Məhkəmə qərarları › İş №3(5-155)-202/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-202/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-202/2026 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 32141445 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32141445 nömrəli qərarı ilə xx.xx.2025-ci il tarixdə saat 18:56-da Bakı şəhəri, Moskva prospekti 62 ünvanı ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə Azərbaycan Respublikasının İXMnin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq olaraq 2 bal təyin edilmişdir. Bununla da Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 21 bal toplandığından Məcəllənin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərardan narazı qalan X4 şikayət verərək xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə heç bir qayda pozmadığı halda ona EQ32141445 nömrəli cərimə gələrək sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuşdur. O, həmin qaydanı pozmadığını bildirmiş və araşdırılaraq qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, həmin avtomobili o idarə etməmişdir. Belə ki, avtomobil Əsgər Əsgərova məxsus olmuşdur. O, qeyri-rəsmi olaraq onların uşaqlarını maşınla aparıb gətirərək sürücü kimi işləyirmişdir. O, təxminən 2025-ci ilin may aylarında dərslər bitməzdən əvvəl işdən çıxmışdır. Lakin, avtomobilin idarə edilməsinə dair verilmiş etibarnamə onun adına qalmış və etibarnaməyə xitam vermək lazım olduğunu bilməmişdir. Həmin avtomobilin sahibi daha sonra İmran Abbasov adlı şəxsə etibarnamə vermiş və avtomobil İmran Abbasov tərəfindən idarə edilmişdir. Onda olan məlumata görə avtomobilin mülkiyyətçisi artıq maşını satmışdır. Bundan başqa, bildirmişdir ki, avtomobil İmran tərəfindən idarə edilərkən ona bir dəfə də cərimə edilməsi ilə bağlı qərar gəlmişdir. O, qeyd edilən hal ilə bağlı İmranla danışmış, İmran ona məsələni həll edəcəyini bildirmiş, lakin həll etməmişdir. xx.xx.2026-cı il tarixdə isə Notariat ofisinə gedərək etibarnaməyə xitam vermişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin olunmasını və işin araşdırılaraq xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə X2 şikayətinin dəlillərini, işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 32141445 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi BDYPİ-yə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 32141445 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 xx.xx.2025-ci il tarixdə saat 18:56-da Bakı şəhəri, Moskva prospekti 62 ünvanı ərazisində “CHANGAN A06 PLUG- İN HİBRİD MİNİK” markalı, **-BQ-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq olaraq 2 bal təyin edilmişdir. Bununla da Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 21 bal toplandığından Məcəllənin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən çəkilmiş foto şəkillərdən görünür ki, “CHANGAN A06 PLUG-İN HİBRİD MİNİK” markalı, **-BQ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 18:56-da Bakı şəhəri, Moskva prospekti 62 ünvanı ərazisində durmuşdur. Foto şəkildə avtomobilin içərisində hər hansı şəxsin olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi X5 tərəfindən X3 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə xx.xx.2026-cı il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iş materiallarında foto şəkillərə baxış keçirilmiş, həmin görüntülərin Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin avtomobili vasitəsilə çəkilməsi müəyyən edilsə də, kim tərəfindən idarə edilməsi, pozuntunun X4 tərəfindən törədilibtörədilməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Hazırki iş üzrə “CHANGAN A06 PLUG-İN HİBRİD MİNİK” markalı, **-BQ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı şəhəri, Moskva prospekti 62 ünvanı ərazisində yolda müəyyən edilmiş ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması qaydasını pozub-pozmamasının iş materiallarında olan foto şəkillər vasitəsilə müəyyən etmək mümkün deyildir. Eyni zamanda, qərardan şikayət verən şəxs hadisə baş verən tarixdə nəqliyyat vasitəsini idarə etmədiyini və pozuntunun onun deyil, İmran Abbasov tərəfindən törədildiyini bildirmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamış, məhkəməyə inzibati xətanın X4 tərəfindən törədilməsinə dair sübutları təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 32141445 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və qərarda qeyd edilən xüsusatların araşdırılması ilə əlaqədar iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 32141445 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən EQ 32141445 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar