Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-191/2026 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33121039 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33121039 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, qardaşı X1 mülkiyyətində olan “Kia Sorento” markalı, 77DO609 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinı etibarnamə əsasında idarə edir. Belə ki, bir neçə gün öncə təsadüfən ona xx.xx.2026-cı il tarixdə “Kia Sorento” markalı, 77DO609 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi NTS-Bakı-Quba yolunun 8,7-ci kilometrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məlum olmuşdur. Həmin inzibati xətaya görə 360 manat məbləğində inzibati cərimə edilmişdir. Daha sonra həmin protokol əsasında EQ 33121039 nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Sürücülük hüququnun məhdudlaşdırlmasından onun məlumatı olmamışdır. Bununla bağlı “Asanpay” səhifəsində axtarış apardığı zaman ona 15 dekabr 2025-ci il tarixdə surət həddini aşmağa görə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında 16 dekabr 2025-ci il tarixli, EQ 32677675 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin onun sürücülük vəsiqəsinə 2 cərimə balı əlavə edilmişdir. Nəticədə ona yazılan cərimə balları 20 balları keçdiyi üçün İXM-nin 327.7-ci maddəsinə əsasən sürücülük hüququnun məhdudlaşdırılması barədə elektron qərar qəbul edilmişdir. Lakin, ona bu barədə məlumat verilməmişdir. Belə ki, 16 dekabr 2025-ci il tarixli EQ 32677675 saylı inzibati tənbeh vermə haqqında qərar ona poçtla göndərilməmiş, həmçinin hazırkı şikayətə əlavə etdiyim elektron kabinetin çıxarışından da görünür ki, ona bu barədə hər hansı bir SMS bildiriş göndərilməmişdir. Sürücülük hüququnun məhdudlaşdırılmasını yalnız hazırda şikayət etdiyi qərar haqqında məlumat alan zaman öyrənmişdir. Bu halda onun sürücülük hüququnun məhdudlaşdırılması barədə 16 dekabr 2025-ci il tarixli, EQ 32677675 saylı inzibati xəta haqqında qərar qanunvericiliklə nəzərdə tutulmuş qaydada qüvvəyə minmədiyi halda həmin hüququn məhdudlaşmış hesab olunduğu vəziyyətdə bu hüquqdan istifadə etdiyi üçün cərimə edilmişdir. Beləliklə, hazırkı şikayətinə əlavə etdiyi elektron çıxarışdan da görünür ki, ona 16 dekabr 2025-ci il tarixli, EQ 32677675 saylı qərar barədə hər hansı bir mümkün vasitə ilə məlumat verilməmiş və bu halda həmin qərar qüvvəyə minmədiyi üçün hazırda şikayət etdiyi inzibati xətaya görə məsuliyyət yarana bilməz. SMS bildirişin və onun qeydiyyatda olduğu ünvana hər hansı qərarın göndərilməməsi məhz həmin inzibati orqanın səhvidir. Əgər həmin qərar ona göndərilsəydi, vaxtında xəbərdar olar və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdi. Onun sürücülük hüququnun məhdudlaşdırılmasını səbəbi isə yenə də məlumatı olmadığı EQ32677675 saylı inzibati tənbeh vermə haqqında qərar olmuşdur. Bu haqda məlumat alan kimi yuxarıda qeyd edilən qərardan məhkəməyə dərhal şikayət edilmişdir. Barəsində qərar qəbul edilən zaman nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə avtomobili səhhəti ilə əlaqədar olaraq, qohumu X3 idarə etmişdir. Lakin, son etibarnamə onun adına verildiyi üçün cərimə balı onun sürücülük vəsiqəsinə yazılmış və cərimə edilmişdir. Bu səbəbdən də onun hər hansı bir inzibati xəta törətmədiyi və hazırda mübahisələndirdiyi inzibati tənbeh vermə qərarla əsassız cəzalandırılmasını hesab edir. Yuxarıda qeyd olunanlardan əlavə, hazırda şikayət etdiyi EQ 33121039 saylı inzibati tənbeh vermə haqqında qərar elektron qaydada tərtib edilmiş və X4 332.1-ci maddəsinə əsasən inzibati xətaya yol verilməsi müəyyən edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsində həmin Məcəllənin 332.3-cü maddəsi ilə elektron qərar verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, onun hazırda şikayət etdiyi qərar üzrə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığı halda Məcəllənin 332ci maddəsinə istinadən elektron protokol tərtib edilmişdir və elektron qərar çıxarılmışdır. Bu da həmin elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin mahiyyətinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33121039 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33121039 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 nəqliyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi “Kia Sorento” markalı, 77DO609 dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32677675 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Kia Sorento” minik markalı, 77DO609 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 18:32-də Bakı-Quba yolunun 28-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat aşmasına görə X5 Azərbaycan Respublikası İXM-in 328.2 və 327.7-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş və nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. İş materillarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli 3(5-155)-160/2026 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32677675 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32677675 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı əsasında X2 nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsa da, həmin qərar qanuni qüvvəsini almadan X2 barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs kimi hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixli qərar qanuni qüvvəsini almadığı üçün ondan verilmiş şikayət məhkəmənin icraatına qəbul edilmiş və ləğv edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar Azərbaycan Respublikası İXM-in 122-ci maddəsinə müvafiq (inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) icraat qaydalarına uyğun aparılaraq Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə elektron inzibati tənbeh tətbiq etmə barədə qərar qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsində qeyd edilən qaydada müvafiq icraatın aparılması yalnız İXM-in 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalarla məhdudlaşdırılmışdır və həmin siyahıda İXM-nin 332.3-cü maddəsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixdə X5 nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs hesab edilə bilməzdi, bu səbəbdən də həmin əsasla onun barəsində inzibati tənbeh tətbiq edilməsi qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən İXM-nin 332.3-cü maddəsi ilə olan inzibati xətalar üzrə icraatın elektron formada aparılması İXM-də nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati xəta hadisəsinin olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin İXM-nin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33121039 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33121039 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-191/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-191/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver