Məhkəmə qərarları › İş №3(5-155)-231/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-231/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-231/2026 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 28 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, xx.xx.2026-cı il tarixdə, saat 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində nalayiq küçə söyüşləri söyərək, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, polis əməkdaşları tərəfindən dəfələrlə intizama dəvət edilsə də, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(5-155)-231/2026 və 3(5-155)-232/2026 nömrəli işlər bir icraatda birləşdirilmiş və işə 3(5-155)-231/2026 nömrəsi ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X6 tərtib edilmiş protokollara uyğun izahat verərək bildirmişdir ki, hadisə xx.xx.2026-cı il tarixdə saat 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində baş vermiş, Şəxs və yanında olan şəxs kafenin qarşısında səs-küy salaraq, nalayiq ifadələr işlətmişdir. Həmin ərazidə xidmət göstərən polis əməkdaşları yaxınlaşdıqda polis əməkdaşlarına qarşı müqavimət göstərmişlər. Onlar Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-yə gətirilmiş və gətirildikləri vaxtda da tutma protokolu tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd etmiş və izahatında bildirmişdir ki, hadisə Sumqayıt şəhəri, 11-ci mikrorayonda kafenin qarşısında baş vermişdir. O, həmin kafeyə futbola baxmaq üçün getmişdi. Futbol qurtardıqdan sonra əsəbi olmuşdur. O müharibə veteranı olduğunu, 5 ildir ki, psixotrop dərmanlar qəbul etdiyini bildirmişdir. Hadisə baş verən gün də “depogen” adlı dərman istifadə etmiş, həmçinin pivə içmişdir. Hadisə ilə bağlı heç nə xatırlamadığını, üzündə olan zədənin isə dərmanın təsirindən avtoqəza etdiyi üçün baş verdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və təzyiq edilmədiyini bildirmişdir. Bölmədə yazdığı izahatını özü yazıb, imza etmişdir. Məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt Şəhər Polis İdarəsinin Post Patrul Xidməti taboru polis nəfəri X1 izahatında bildirmişdir ki, hadisə baş verən gün o, digər Post Patrul Xidməti əməkdaşı Təhməz Əvəzzadə ilə birlikdə xidmətdə olarkən, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində “11” adlı kafenin qarşısında 2 nəfər şəxsin ucadan söyüş söydüyünü görmüşlər. Dərhal onlara yaxınlaşıb özlərini təqdim edərək, intizama dəvət etmişlər. Lakin, həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymamış və onlara müqavimət göstərmişlər. Hətta “Sən kimsən?”, “Gedin işinizlə məşğul olun” kimi ifadələr işlətmişlər. Onları polis bölməsinə dəvət etdikdə bölmədə də eyni hərəkətləri davam etdirmişlər. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 izahatında hüquqlarını müdafə etdiyi şəxsin psixotrop dərmanın təsiri altında olduğunu, müharibə veteranı olduğunu bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən dəfələrlə intizama dəvət edilsə də, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində nalayiq küçə söyüşləri söyərək, ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin məsul növbətçisi, polis kapitanı Cəlil Qəhrəmanov tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 01:20 radələrində məsul növbətçi olduğu vaxt Sumqayıt ŞPİnin PPXT-nun 9174 çağırışlı avtoparulda xidmət aparan polis nəfərləri tərəfindən gətirilən Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində iki nəfər şəxsin orta dərəcəli sərxoş halda olan xx.xx.1994-cü il təvəllüdlü Şəxs və xx.xx.1999-cu il təvəllüdlü X3 bölmədə ucadan səs küy salaraq bölmənin iş rejim qaydasını pozmasını görüb, onları nizam intizama dəvət edib xəbərdarlıq edərkən Şəxs onun üzərinə tüpürmüşdür. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, xx.xx.2026-cı il tarixində, təxminən saat 01:20 radələrındə PPXT-nun 9174 çağırışlı avtopatrulda xidmət aparan polis nəfərləri tərəfindən Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsindən gətirilən iki nəfər şəxsin orta dərəcəli sərxoş halda olan xx.xx.1994-cü il təvəllüdlü Şəxs və xx.xx.1999-cu il təvəllüdlü X7 bölməyə gətirilərkən Şəxs əl-qol, üz və göz altı nahiyəsində sıyrılmış-cızılmış və hemotoma yarası aşkar olunmuşdur. Barəsində protokol tərtib edilmiş şəxs Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində verdiyi xx.xx.2026-cı il tarixli izahatında qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 01:20 radələrində Sumqayıt şəhərində, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində olan zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib, küçə söyüşləri ifadə etməmələrini, ictimai qaydanı pozmamalarını bildirmişlər. Daha sonra o, onlara qarşı çıxmış və öz əməlinə davam etmiş, müqavimət və tabesizlik göstərmişdir. Daha sonra polis əməkdaşları onları 1-ci Polis Bölməsinə gətirmişlər. Orada olan zaman özündə olmadığı üçün özünə xəsarət yetirmək istəyən zaman polis əməkdaşları bunun qarşısını almışlar. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 01:35-də inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il saat 16:15-də azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2026-cı il tarixli A/348 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu aşkar edilmişdir. Beləliklə, Şəxs tərəfindən polis işçiləri ictimai qaydanın mühafizə edilməsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3-cü qrup əlil olmasını və müharibə veteranı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 01:35-də inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 16:15-də azad edilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, barəsində olan məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510.1 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar