Məhkəmə qərarları › İş №3(5-155)-178/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-178/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-178/2026 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, Səid Alırzayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da ünvan 2 ünvanı yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirilərkən narkotik vasitə marixuana və psixotrop madddə metamfetamin istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi Səid Alırzayev izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da ünvan 2 ünvanı yaxınlığında polis əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılıb Sumqayıt ŞPİnə gətirilərkən narkotik vasitə marixuana və psixotrop madddə metamfetamin istifadə etməsi müəyyən olunmuşdur.Təhqiqat şöbəsində təhqiqatçı tərəfindən araşdırma aparılarkən Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün iş onun icraatına verilib. Buna görə də, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Əməlindən peşmandır. 1-2 ay əvvəl narkotik vasitələrdən istifadə edib, lakin hazırda həmin maddələrdən uzaqlaşmağa çalışır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, metamfetamindən və marixuanadan çəkmə üsulu ilə istifadə edib. Saxlanılarkən ona qarşı hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda əməlini səmimi etiraf edir və peşmandır, həmçinin himayəsində 2 azyaşlı övladı var. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı və işdə olan sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da ünvan 2 ünvanı yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirilərkən narkotik vasitə marixuana və psixotrop madddə metamfetamin istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 19:30-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 15:00-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Şəxs şübhəli şəxs statusuna xitam verilmiş və dərhal azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan görünür ki, sorğu zamanı Şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut olmadığını, lakin buna baxmayaraq təxminən bir ay əvvəl psixotrop maddə metamfetamin qəbul etdiyini bildirdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilmişdir.Onun əməlində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğu üçün aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PBnə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 492 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixotimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2025-ci il tarixdən Sumqayıt şəhər ND-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli A/2929 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin protokolundan görünür ki, Şəxs narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin qəbul faktı aşkarlandı. İş materiallarında olan Şəxs izahatından görünür ki, əvvəllər narkotik vasitə marixuana və psixotrop madddə metamfetamin istifadə edib. İş materiallarında olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən; 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.4-cü maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2026-ci il, saat 22:10-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 492 nömrəli rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyatda olmağı nəzərə alınmalı, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli, narkomaniyadan məcburi müalicə təyin edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələblərinə uyğun icra edilməlidir. Göstərilənlərdən əlavə məhkəmə hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2026-ci il, saat 22:10-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyatda olmağı nəzərə alınsın, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələblərinə uyğun icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar