüqi nişanlanma xətti olan 1.1 əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həmin yolda nəqliyyat vasitələri iki istiqamət üzrə hərəkət edir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, inzibati xəta hadisəsi qeydə alındığı yerdəki 1.1 üfüqi nişanlanma xətti, məhz əks istiqamətli nəqliyyat axınını ayırır. 1.1 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət etmək İXM-in 327.4-cü maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33350619 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33350619 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33350619 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar