Məhkəmə qərarları › İş №3(5-155)-168/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-168/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-168/2026 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33358987 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33358987 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, özünə məxsus Mersedes markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən xx.xx.2026-cı il tarixində Sumqayıt şəhər Ü.Hacıbəyov küçəsində avtomobini saxlayıb ordan uzaqlaşdı.Təhlükəsiz Şəhər Kamerası onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə dayanma durma qaydalarını pozduğuma görə elektron protokol tərtib edib. Sumqayıt şəhər DYP idarəsininə yaxınlaşıb öz etirazını bildirdi ki, avtomobilini saxladığı yerdə heç bir qayda pozuntusu yoxdur. Onlardan xahiş elədi ki, ona izah etsinlər ki, hansı qaydada dayanma durmanı pozub. Onlar ona heç bir məlumat vermədilər. O, 1.1 üfüqi nişanlama xəttini sağ tərəfdən kəsib keçdi. Yol nişanlama qaydasına görə 1.1 üfüqi nişanlama xəttini sağ tərəfdən kəsib keçib saxlamağa icazə verilir. Onun AR DİN SŞYPİ tərəfindən barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, EQ 33358987 inzibati tənbeh vermə haqqında elektron qərarını əsassız sayılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 bildirdi ki, xx.xx.2026-cı il tarixində avtomobilini idarə edərkən Sumqayıt şəhəri təhlükəsizlik kameralarından dayanma və durma qaydalarını pozduğuna görə İXM-nin 346.1-ci maddəsi ilə barəsində protokol tərtib olunmuşdur. O, 1.1 üfüqi nişanlanma xəttinda yolun hərəkət hissəsi ilə yolun hərəkət olmayan hissəsi arasındakı xətti tapdalayaraq avtomobilini saxlamışdır. Qeyd edir ki, qanunun 52-ci maddəsinə əsasən həmin xəttin üzərində avtomobil saxlamaq olar. Həmçinin, bildirmişdir ki, həmin yerdə piyada zolağı yoxdur. Məhkəmədən barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmədə iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, AR Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ 33358987 saylı protokol üzrə xx.xx.2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33358987 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 həmin tarixdə olan "MERCEDES E220 CDİ MİNİK" markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ü.Hacıbəyov küçəsində idarə edərkən nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş durma qaydalarını pozmuşdur. Buna görə də sürücü X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, qara rəngli “Mersedes Benz” markalı avtomobil 1.1 üfüqi nişanlanma xəttini keçərək səkinin qarşısında dayanıb və ya durub. Məhkəmə qeyd edir ki, elektron qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında lazımı qaydada məlumat verməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və ya hər hansı sübut təqdim etməmişdir. Şikayətçi tərəfindən 1 ədəd fotoşəkil təqdim edilmiş, həmin fotoşəkillə sürücünün hansı dayanma və ya durma qaydasını pozması müəyyən edilməmiş, bununla da inzibati xəta hadisəsində sürücünün təqsirli olub-olmaması barədə yekun nəticəyə gəlmək mümkün olmamışdır. Belə ki, elektron qərarı qəbul etmiş orqan inzibati xəta hadisəsi üzrə araşdırma apararkən digər foroşəkil və ya videoşəkilə baxış keçirməli, həmin ərazidə nəqliyyat vasitəsinin dayanma və ya durmasının 52-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalı, hadisədə dayanma və ya durmanın qaydalarının pozulmadığı müəyyən edildikdə, əmələ Yol hərəkəti haqqında Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 2ci bəndinin tələblərinə uyğun qiymət verilməlidir. Məhkəmə hesab edir ki, şikayətdə göstərilən xüsusatlar mühüm əhəmiyyət kəsb edən faktiki hallar olduğundan araşdırılması üçün DİN-nin BDYPİ-yə göndərilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli EQ33358987 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənləri iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilərək şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyinin EQ 33358987 saylı protokol üzrə xx.xx.2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. AR Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ 33358987 saylı protokol üzrə xx.xx.2026-cı il tarixli qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar