Məhkəmə qərarları › İş №3(5-155)-270/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-270/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-270/2026 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Əliyev Dünyamalı Əlirza oğlunun və onun vəkili Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ32998126 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Əliyev Dünyamalı Əlirza oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Əlirza oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız tərtib olunan xx.xx.2025-ci il tarixli EQ32998126 saylı inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh tətbiqetmə haqqında qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Əliyev Dünyamalı Əlirza oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə “SMSRadar" mobil tətbiqində həyat yoldaşı X1 mülkiyyətində olan **-FG-*** d/n/n-lı "Mercedes Benz C200" markalı avtomobilin cərimələrinə baxmaq üçün qeydiyyatdan keçərkən Əliyev Dünyamalı Əlirza oğlunun barəsində AR İXM-nin 346.9-cu maddəsi ilə EQ32998126 saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul olunaraq AR İXM-nin 327.7-ci maddəsinə əsasən sürücülük hüququnun məhdudlaşdırıldığını müəyyən etmişdir. İnzibati tənbeh tətbiqetmə barədə qərar ona rəsmi qaydada verilməmiş və həmin qərarla bağlı ona hər hansı sms və ya poçt vasitəsilə bildiriş daxil olmamışdır. Belə ki, X2 mülkiyyətində olan **-FG-*** d/n/n-lı "Mercedes Benz C200" markalı avtomobili idarə edərək Sumqayıt şəhəri, Ü.Hacıbəyli küçəsində dayanma durma qaydalarını pozmuş, lakin həmin avtomobili idarə etmək üçün son etibarnamə Əliyev Dünyamalı Əlirza oğluna verildiyi üçün yalnışlıqla həmin inzibati xətanı sonuncunun törətdiyini zənn edərək xx.xx.2025-ci il tarixdə saat 09:30- da tərtib edilən EQ32998126 saylı inzibati xəta haqqında protokola əsasən inzibati tənbeh tətbiq olunması barədə AR İXM-nin 327.7-ci maddəsinə əsasən sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Törətmədiyi inzibati xətaya görə tətbiq olunan 2 bal mövcud olan 18 balına əlavə olunaraq 20 bala çatmış və sürücülük hüququna qanunsuz və əsassız olaraq məhdudiyyət tətbiq olunmuşdur. Həmin xətanı qeydə alan kameralara baxılarsa, dəqiq müəyyən etmək mümkün olacaq ki, nəyinki həmin vaxt həmin avtomobili Əliyev Dünyamalı Əlirza oğlu idarə etməmiş, heç həmin yerdə olmamışdır. TŞ kameralarında görüntülərin saxlanma müddətinin məhdud olduğunu nəzərə alaraq qısa zamanda həmin görüntülərə baxmaq zəruridir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Əliyev Dünyamalı Əlirza oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, həmin avtomobili həyat yoldaşı idarə edir, lakin həmin avtomobili idarə etmək üçün onun da etibarnaməsi vardır. O avtomobili arabir özü də idarə etsə də, xx.xx.2025-ci il tarixdə ümumiyyətlə həmin avtomobilə əyləşməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəkili Vəkil şikayət ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, videogörüntü ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etsələr də cavab ala bilməmişlər. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ32998126 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Əliyev Dünyamalı Əlirza oğlu barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsində nəzərdə tutulan (nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə) inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 327.7-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə AR DİN-in Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclası barədə məlumat verilsə də, AR DİN-in Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Əliyev Dünyamalı Əlirza oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32998126 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyev Dünyamalı Əlirza oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ 32998126 saylı qərarı ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar