Məhkəmə qərarları › İş №3(5-155)-230/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-230/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-230/2026 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi Niyaz Şirinovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə H.Z.Tağıyevdə yerləşən Emin şadlıq evinin yaxınlığında 1 nömrəli tədbir zamanı sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək tədbiri pozmuş, nizam-intizama dəvət olunan zaman polisin tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi Niyaz Şirinov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixli raport onun icraatına daxil olmuşdur. Həmin raporta əsasən Post Patrul Xidmətinin əməkdaşları vətəndaşın “Emin” şadlıq evinin qarşısındakı 1 nömrəli tədbir zamanı sərxoş vəziyyətdə onların fəaliyyətinə mane olduğunu, nalayiq ifadələr işlətdiyini bildirmişlər. Vətəndaş polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də, öz hərəkətlərini davam etdirmişdir. Nəticədə, Post Patrul Xidmətinin avtomaşınına məcburi qaydada əyləşdirilərək Polis Bölməsinə gətirilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilmir. Polis əməkdaşı ona qarşı nalayiq ifadə işlətdiyi üçün o da ona qarşı nalayiq ifadə işlətmişdir. Hadisə vaxtı orada 2 nəfər polis əməkdaşı var idi. Hadisə günündən bir gün əvvəl axşam spirtli içki qəbul etmişdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ PPXT-nin polis baş serjantı X3 bildirmişdir ki, 1 nömrəli tədbir zamanı avtopatrulda olarkən çağırış gəlmişdir ki, “Emin” şadlıq sarayının qarşısındakı bazarda bir vətəndaş spirtli içki təsiri altında nalayiq ifadələr işlətmiş, polis əməkdaşı onu nizam-intizama dəvət etsə də, məhəl qoymamışdır. Bundan sonra o həmin vətəndaşa yaxınlaşmış, onu nizam-intizama dəvət etsə də, öz hərəkətlərinə davam etmiş, tabesizlik göstərmişdir. Buna görə də, avtopatrula fiziki qüvvə tətbiq edilməklə əyləşdirilmiş və Polis Bölməsinə təmin olunmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, vətəndaşa qarşı nalayiq ifadə işlədilməyib. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hadisə vaxtı sərxoş olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 10:30 radələrində 9179 çağırışlı avtopatrulda postaçı yoldaşı polis serjantı Əsədov Valeh ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində “Emin” şadlıq evinin qarşısında 1 nömrəli tədbir zamanı 1 nəfər vətəndaş kəskin spirtli içkili vəziyyətdə ünvansız nalayiq ifadələr bildirərək tədbiri pozmağa çalışırdı. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, vətəndaş əməllərini davam etdirdiyi üçün 2-ci Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, xx.xx.2026cı il tarixdə təxminən saat 10:15 radələrində yaşadığı evdən 13 kq əlvan metalı H.Z.Tağıyev qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparırdı.Bakı-Quba yolunun Emin şadlıq evinin yaxınlığında yolda polis əməkdaşlarını gördü.Onlara yaxınlaşaraq salam verdi və yolu keçərək əyləşdi. Digər polis əməkdaşını çağıraraq cibində olan əsgərlik şəklini ona göstərdi ki, hansı ona oxşayır.Polis əməkdaşı şəkildə olan iki nəfərdən birini göstərərək o olduğunu dedi. O bildirdi ki, o deyil o “çumoşnikdi’. Bu zaman polis əməkdaşı da ona nalayiq ifadə işlətdi. Daha sonra qeyd olunan yerdən uzaqlaşaraq əlvan metalı təhvil verib yenidən polis olan əraziyə qayıtdı. Onunla mübahisə edən polis əməkdaşını axtardı. O digər polis əməkdaşından ona nalayiq ifadələr işlədən polis əməkdaşını soruşdu və polis əməkdaşı ona araşdıracağını bildirdi. Daha sonra PPX-nin avtopatrulu ona yaxınlaşdı və onu məcburi avtopatrula salaraq PB-nə gətirdilər və daha sonra içkili olmağını yoxlamaq üçün müayinəyə apardılar. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2026-cı il tarixli A/350 saylı protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Şəxs özünün etirafı və digər iş materialları ilə onun polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Şəxs, nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə tərkib əlamətlərlərini yaradır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis” haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olması məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 106- 112, 114, 115, 115.5, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar