Məhkəmə qərarları › İş №3(5-155)-258/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-258/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-258/2026 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərar xx.xx.2026 tarixində EQ 33289317 əsasında qəbul edilmişdir. Həmin qərarla razı deyil və onun qanunsuz və əsassız hesab edərək ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, dayanma və ya parklanma qanunla qadağan edilmiş yerdə həyata keçirilsin. Qadağa isə yalnız yol nişanı və ya yol nişanlanması ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən, yol hərəkətinin təşkili yol nişanları, nişanlanma və texniki vasitələrlə təmin olunur. Parklanmanm qadağan edilməsi də bu vasitələr olmadan hüquqi qüvvə kəsb etmir. Park etdiyi ərazidə parklanmanı və ya dayanmanı qadağan edən heç bir yol nişanı mövcud deyildir. Bordyur boyunca sarı xətt və ya digər qadağanedici yol nişanlanması yoxdur. Ərazi yolun hərəkət hissəsi kimi aydın və birmənalı müəyyən edilməmişdir. Əksinə, həmin ərazidə parklanmanı icazə verən yol nişanı mövcuddur. Bu hal sürücü olaraq onun davranışını qanuni və əsaslı gözlənti çərçivəsində formalaşdırmışdır. Bu iş üzrə cavabdeh orqan tərəfindən pozuntunu təsdiqləyən obyektiv sübut - yolun hərəkət hissəsi olduğunu göstərən sxem, foto və ya rəsmi akt təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Qanunsuz inzibati qərarların məhkəmə nəzarətindən kənarda saxlanılması yolverilməzdir. Məhkəmədən ona qarşı tətbiq edilmiş 346.5-ci maddə üzrə inzibati cərimə qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, Bakı küçəsi, Avtovağzal ərazisində küçənin sonunda avtomobilini parklanma üçün icazə verilən yerdə saxlamışdır. Qayıtdıqda ona qanunsuz parkladığı üçün 40 manat və 2 bal cərimə edilməsi ilə bağlı sms gəlmişdir. O, xx.xx.2026-cı il tarixdə elektron qaydada Daxili İşlər Nazirliyinə şikayət etmiş və xx.xx.2026-cı il tarixdə onu Qubadlı rayon X5 Şöbəsinə çağırmışlar. Orada ona qərarın əsaslı olduğunu sübut etməyə çalışmışlar. Lakin, həmin ərazinin yol olması ilə bağlı heç bir sübut yoxdur və avtomobilin parklanmasına icazə verən nişanlar mövcuddur. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2026-cı il tarixdə, Sumqayıt şəhəri, Bakı küçəsi, 53A ərazisində “KİA SORENTO MİNİK” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “KİA SORENTO MİNİK” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin durduğu Sumqayıt şəhəri, Bakı küçəsi, 53A ərazisində parklanma nişanı olmaqla, həmin ərazi avtomobillərin parklanması üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə 3(5-155)-258/2026 nömrəli sorğu ilə müraciət olunaraq xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olan inzibati icraat materiallarının təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə X2 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə xx.xx.2026-cı il tarixli sorğu verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və qeyd edilən icraatla bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2026-cı il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, qərardan şikayət verən şəxs tərəfindən təqdim edilmiş foto şəkillərdə avtomobilin durduğu yerdə parklama yol nişanının olması müəyyən edildiyindən, qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2026-cı il tarixli EQ33289317 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar