Məhkəmə qərarları › İş №3(5-155)-217/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-217/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-217/2026 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquq şöbəsinin hüquqi ekspertiza sektorunun hüquqşünası X2 iştirakları ilə, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN №2356557 nömrəli protokola əsasən xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu prospektində yerləşən Şəxs MMC-yə məxsus yaşayış binasında planlı X6 aparılan zaman X1 №01- 2001, bənd 6.1-6.10, bənd 9.1-9.12, bənd 10.1-10.4, bənd 8.1-8.8 tələblərinin pozulmasına dair nöqsanlar aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu prospektində yerləşən Şəxs MMC-yə məxsus yaşayış binasında keçirilmiş monitorinq zamanı bir sıra nöqsanlar aşkar edilmiş və nöqsanlar barədə akt tərtib edilmişdir. Həmin akta əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. MMC tərəfindən qeyd olunan nöqsanların aradan qaldırılacağı barədə şifahi məlumat verilsə də, bununla bağlı İdarəyə heç bir rəsmi məlumat verilməmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC tərəfindən nöqsanların aradan qaldırılaraq məlumat verilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquq şöbəsinin hüquqi ekspertiza sektorunun hüquqşünası X4 müayinə aktında qeyd olunan nöqsanların olmasını etiraf etdiklərini, yanğın su hövzəsinə aid nöqsanların isə onlara aid olmadığını bildirmişdir. Belə ki, su balonları, siqnalizasiya sistemi və digər nöqsanların aradan qaldırılmasına dair rəhbərlik tərəfindən artıq müvafiq göstəriş verilmiş, yanğın su hövzəsi ilə bağlı məsələnin həll edilməsi üçün Şəxs MMC tərəfindən aidiyyəti qurumlara məlumat verilmişdir. Bu səbəbdən də, göstərilən nöqsanların aradan qaldırılması üçün MMC-yə iki ay vaxt verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, yanğın-texniki müayinə aktı və digər sənədlərlə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın törədilməsi sübuta yetirilir. İş üzrə icraata xitam verilməsi və MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN №2356557 nömrəli protokola əsasən xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu prospektində yerləşən Şəxs MMC-yə məxsus yaşayış binasında planlı X6 aparılan zaman X1 №01- 2001, bənd 6.1-6.10, bənd 9.1-9.12, bənd 10.1-10.4, bənd 8.1-8.8 tələblərinin pozulmasına dair nöqsanlar aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2026cı il tarixli, KY262474017 nömrəli çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu prospektində yerləşən Şəxs MMC-yə məxsus yaşayış binasında plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. xx.xx.2026-cı il tarixli, 0218 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti yanğın-texniki müayinə Aktına əsasən aşağıdakı pozuntular aşkar olunmuşdur: - Yaşayış binasının mərtəbələrində yanğın xəbərverici siqnalizasiya sistemi mövcud deyildir. - Mərtəbələrdə ilkin yanğın söndürmə balonu mövcud deyildir. - Zirzəmidə yerləşən yanğın xəbərverici siqnalizasiya sistemi nasaz vəziyyətdədir. - Yanğın su hovuzlarının göstərici nişanları mövcud deyildir. - Elektrik naqillərinin qısa qapanmaya qarşı müqavimətinin yoxlanılması ilə bağlı sınaq protokolu mövcud deyildir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək şərti olaraq inzibati cərimə edilməli, törədilmiş hüquqpozmanın aradan qaldırması və Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsi üçün 02 (iki) ay müddət təyin edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda cərimə növündə inzibati tənbeh tədbiri icra edilməlidir. Göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-in 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs Açıq Səhmdar Cəmiyyətinin törətdiyi hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsi üçün 02 (iki) ay müddət təyin edilsin. Həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar