Məhkəmə qərarları › İş №3(5-155)-233/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-233/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-233/2026 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X2, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə tətib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində ucadan nalaytiq ifadələr işlətmiş, həmçinin qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X3 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində ünvansız nalayiq söyüşlər söymüşdür. Həmin ərazidə xidmətdə olan polis əməkdaşları Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Şəxs 1-ci Polis bölməsinə gətirmişlər. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən kafedə tanışı Elvin ilə spirtli içki qbul etmişlər. Daha sonra kafedən çıxaraq yolda bir-biriləri ilə yüksək səslə zarafat etmişlər. Bu zaman polis əməkdaşları Elvinə yaxınlaşmış və onu nizam-intizama, daha sonra bölməyə dəvət etmişlər, lakin Elvin getmək istəməmişdir. O, polis əməkdaşlarına Elvinin müharibə veteranı olduğunu demiş və Elvini aparmamaları üçün Elvinin qolundan tutub çəkmişdir. Bundan sonra polis əməkdaşları onu da bölməyə dəvət etmişlər və o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getmişlər. Bölmədə olan zaman da o, səs-küy salmamışdır. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə istinad edilən xətaların sübuta yetirilmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında bildirmişdir ki, o, müharibə iştirakçısı olduğu üçün tibb müəssisələri tərərfindən rəsmi qaydada ona verilmiş psixotrop maddələrdən istifadə edir və buna görə bəzən özündə olmur. xx.xx.2026-cı il tarixdə gecə saatlarında dostu Alı ilə birlikdə kafedə futbola baxmışlar və spirtli içki qəbul etmişlər. Sərxoş olduğu üçün hadisənin necə baş verməsi onu yadında deyil. O, səhərə yaxın bölmədə ayılmışdır və polis əməkdaşları ona ictimai qaydanı pozduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt Şəhər Polis İdarəsi PPX-nin polis nəfəri X1 izahatında bildirmişdir ki, o, digər polis əməkdaşı ilə xx.xx.2026-cı il tarixdə saat təxminən 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Həmin şəxslər onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etmişlər. Buna görə də onlar hadisə yerinə PPX əməkdaşlarını çağırmışlar. Daha sonra onlar həmin şəxslərə fiziki qüvvə tətbiq edərək avtopatrulla 1-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxslər özlərinə xəsarət yetimək istədikləri üçün onlar tərəfindən əl-qol bağlayıcıdan istifadə etmişlər. Bölmədə olan zaman həmin şəxslərin Şəxs və Mahmudov Elvin olması müəyyən edilmiş və hər iki şəxs bölmədə olan zaman yenidən polisin ünvanına nalayiq ifadələr işlətmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 01:20 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün qismən etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2026-ci il tarixdə saat 01:35-də inzibati qaydada tutulmuş xx.xx.2026-cı ildə saat 01:40-da isə azad edilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510.1 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edirki, inzibati cərimənin həddin müəyyən edilərkən Şəxs 01 gün müddətində inzibati həbsdə saxlanılması da nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkilnn məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt RegionalVəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar