Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-259/2026 09.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər DYPŞ-nin polis mayoru X2, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə saat 17:30-də TP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarla АKİА AVTOBUS markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (idarə edərkən araməsafə qaydalarının pozulmasına görə) törədilməsinə görə 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfindən pozulmayıb. Ona görə də bu qərarı həqiqətə uyğun olmayan ədalətsiz sənəd hesab edərək heç bir yerə imza etməmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət edir. Həmin qərarda narazıdır, onu qanunsuz, əsassız hesab edir. Belə ki, sol zolaqla hərəkət edən nəqliyyat vasitəsi sağ güzgü ilə müşahidə aparmadan sağ zolağa dönüş edib. O da qəza alınmasın deyə tormozdan istifadə edib, maşını sağ istiqamətə çəkib, hadisə qaçılmaz olmuşdur. Görüntülər təqdim olunmur, hadisənin cizgiləri çəkilib ona təqdim olunmayıb. Onu da məhkəmənin nəzərinə çatdırır ki, mübahisə olunan qərarı xx.xx.2026-ci il tarixdə alıb, yəni qərardan şikayət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmamışdır. Hesab edir ki, onda heç bir inzibati xəta olmayıb. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 430, 430.1, 431.1, 431.5, 436.1, 367.0 maddələrini rəhbər tutub məhkəmədən bu iş üzrə Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı xx.xx.2026-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 bildirdi ki, xx.xx.2026-cı il tarixində saat 17:30 radələrində idarə etdiyi “AKİA” markalı avtobusla 6-cı mikrorayonda köməkçi yolun sol zolağında qəfil qarşısına sərt dönmə edən “FORD” markalı avtomobil çıxdı. Qəza baş verməsin deyə əyləc pedalını sıxdı və avtobusu sağ tərəfə çəkdi. Lakin yaxın məsafə olduğundan qəza qaçınılmaz oldu. Qeyd edir ki, onun bu işdə təqsiri yoxdur. Sol zolaqla hərəkət edən nəqliyyat vasitəsi güzgü ilə müşayiət etmədən qəfil onun qarşısından dönmə etdi. Hadisə yerindən “Dörd Qardaş” restoranına qədər 200 metr məsafə var idi. Qəfil dönmə edən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamaq mümkün deyildi. Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir ki, digər sürücü zolağa daxil ola bilsin. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yardımçı yolda baş verib. Yol 2 zolaqlı idi, özü sağ zolaqda, "FORD” markalı avtomobil isə sol zolaqda idi. Hadisə baş verməzdən əvvəl də onlar fərqli zolaqla hərəkət edirdilər. Hadisə sərnişin düşürtdüyü yerdən 150 metr sonra olan ərazidə baş verib. O, səkiyə çıxmayıb. Avtobusun eni 2 metrdən az deyil. Hadisə vaxtı sürəti 30-35 km/saat olub. Digər sürücü qəfil dönmə əməliyyatı həyata keçirib. Hətta digər sürücü “Dörd Qardaş” restoranına yox, məhəlləyə keçmək istəyirdi. O, yol-nəqliyyat hadisəsinin sxeminə imza etməyib, ona boş vərəq veriblər və həmin vərəqi imzalayıb. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər DYPŞ-nin polis mayoru X4 bildirdi ki, xx.xx.2026-cı il tarixində 17:30 radələrində Z.Hacıyev küçəsində “AKİA” markalı avtobusla FORD” markalı avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Eyni istiqamətdə hərəkət edərkən FORD” markalı avtomobil sürət həddini azaldıb sağa dönmək istəyərkən arxasından gələn “AKİA” markalı avtobus ara məsafəsi saxlamadığı üçün toqquşma baş verib. Buna görə də sürücü barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə yerinin müayinəsindən və fotoşəkillərdən məlum olur ki, “AKİA” markalı avtobusun ön sol hissəsi ilə “FORD” markalı avtomobilin arxa sağ künc hissəsi toqquşub. Sürücü izahatında “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsaslandı, lakin sürücünü qeyd etdiyi kimi hadisə hərəkət zolağını dəyişərkən baş versəydi, “FORD” markalı avtomobilin sağ yan tərəfini vurardı. “Yol hərəkəti haqqında”qanunun 50-ci maddəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Fotoşəkillərdən görünür ki, toqquşma yeri eyni istiqamətdə hərəkət edən zolaqda baş verib. “FORD” markalı avtomobilin arxa sağ künc hissəsi, avtobusun isə ön sol hissəsi vurulub. Həmçinin, yerdəyişmə anında öz hərəkət zolağı ilə hərəkət edən və sağa dönmək istəyən sürücü sürət həddini azaldıb və avtobusun sürücüsü arxadan gələrək onu vurub. Tərəflərin izahatlarından və fotoşəkillərdən nəticəyə gəlmək mümkündür ki, real təhlükəni gördükdən sonra sürücünün qəza şəraitini aradan qaldırmağa kifayət qədər texniki imkanı olub, lakin istifadə etməyib. Toqquşma yeri sağ hərəkət zolağında olub. Nəqliyyat vasitələrinin zədə yerləri hadisə barədə məlumat verir. Digər avtomobilin sürücüsü yolun sol tərəfi ilə getdiyini, daha sonra sağ zolağa keçib dönmə etdiyini etiraf etdi. Bu halda belə o, sürət həddini azaltmış və dönmə işığını yandırmışdır. Avtobusun sürücüsü isə araməsafəsi saxlamalı idi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə anının videogörüntülərini əldə etmək mümkün olmayıb. Avtobus sürücüsünün qeyd etdiyi kimi yerdəyişmə anında, sol zolaqdan sağ zolağa keçəndə toqquşma baş verməyib. Məhkəmədən protokolun qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirmişdir ki, öz yolu ilə düz istiqamətdə hərəkət edərkən sağa dönmək üçün sürətini azaldanda arxadan gələn nəqliyyat vasitəsi onun avtomobilini vurdu. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin yol 2 zolaqlı idi və o sağ istiqamətdə hərəkət edirdi. O, yolun sağ zolağı ilə hərəkət edib sağ tərəfə “Dörd Qardaş” restoranı istiqamətinə dönmək istəyirdi. Bunun üçün işıqforu keçib dönməli idi. İşıqfora qədər 150 metr məsafə var idi. İlk dəfə avtobusu toqquşma baş verəndə gördü. Bu vaxt avtomobilini saxladı və sağ tərəfə çəkmədi. O, yolun tam olaraq sağ istiqamətində yox, yolun ortası ilə bir az sağa tərəf hərəkət edirdi. Avtomobilinin sağ arxa tərəfi zədələndi. Hadisə vaxtı sürət həddi 40-45 km/saat olub. O, sağ tərəfə dönəcəyi üçün sürət həddini azaldıb. Hadisə köməkçi yolun bitdiyi yerdə baş verib. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2026-cı il tarixdə "AKİA avtobus" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Z.Hacıyev keçəsi köməkçi yolda idarə edərkən nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş araməsafəsi saxlama qaydalarını pozmuşdur. Buna görə də sürücü X3 Azərbaycan Respublikası İXM-in 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “AKİA” markalı avtobusun ön sol hissəsi “FORD” markalı avtomobilin sağ arxa hissəsi ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş X1 izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə Z.Hacıyev küçəsində hərəkət edərkən “Ford” markalı avtomobil onun hərəkət zolağına daxil oldu və həmin avtomobilin arxadan sol tərəfini vurdu. İş materiallarına əlavə edilmiş X5 izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə Z.Hacıyev küçəsində hərəkət edərkən sağa dönmək üçün avtomobilinin sürət həddini azaldarkən “AKİA” markalı avtobus avtomobilini arxadan vurmuşdur. Məhkəmə hesab edir ki, şikayətdə göstərilən xüsusatlar mühüm əhəmiyyət kəsb edən faktiki hallar olduğundan araşdırılması üçün Sumqayıt şəhər DYPŞ-ə göndərilməlidir. Belə ki, araşdırma aparılarkən yol nəqliyyat hadisəsinin sxemi natamam tərtib edilmiş, sxemdə sürücülərin imzası mövcud olsa da, sxemdə göstərilənlərlə sürücülərin razılığı barədə qeydlər alınmamışdır. Bundan başqa məhkəməyədək araşdırma müddətində izahatlar səthi alınmış, hadisəyə təqsirli olan sürücünün müəyyən edilməsi üçün zəruri olan xüsusatlar dəqiqləşdirilməmişdir. Bununla da, yenidən araşdırma aparılaraq hadisə yerinin əhatəli fotoşəkilləri çəkilməli, sürücülərin, müəyyən olunduğu təqdirdə şahidlərin izahatları alınmalıdır. İzahatlar alınarkən sürücülərin hərəkətdə olduqları zolaq, hərəkət sürətləri, etdikləri manevrlər, hadisədən sonrakı hərəkətləri, nəqliyyat vasitələrinin qabarit ölçüləri müəyyən edilməlidir. Həmçinin, yol-nəqliyyat hadisəsi sxemi müfəssəl tərtib edilməli, sxemdə nəqliyyat vasitələrinin toqquşma yeri, toqquşma hissələri dəqiq göstərilməlidir. Bundan başqa nəqliyyat vasitələrinin şərti işarələri qabaritlərinə uyğun olmalı, həmin ərazidə yolayrıcları, səkilər barədə qeydlər sxemə əlavə edilməlidir. Sxem tərtib olunduqdan sonra sürücülərin imzası ilə yanaşı, ad və soyadları yazılmalı, sxem və protokolun əlavəsində göstərilənlərlə razı olub-olmamaları barədə münasibətləri qeyd edilməlidir. Yuxarıdan göstərilənlərə riayət edildikdən sonra yol-nəqliyyat hadisəsində təqsirli olan sürücünün müəyyən edilməsi üçün yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt şəhər DYPŞ-ə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənləri iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilərək şikayət qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt şəhər DYPŞ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-259/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-259/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver