Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-225/2026 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə 10695 manat ödənilməmiş aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X10 oğlunun və 26 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2020-ci il tarixdə icra sənədi İcra İdarəsinin icraatına daxil olmuş və borclu xx.xx.2020-ci il tarixində tələbin könüllü icrası haqqında bildirişlə tanış olmuşdur. Borclu əvvəllər Sumqayıt şəhər Məhkəməsinin qərarları ilə İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Daha sonra borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin, borclu CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2024-cü ilin aprelində borclu cəzaçəkmə müəssisəsindən çıxmış və həmin vaxtdan 2026-cı ilin yanvarınadək tələbkarın xeyrinə ödədiyi ödəniş qəbzləri iş materiallarına əlavə olunmuşdur. Tələbkar borcunu tam şəkildə tələb edir, borclu ilə hazırda hər ay 340 manat aliment ödənişi ilə birlikdə cəmi 400-450 manat ödəniş edir. Bununla da, cəzaçəkmə müəssisəsində çıxdıqdan sonra edilən ödənişlər səbəbindən borclunun borcu azalmağa doğru getmişdir. Borc hələ də mövcud olduğuna görə borclu barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü təqsirli bilir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı çatmır. Lakin aylıq aliment ödənişlərini edir və ən az ödədiyi məbləğ 400 manatdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da aylıq olaraq aliment ödənişlərini edir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2 dəfə 450 manat olmaqla ödəniş etmiş və həmin məbləğ ümumi borcdan çıxılmamışdır. Övladları nənəsinin yanında yaşayır. Övladlarının anası hazırda evlənib. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra hər ay 400 manat ödəniş olmaqla, ümumilikdə, 8000 manatdan çox aliment ödənişi edib. Hazırda gündəlik yük maşını idarə edərək gəlir əldə edir. Bundan sonra da ödənişləri davam etdirəcək. Borcunu tam yox, hissə-hissə ödədiyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, borclu ondan asılı olmayan səbəblərdən borcunu müəyyən vaxt ödəyə bilməyib. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra övladlarına baxmış, borcundan artıq ödənişlər də etmişdir. Onun borcuna olan münasibəti qərəzli deyil. Məhkəmədən borclu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, xx.xx.2020-ci saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı X1 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X10 oğlunun və 26 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulsun. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi xahiş olunmuşdur. Borclu bildirişlə xx.xx.2020-ci il tarixində tanış olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, borclunun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 09 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, aliment borcunun ödənilməsi üçün borclunun əmlakı hərrac vasitəsilə satılmasını və alimentin ödənilməsi təmin olunmasını xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən tələbkarın xeyrinə müxtəlif vaxtlarda ödənişlər olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi işsiz olmağıdır. Bu günədək borcundan müəyyən qədər ödəniş edib. Hal-hazırda borcunu ödəmək üçün maddi imkanı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, borclu icra sənədi üzrə qismən ödənişlər həyata keçirilmiş, buna baxmayaraq 10695 manat aliment borcu üzrsüz səbəbdən ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun borcundan qismən ödənişlər etməsi məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, aliment borcunun məbləğinin kifayət qədər yüksək olmasına baxmayaraq inzibati xəta hadisəsini törətmiş Şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməməlidir. Belə ki, şəxs hazırkı icra sənədi üzrə bir neçə dəfə inzibati qaydada həbs edilmiş, hətta cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum edilmişdir. Borclu cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra fasiləsiz olaraq aylıq aliment ödənişlərini həyata keçirmişdir. Həmçinin, aylıq ödənişlərin müəyyən qədər artıq olması səbəbindən borc məbləği azalmaqdadır. Məhkəmə qənaətə gəlir ki, barəsində icraat aparılan Şəxs rəsmi olmasa da, gəlir yeri mövcuddur. Onun inzibati qaydada tutulması həmin müddət üçün işsiz qalmasına səbəb olacaq. Göstərilən xüsusatlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-225/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-225/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver