Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-24/2026 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2İN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3703/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs olan 1893,50 manat borcu qərəzli olaraq ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olmuşdur. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən borclunun tələbi yönəldilə biləcək hər hansı əmlakı aşkar edilməmişdir. Borclu əvvəlcə borcundan 900 manat ödəyə biləcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Daha sonra İcra İdarəsinə dəvət olunmuş və borcunu hər ay hissə-hissə 300 olmaqla ödəyə biləcəyini bildirsə də, bu günədək icra sənədi üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra borclu ilə əlaqə saxlamaq mümkün olmadığından barəsində axtarış qərarı qəbul edilərək icrası Sumqayıt ŞPİ-nə həvalə olunmuşdur. Borclu axtarışla bu gün İcra İdarəsinə təhvil verilmişdir. Borclu borcunu hissə-hissə ödəyə biləcəyini bildirsə də, tələbkar borcunu tam şəkildə tələb edir və borcludan şikayətçidir. Buna görə də, borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü qismən təqsirli bilir. Bəzən fəhlə işləyir və aylıq gəliri 500-600 manatdır. Borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olduğunu bilir. O, tələbkara 900 manat ödəyəcəyini bildirsə də, tələbkar onunla razılaşmamışdır. Belə ki, onun borcu əvvəl 900 manat idi, sonradan 1800 manata qalxdı. Məhkəmədən ona borcunun ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki,borclu tərəfindən bu günədək ona heç bir ödəniş edilməmişdir. Bu mübahisə 2 ildir ki, davam edir və borclu borcunu ödəmir. Məhkəmədən borcunun tam şəkildə ödənilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3703/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs olan 1893,50 manat borcu qərəzli olaraq ödəmir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)- 3703/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1850 manat tutulub iddiaçı Zərərçəkmiş şəxs verilsin. İddianın verilməsi üçün ödənilmiş 43,50 manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuşdur. Borclu bildirişlə xx.xx.2025-ci il tarixində tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borcunu hər ay hissə-hissə ödəyə bilər. Borcunu ödəmədiyi halda məsuliyyəti barədə xəbərdar olunmuşudr. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi işsiz olmağı və səhhəti ilə əlaqədardır. Bu günədək heç bir ödəniş etməmişdir. Hər ay 300 manat olmaqla ödəniş edə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, icra sənədinin vaxtında və tam icra edilməsi üçün hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Bununla da, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-24/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-24/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver