Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-242/2026 30.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə, Neftçala rayonu, Tatarməhlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Tatarməhlə ərazi dairəsi, Tatarməhlə kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN2326596 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(53)- 1145/16 nömrəli icra sənədinə əsasən borclu Şəxs yaranmış 7276 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 protokolu elan etmiş və bildirmişdir ki, borclu icra vərəqəsi üzrə aliment ödənişini müəyyən vaxtlar ödəsə də, son 1 ildir ki, borclu ilə əlaqə saxlamaq mümkün olmamışdır. 2025-ci ilin avqust ayından alimentin məbləği indeksasiya olunaraq artırılmış və 1 uşağa görə 456 manat müəyyən olunmuşdur. Lakin, aliment indeksasiya edilsikdən sonra borclu aylıq 100- 120 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, o, 2016-cı ildən 2-3 il alimenti ödəməmişdir. Sonuncu dəfə ödənişi 2025-ci ilin dekabr ayında etmişdir. Borclunun ödədiyi bütün ödənişlər hesablanmış və 7276 manat aliment borcunun olduğu müəyyən edilmişdir. Borcun məbləği çox olduğu üçün tələbkar 5000 manat aliment borcunu ödədiyi halda qalan məbləği güzəştə gedəcəyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun alimentin indeksasiya edilməsindən xəbəri olmamışdır. O, aliment artırılanadək mütəmadi olaraq aylıq 100-120 manat ödəniş etmişdir. O, ikinci dəfə də ailə qurmuş və hər iki ailəni saxlamağa çalışmışdır. Ayağında problem olduğu üçün bir müddət işləyə bilməmişdir. O, atası və qardaşının olmadığını, tutulacağı halda ödənişlərdən heç nə ödəyə bilməyəcəyini və beləliklə uşaqlarının da ac qalacağını bildirmişdir. Hazırda 300 manat məbləğində ödəniş edə biləcəyini və qalan məbləği də işləyib hissə-hissə ödəyəcəyini bildirmiş, məhkəmədən qeyd edilən halın nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X4 bildirmişdir ki, borclu Şəxs ilə 2016-cı il tarixdə boşanmışlar. Boşandıqdan sonra borclu 3 il alimenti ödəməmişdir. Uşaqları balaca olduğu, onların saxlanılmasına çox xərc çıxmadığı üçün özü də aliment məbləğinin tələb edilməsinə laqeyd yanaşmışdır. Daha sonra borclu ilə alimentin ödənilməsinə dair mübahisələri olmuşdur. O, alimentin ödənilməməsindən şikayət etmiş, bu səbəbdən də borclu tutulmuşdur. Tutulduqdan sonra bir müddət aylıq 100-120 manat məbləğində ödənişlər etmiş, sonra isə yenidən ödənişləri dayandırmışdır. 2024-cü ilin yanvarında qızının toyu olduqdan sonra 2025-ci ilin yanvar ayınadək borclu uşaqların heç birinə görə ödəniş etməmişdir. Onun qızının 18 yaşı tamam olsa da, oğlunun avqust ayında 15 yaşı olacaqdır. 2025-ci ildə ümumilikdə 5-6 ay 100 manat ödəniş etmişdir. O, hazırda uşaqlara baxmaq üçün fəhləlik edərək, meyvə-tərəvəz satdığını bildirmişdir. Borclu aliment borcundan 5000 manat ödəniş etdiyi halda onunla razılığa gəlməsinin mümkün olduğunu söyləmiş, əks halda isə məhkəmədən həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 müdafiə etdiyi şəxs Şəxs başqa ailəsinin olduğunu bildirirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Neftçala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(53)-1145/2016 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs Talib oğlundan 01 yanvar 2007-ci ildə doğulmuş Mətanət və 15 avqust 2011- ci ildə doğulmuş Talıb adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(53)-1145/2016 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası üçün borcluya vaxt verilmiş və bildiriş ona təqdim edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Neftçala rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(53)-35/2025 nömrəli qərardadından görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-1145/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində indeksasiya olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(53)-1145/2016 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs Talib oğlundan 01 yanvar 2007-ci ildə doğulmuş Mətanət və 15 avqust 2011-ci il tarixdə doğulmuş Talıb adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmiş, Neftçala rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(53)-35/2025 nömrəli qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində indeksasiya olunmuş, borclu aliment borcu üzrə tam ödənişlər etmədiyindən onun 7276 manat məbləğində borcu yaranmışdır. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədini qanunla müəyyən edilmiş müddətdə qərəzli şəkildə icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, borclu Şəxs yenidən nikaha daxil olduğunu, uşağının doğulduğunu, ayağında problem olması ilə bağlı işləyə bilmədiyini söyləsə də, qeyd edilən hallar onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra məmurunun tələblərini yerinə yetirmək öhdəliyinin icra edilməsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, aliment borcunun məbləğini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 15:55-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-242/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-242/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver