Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-273/2026 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Sumqayıt Şəhər 1 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2007-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.1ci və 511.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 327.1, 511.1.1 və 511.3-cü maddələri ilə xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nöməli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, ərazidə avtoxuliqanlıq hərəkətlərinin qarşısını almaq məqsədilə aparılmış yoxlamada hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan sürücünün digər sürücülərin diqqətini özünə cəlb etməsi, işıqforda dayanarkən avtomobilin 2 qapısının açılması, qəfildən nümayişkarcasına digər nəqliyyat vasitəsi ilə sürətini artıraraq yarış keçirməsi, bir müddət belə davam etdikdən sonra birinin yolun sağına, digərinin isə yolun soluna doğru hərəkət etməsi müəyyən olunmuşdur. **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən saxlanılmış və özü də törətdiyi əməli etiraf etmiş və səhv etdiyini bildirmişdir. Həmin şəxslə yarış halında olan digər nəqliyyat vasitəsi barəsində isə axtarış elan olunmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücünün İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun nəqliyyat vasitəsi ilə qəfil sürətini artırmaqla digər sürücü ilə sürət yarışını həyata keçirməsində və digər sürücülərin diqqətini özünə cəlb etməsində özünü göstərir. İXM-nin 511.3-cü maddəsinə əssən isə sürücünün sürət həddinin 120 km/saatı keçməsi ilə bağlı sübut yoxdur, lakin videogörüntüdən sürücünün sürət həddini artırması aydın görünür. Polis əməkdaşı raportla müraciət etmiş, bundan sonra inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sürücü qeyd olunan inzibati xətanı 28 yanvar tarixində törədib, inzibati xəta haqqında protokol isə 30 yanvar tarixində tərtib olunmuşdur. Məhkəmədən qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, iş üzrə özünü təqsirli bilmir. O, digər avtomobilin sürücüsünü tanımır, sadəcə həmin sürücünün onun avtomobilində sərnişin qismində əyləşən şəxsin dostu olduğunu bilir. Həmin vaxt işıqforun qırmızı işığında dayanmışdı, təsadüfən digər avtomobillə eyni vaxtda tərpəniblər. Bir az davam etdikdən sonra qarşısında maneə gördüyü üçün bir anlıq idarəetməni itirmiş, daha sonra ələ almışdır. Qeyd edir ki, avtomobil idarə etməkdə təcrübəli deyil. Avtomobilini 1-2 dəfə digər avtomobilin yanına çəkmiş, sola və sağa manevr etdikdən sonra idarəetməni ələ almışdır. Bundan sonra o, sağa, digər sürücü isə sola dönərək həmin yerdən uzaqlaşmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı avtomobilinin sürət həddi təxminən 60-68 km/saat olub, yəni 70 km/saat sürət həddini keçməyib. Həmçinin, yol polisi əməkdaşı onu hadisə baş verən gün saxlamayıb. Belə ki, hadisə 28 yanvar tarixində baş vermiş, yanvarın 29-u saxlanılmış, yanvarın 30-u isə barəsində protokol tərtib olunmuşdur. Bundan başqa, yol polisi əməkdaşı ondan icazə almadan onun avtomobilinə əyləşmiş, mühərriki işə salmış, ona avtomobili saxla desə də, məhəl qoymamış və ona da avtomobilə əyləşməsini bildirərək avtomobili duracağa aparmışdır.Onu saxlayan yol polisi əməkdaşının üzərində videoregistr olmamışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ-nin YPXB-nin 1-ci Tağım komandiri Fariz Ramazanzadə izahatında bildirdi ki, sürücü Sumqayıt şəhəri, Zülfi Hacıyev küçəsində vətəndaşların sıx olduğu ərazidə cəmiyyətə açıqca hörmətsizlik etmiş, ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etmişdir. Dərhal həmin sürücünün idarə etdiyi nəqliyyat vasitəsi barəsində axtarış elan edilmiş və səhəri gün nəqliyyat vasitəsi tərəfindən saxlanılmışdır. Sürücü şöbəyə dəvət olunmuş, qayda pozuntusu törətdiyini etiraf etmiş və razılaşmışdır. Tərtib edilən raporta əsasən sürücünün saxlanılmasına göstəriş verildi. Həmin gün avtomobil duracağa təqdim olunmuş, sonra protokol tərtib olunmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, digər nəqliyyat vasitəsi barəsində BDYPİ-nin X1 axtarış elan edilmişdir. Sürücünün İXM-nin 511.1.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi avtomobilini yolun ortasında saxlamasında, digər avtomobilin sürücüsü ilə eyni vaxtda avtomobilini sürətləndirməsində özünü göstərir. Sürücünün İXM-nin 511.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi, yəni sürət həddini artırması videogörüntüdə aydın görünür. Hadisə 28 yanvar tarixində baş vermiş, 30 yanvar tarixində xidmətə başladığı üçün protokolu 30 yanvar tarixi ilə tərtib edib. Qeyd edir ki, vətəndaşın özü dəvət olunmamış protokol tərtib edilmir. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, hadisə vaxt “Mercedes” markalı avtomobildə sərnişin qismində ön oturacaqda əyləşmişdi. Avtomobilin sürəti 60 km/saatı keçməyib. İşıqforda dayanarkən digər avtomobilin qapılarını açıb. Digər ağ rəngli avtomobilin sürücüsünü tanımır. İşıqforun qırmızı işığını keçdikdən sonra avtomobilin qarşısına maneə çıxıb-çıxmadığını dəqiq bilmir. Məhkəmə iclasında Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hadisə 28 yanvar tarixində baş verməsinə baxmayaraq protokol 30 yanvar tarixində tərtib olunub, yəni məlumat təhrif olunub. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyib. Videogörüntüdən də məlum olur ki, birinci ağ avtomobil, sonra isə “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanır, daha sonra isə eyni vaxtda hərəkət edirlər. Videogörüntüdən də göründüyü kimi, sürücünün 120 km/saat sürətlə hərəkət etməsi və dönməsi mümkün deyil. Digər şəxsin avtomobilin qapılarını açmasına görə sürücü inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialların əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə Mercedes markalı avtomobil ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə hərəkətdə olduğu zaman YPX əməkdaşları onu saxladı. Həmin YPX əməkdaşı ona bildirdi ki, xx.xx.2026-cı il tarixində Sumqayıt şəhərində avtoxuliqanlıq, yəni digər avtomobillə yarış etdiklərini bildirərək onun icazəsi olmadan avtomobilini dayanacağa təmin etdi. xx.xx.2026-cı il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, “Mercedes ML 350” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. İş materiallarına hadisənin videogörüntüsü əlavə edilmişdir. xx.xx.2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə” qərardaddan görünür ki, “Kia Cerato” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törədən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokol tərtib etmiş yol patrul xidməti inspektorunu, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materialına və əlavə olunmuş diskə baxış keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 511.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə onun təqsirliliyi sübuta yetirilməmə əsasına görə icraata xitam verilməli, İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə nəticə aşağıda qeyd olunanlara əsasən gəlir: İXM-in 511.3-cü maddəsinin dispozisyasından görünür ki, yolda müəyyən olunmuş hərəkət sürəti həddinin 60 km/saatdan artıq aşmaqla 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər törədildikdə inzibati xəta tərkibi yaranır. Lakin məhkəməyədək və məhkəmə araşdırması müddətində Şəxs tərəfindən sürət həddinin 60 km/saat həddində aşılması hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən həmin maddə üzrə Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə barəsində başlanmış icraata xitam verilməlidir. Şəxs araşdırma müddətində özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş işin digər obyektiv halları ilə onun İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi avtomobillə, onunla eyni istiqamətdə, digər zolaqda olan avtomobillə birlikdə qəfil sürətlənir. Şəxs sürətlənməkdə olan avtomobili ilə qarşısında hər hansı maneə olmadığı təqdirdə digər nəqliyyat vasitəsinin hərəkətdə olduğu zolağa təhlükəli manevrlər edir. Bir az irəlilədikdən sonra yol ayrıcında, avtomobillərin sıx hərəkətdə olduğu yerdə qəfil sağa manevr etməklə öz təhlükəli hərəkətlərinə davam edir. Göründüyü kimi Şəxs təhlükəli manevrləri davamlı olmuş, o, bu hərəkətlər ilə ictimai qayda və əhalinin dincliyi nümayişkaranə şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Təqdim olunmuş videogörüntünün YPX əməkdaşı tərəfindən xidmətdən kənar vaxtda qeydə alınmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin xüsusat inzibati xəta qanunvericiliyinin tələblərinə zidd deyil. Belə ki, İXM-in 99-cu maddəsində inzibati xəta haqqında iş üzrə icaata başlanması səbəblərindən biri də fiziki şəxs tərəfindən təqdim edilən məlumatlardır. Hazırkı iş üzrə YPX inspektorunun xidmətdən kənar vaxtı qarşılaşdığı inzibati xəta hadisəsi ilə bağlı aidiyyəti olaraq məlumat verməsi, fiziki şəxs tərəfindən təqdim edilən məlumat olaraq qiymətləndirilməlidir. Bununla da, düzgün olaraq həmin məlumat əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bundan başqa iş materiallarından görünür ki, məhkəməyədək inzibati xəta haqqında iş üzrə icraat zamanı YPX əməkdaşı tərəfindən “nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma” icraatın təmin edilməsi tədbiri tətbiq edilmişdir. Həmin tədbirin tətbiqi inzibati xəta qanunvericiliyinin tələblərinə zidd olsa da, Şəxs inzibati məsuliyyətdən azad olunması əsası deyil. Belə ki, iş materiallarında mövcud olan sübutlar həmin icraatın təmin edilməsi tədbirindən əvvəl toplanmışdır. Həmçinin, inzibati xəta haqqında protokolun məzmununda hadisənin baş vermə tarixinin xx.xx.2026-ci qeyd olunmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin ziddiyyət məhkəmə iclası zamanı araşdırılmış, tərəflərin izahatına əsasən hadisənin xx.xx.2026-cı il tarixinə aid olması öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs aşkar surətdə iki mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirməsi iş materialları, kifayət qədər sübuta yetirilərək öz təsdiqini tapır. Buna görə də, Şəxs İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respulikasının İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 511.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməli və İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməldir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilməmə əsası ilə xitam verilsin. Şəxs İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-273/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-273/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver