Məhkəmə qərarları › İş №3(5-155)-261/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-261/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-261/2026 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6397 saylı icra sənədinə əsasən indeksasiya edilmiş 8(060)-631 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən indeksasiya edilmiş qəradada əsasən 3521 manat pulu üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bildirmişdir ki, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Həmin dövrdə hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat aliment təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə indeksasiya olunaraq 463 manat aliment təyin edilmişdir. Şəxsi hər dəfə icra idarəsinə dəvət etsələr də, demək olar ki, hər dəfə axtarış vasitəsilə gətirilmişdir. Borclunun əmək haqqı və pensiyası olduğuna görə oktyabr ayınadək tutulma aparılmış, indeksasiya qərarından sonra məbləği tam ödəməmiş, oktyabr ayından sonra ödəniş etməmişdir. Sonra işdən çıxmış, 3521 manat borc yığılmışdır. Hazırda pensiyasının 70 faizi məbləğində tutulma aparılır, bu da aylıq 126 manat edir. Bundan başqa heç bir ödəniş aparılmır. Borclunun mülkiyyətində tələbin yönəldilə bilinəcəyi heç bir əmlakı da yoxdur. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yeni işə düzəlmişdir, vaxt verilərsə işləyib ödəyəcəkdir. Əlilliyi vardır. Həbs olunarsa işini itirə bilər. Göstərilən halları nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 qeyd olunanları nəzərə alaraq borclu barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, yanvar ayında ondan ödəniş etmək üçün bank kartı istəmiş, ayın sonuna qədər ödəyəcəyini bildirsə də ödəməmişdir. Axtarışla gətirilən zaman ödəniş üçün on gün vaxt istəmiş, lakin o, razı olmamışdır. Ona indiyədək güzəştlər etmişdir, hazırda borcun ödənilməsini tələb edir. Göstərilən halların nəzərə alınmasını və borclu barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6397/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 8(060)-631/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6397/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,579 misli həcmində indeksasiya edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq barədə qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6397/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2024-cü il tarixdə rəsmi olaraq borcluya təqdim olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs İİİ dərəcə əlilliyə görə 180 manat pensiya alır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6397/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına ödənilməlidir. İş üzrə xx.xx.2024-cü ildə icraata başlamaq barədə qərar qəbul edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş rəsmi təqdim edilmiş, borclu 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi tam ödəniş etməmişdir. Hazırda isə borclu ödəniş etmək üçün ona vaxt verilməsini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs tərəfindən qeyd edilən hallar icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs İİİ dərəcə əlilliyi olmasını onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əlilliyi olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə sərf edilmiş 3 saata görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar